10 İyun Hədəf Kurslarına Müəllim qəbulu imtahanı keçirildi

2018-2019-cu tədris ili üçün dərsin daha da keyfiyyətli keçirilməsi, yeni və daha peşəkar müəllimlərin tədrisə cəlb edilməsi məqsədilə 10 iyun tarixində Hədəf Kursları tərəfindən müəllim qəbulu imtahanı keçirildi. Qəbul imtahanı Azərbaycan və rus bölməsi olmaqla bütün ixtisas fənləri, həmçinin kurikulum, informatika və məntiq fənləri üzrə aparılırdı. İmtahanda 1600-dən artıq müəllim üç imtahan binasında – Hədəf Liseyi, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının Əhmədli filialı olmaqla biliyini yoxladı.

Qeyd edək ki, builki qəbul imtahanında sualların sayı əvvəlki illərdən bir qədər fərqlənirdi. Belə ki, bu il ixtisasdan sualların sayı 25 yox 40 ədəd idi. Ümumilikdə müəllimlər ixtisasdan 40, kurikulumdan 10 sualı cavablandırdılar.

Hədəf İmtahan Mərkəzi müəllim qəbulu imtahanının nəticələrini yoxlayıb təsdiq etdikdən sonra yüksək nəticə əldə etmiş müəllimlər müsabiqənin II mərhələsi üçün Hədəf Kurslarının Baş ofisinə dəvət ediləcəklər. Xatırladaq ki, II mərhələdə müəllimlərin daha çox dərs keçmə bacarıqları yoxlanılacaq.

Hədəf Kurslarına müəllim qəbulunun nəticələri tezliklə elan olunacaq. Hər bir imtahan verən müəllim, nəticəsini imtahana buraxılış vərəqi aldığı filialdan əldə edə bilər. Qəbul imtahanının II mərhələsinə keçmək şansı əldə etmiş müəllimlərlə Hədəf Kursları tərəfindən əlaqə saxlanılacaqdır.

Hədəf Kursları olaraq, imtahan verən bütün müəllimlərə uğurlar arzulayırıq.