Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - TQDK - “Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub

“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub

“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub

27.02.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 1-ci sayında 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna aid rəsmi və metodiki materialları təqdim edib. Hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu materiallarla diqqətlə tanış olub öz fəaliyyətini bunların tələblərinə uyğun qurmalıdır.

Jurnalda aşağıdakı materiallar əksini tapmışdır:
 2015/2016 – cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları
 Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları
 Hərbi liseylərə qəbul imtahanı proqramları
 Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri
 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları
 “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları
 Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası

 Qəbul qaydaları - Qəbul qaydaları təməl statuslu hüquqi–normativ aktdır. Burada qəbul kampaniyasının bütün mərhələlərini və tərəflərini (ərizə qəbulu; ixtisas qrupları, ixtisasların qruplar üzrə siyahısı; qəbul imtahanı, hər ixtisas qrupunun imtahan fənləri bloku, bunların üstünlük dərəcəsi; ixtisas seçimi; müsabiqə şərtləri; qabiliyyət imtahanları; xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul; abituriyentlərin hüquq və vəzifələri və s.) müəyyən edən başlıca müddəalar və tənzimləyici normalar təsbit olunub. Qəbul qaydalarında bir neçə mühüm yenilik də əksini tapıb. Bu yeniliklər qəbul qaydalarının daha da liberal¬laşdırılması istiqamətində irəliyə doğru atılmış çox önəmli addımlardır. Bunlar gənclərin ixtisas seçmə, müsabiqədə iştirak etmə və bütövlükdə təhsillərini davam etdirmə imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə təminat yaradır. Bu qaydaları bilmək hər bir abituriyentə düzgün istiqamət götürməyə, qəbula hazırlıq işini səmərəli qurmağa, ağıllı ixtisas seçimi aparmağa kömək edəcəkdir.

 Qəbul proqramları – Bu bölmədə ali təhsil müəssisələrinə və hərbi liseylərə imtahan fənləri üzrə qəbul proqramları təqdim edilir. Hər bir fənn üzrə qəbul proqramında öyrənilməsi zəruri olan tədris materiallarının mövzu dairəsi, həcmi, ardıcıllığı, sistemi, ədəbiyyat siyahısı və s. əks olunur. Qəbul proqramları ümumtəhsil məktəblərinin tədris proqramları və müvafiq dərslikləri əsasında hazırlanıb. Bununla belə, məktəb proqramlarından fərqli olaraq qəbul proqramlarında aşağı siniflərdə keçilən bazis mövzular yuxarı siniflərdə tədris olunan müvafiq mövzularla üzvi surətdə birləşdirilərək vahid sistem halında verilib.

 Test tapşırığı nümunələri – Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər. Jurnalda həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilib.
 Fənlər üzrə açıq tipli test nümunələri – Komissiya test bloklarında abituriyentlərin nəzəri bilikləri tətbiqetmə bacarıqlarını, hadisə və proseslərin mahiyyətini dərk etmək, məntiqi düşünmək, səbəb-nəticə əlaqələrini tapmaq, ümumiləşdirmələr aparmaq kimi qabiliyyətlərini qiymətləndirməyə imkan verən test tapşırıqlarına daha çox üstünlük verir. Elə bu məqsədlə də bu il hər ixtisas qrupunda 3-cü bir fəndən açıq tipli test tapşırıqlarından istifadə olunması nəzərdə tutulur. Belə ki, I ixtisas qrupunda – riyaziyyat, fizika, kimya; II ixtisas qrupunda – riyaziyyat, coğrafiya, ana dili; III ixtisas qrupunda – riyaziyyat, tarix, ana dili; IV ixtisas qrupunda – riyaziyyat, kimya, biologiya fənlərinin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 4-ü açıq tipli olacaq. Digər tərəfdən uyğunluğu müəyyənetmə formalı açıq testlərin sayının 1 ədəd azaldılması nəzərdə tutulur.
 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları - Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Daxili Qoşunların Ali Hərbi Məktəbinə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunmuşdur.
 “Soruşun cavab verək” - TQDK-ya mütəmadi olaraq ictimaiyyətin müxtəlif təbəqələrdən çoxlu sayda sual, məktub və müraciətlər daxil olur. Jurnalın bu rubrikasında oxucuların TQDK-ya ünvanladığı ən səciyyəvi sorğu və müraciətinə Komissiyanın mütəxəssisləri tərəfindən hazırlanmış cavablar təqdim edilib. Bu material da qəbulla bağlı gəncləri maraqlandıran bir çox məqamlara aydınlıq gətirəcək.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx