11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirilmişdir

05 dekabr 2021-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Fənlərin Dostluğu Olimpiadası” keçirilmişdir.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il XI buraxılışı düzənlənən “Fənlərin Dostluğu Olimpiadası” layihəsinin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

İdeya müəllifi f.ü.f.d., dosent, Şəmil Sadiq olan Olimpiadanın builki buraxılışında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı  Respublikamızın 15 şəhər və rayonlarını təmsil edən təqribən 2000 (iki min) şagird öz biliyini sınamışdır. Karantin qaydalarına uyğun təşkil olunan Olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan binasında keçirilmişdir.

Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri arasında təşkil olunan Olimpiadada iştirakçılar  2 saat müddətində 50 sualı cavablandırmışdır.

1 həftə sonra Olimpiadanın nəticələri layihənin rəsmi elektron ünvanı olan  www.inteqrasiya.az saytında təqdim olunacaqdır. Dekabr ayının sonuncu 10 günlüyündə FDO-11 qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.

Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Fənlərin Dostluğu Olimpiadası” XI buraxılışı Azərbaycan Texniki Universiteti,  Hədəf STEAM Liseyi və  Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilir.