Buradasınız: Ana səhifə - Ümumi - Alim yetişdirmək adam yetişdirməkdən çox asandır

Alim yetişdirmək adam yetişdirməkdən çox asandır

Kurikulum layihəsi 2006-cı ildən təsdiqlənsə də, bu ifadə ortaya gələn gündən elə bil ögey uşaq oldu. Mahiyyətinə vara bilməyənlər sadəcə “Kurrikulum” (Əvvəllər dilimizdə bu cür işlədilirdi, sonradan bir az da sadələşdirib “kurikulum” kimi yazıldı) ifadəsinin “r”sından tutaraq ta bütün MDB-ni, Avropanı, Amerikanı belə gəzdilər. Bu layihənin nə demək olduğunu araşdırmaq, onun tələblərinin nə olduğunu bilmək əvəzinə bütün ictimaiyyət bu sözün niyə dilimizə gətirildiyi davasını apardı. Üstündən 6 il keçsə də, hələ indi-indi bəzi müəllim və mütəxəssislər bilir ki, sən demə, bu elə tədris proqramı, tədris planı və sairədir.
Nəinki respublika ictimaiyyəti, hətta bu işin birbaşa icraçıları (müəllimlər) bu yeni təlim üsüllarını tövsiyə edən “bəyənilməyən gəlinin” (bəyənilməyən gəlinin yerişi adama xoş gəlməz) artıq 5-ci sinif şagirdlərinə tədris edildiyinin fərqinə varsaq, deməli, kim nə deyir-desin, bu layihə ayaq tutub, yeriyir deməkdir. Dünya bankının dəstəyi ilə həyata keçirilən bu layihənin bütün köhnə ənənələri darmadağın edib yenidən qurulmasını düşünənlər yanlış düşündüklərinə bu işi öyrənəndən sonra bir daha əmin oldular. Çünki millətini, vətənini sevən və alim yox, vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyan istənilən vicdanlı müəllim dərsini yeni təlim metodları üsullarında qurmağa çalışır və bilmədiklərini araşdırıb öyrənir. Dünyanın qabaqcıl müəllimlərinin metodikalarından yararlanırlar.
Kurikulum olmasa belə. Amma bir qrup beynini yumruq kimi yumub, oxumağı, araşdırmağı çoxdan unudan müəllim yoldaşlarımız məsələnin həlli yolunu “Sovet təhsilinə nə olmuşdu ki, bəyəm bugünkü alimlərimizi yetişdirən həmin təhsil deyildir?”- deyərək həll edirlər. Sual edəndə ki, ay müəllim, sən bu təklif edilən layihə haqqında nəsə oxumusanmı, cavab “heç lazım da deyil” olur.
Etiraf edək ki, müəllimlərimizin əksəriyyəti özünə əziyyət vermədən bu işin baş tutmayacağına ürəkdən inanır, “kimlərəsə pul mənbəyi üçün lazım idi”- deyərək bunu ironiya ilə qarşılayırlar. Bunun səbəbini bir neçə istiqamətdə axtarmaq olar. Birincisi, uzun illər  tutuquşu kimi əzbərlədiyi dərslərin əvəzində yenisini öyrənmək xofu; ikincisi, repetitorluqda “bazarı” tutan və dəyişəcək testologiyaya uyğunlaşınca, ortalığa yeni repetitorların çıxacağı qorxusu. Hər iki istiqamətin tərəfdarları da yetərincədir. Azərbaycan dilinin qrammatikasını bir dəfə öyrənib, 30 il, 40 il dərs deməyə nə var ki? Və ya düşünməz başlara hər hansı bir şeiri qolunu- qabırğasını qıra-qıra ucadan, pafosla səsləndirib ədəbiyyat müəllimi olmağa nə var ki?
Müzakirədən, mübahisədən,  debatdan, qaynar sinifdən, işgüzar səs-küydənsə, müəllimin dediklərini və ya kitabda yazılanları oxuyub sabah da gəlib lövhənin qarşısında duraraq danışan və ya müəllimin tapşırığı ilə gəlib mənasını dərk etmədən şeir deyən şagirdlərin olduğu sinif daha yaxşıdır. Müəllimin də bu ərəfədə öz kreslosunda oturaraq səsi gözəl, sözə baxan, əli əl üstə oturan şagirdi heç bir standart olmadan, keyfinə görə qiymətləndirməsindən asan nə ola bilər ki? Deməli, birinci qrup müəllimlər bu layihənin həyata keçməsini niyə istəsinlər ki?
İkinci qrup müəllimlər uzun illərdir ki, “bunker” müəllim və ya repetitor müəllim  olaraq həyat tərzini bu yolla düzənə qoyanlardır. İyirmi ildir ki, TQDK-nın test bankına yetərincə test verərək və həmin testləri bir mənbə kimi özündə saxlayıb şagirdlərinə il sonunda pulla işlədən, təsadüfən bankın fırlanması zamanı onların yazdığı bir testin qəbul imtahanına düşməsindən  TQDK-nın da adına ləkə yaxaraq “bu testi mən özüm bilərəkdən salmışam”- deyib bunkerin işindən xəbəri olmayan valideynləri açıqca soyan bir qisim müəllimlər bu sistemin dəyişməsini niyə istəsinlər? Bir də ki, yeni təlim metodlarına görə bütün banklar dəyişməlidir axı. Yenidən oturub baş sındıraraq yeni, düşündürücü, məntiqi, təfəkkürün inkişafına xidmət edən testlər yazmaq və ya onları həll etmək o qədər də asan deyil axı.
Dərs dediyim, tez-tez görüşüb müzakirə apardığım müəllimlərin əksəriyyəti, adətən, məntiqi testlərin şagirdlərə ağır gəldiyini söyləyirlər. Səbəb kimi də məktəbdə məntiq dərsinin keçirilməməsini göstərirlər. Qəribi elə burda ağlamaq tutur. Hər bir elmin, fənnin öz məntiqi olduğunu bilməyən bu “müəllim” şagirddən dəfələrlə geridə qaldığını bir daha sübut edir. Hətta dəfələrlə özləri də sübut edib ki, məntiqi testləri şagirdlər bizdən daha tez tapırlar. Deməli, bu gündən geridə qalmış keçmişin adamlarının gələcəyə nəsə öyrətməsi çox şübhəlidir.
Mən bu kurikulum layihəsinin Azərbaycan dili üzrə milli məsləhətçisi kimi bir neçə il işləmişəm. Sonda özüm üçün bunu dərk etmişəm ki, şagirdi məktəbdən alim kimi yox, adam kimi cəmiyyətə yola salmaq lazımdır. Bunun da yolu düşünən, anlayan, dinləməyi bacaran, öz haqqını tələb edən, vəzifəsini bilən, inandırmağı, inanmağı bacaran, düşündürən, özünü təqdim edə bilən bir vətəndaş kimi yetişdirmək lazımdır. Bu gün Azərbaycan dili dərslərimizdə universitetlərdə öyrədilməyəcək səviyyədə dilçilik, ədəbiyyat dərslərimizdə isə ədəbiyyat öyrədirik. Nəzəri bilikləri şagirdlərimizə əzbərlətdirir, hər hansı bir universitetə qəbul olmasını nəticə hesab edirik. Axı atalarımız yaxşı deyib ki, alim olmaq asandır, adam olmaq çətin.
Şəxsən mən övladımın bütün elmlərə yiyələnərək ensiklopedik bir şəxs olub, ac-yalavac yaşamasını heç vaxt istəməzdim. Əgər bu alim bildiklərini təqdim edə, cəmiyyəti öz fikirlərinə inandıra bilmirsə, bu öyrəndiklərini müsbət istiqamətdə həyata keçirə, cəmiyyət üçün nəyin pis, nəyin yaxşı olduğunu anlaya bilmirsə, onda el arasında deyirlər ki, oxuduqların başına dəysin.
Adətən, mühazirələrimdə qrammatikanın birmənalı tərəfdarlarına belə bir sual verirəm: Oğlunuz, sevgiliniz, yoldaşınız, qızınız və ya hər hansı bir əziziniz uzun müddət sizdən uzaqda olarsa və sizə bir məktub yazarsa, o zaman həmin məktubun məzmunu, mənası sizi çox maraqlandırır, yoxsa ki, “ki”dən sonra vergül qoymaması, “məhəbbət” sözünü “məhəpbət” kimi yazması? Əlbəttə ki, heç kim orda hər hansı bir hərf səhvi axtarmır, məktubda yazılanları gözünə soxur, ürəyinin başına qoyur, göz yaşlarının kağızı islatmaması üçün onu qoruyur. İstər yazı, istərsə də şifahi nitq, insanlar arasında sadəcə bir ünsiyyət vasitəsidir. Qrammatik qaydalar isə bu ünsiyyət vasitəsinin daha düzgün, daha səliqəli olması üçün sadəcə bir vasitədir.
Hörmət etdiyim alimlərimizdən biri yeni 5-ci sinif dərsliyini əlinə alaraq deyir ki, bu boyda kitabda (208 səhifə) qrammatik qaydaları, tərifləri bir yerə toplasan, cəmi 6 səhifə edər. Bunun faciə kimi təqdim edilməsinin özü bir faciədir. Əgər Mübariz İbrahimov kimi qəhrəmanı olan xalqın istənilən bir övladı onun haqqında bir-iki kəlmə söz deyəndə gözlər yaşarmırsa, tüklər biz-biz olmursa, Vətənin keşiyində – səngərdə duran bir əsgər ona uzadılan mikrofona “atama salam, anama salam deyirəm”- deyib, ona baxan milyonlarla insanda mübarizə ruhu yarada bilmirsə, ordumuzun gücünü göstərəcək inam yarada bilmirsə, erməninin hər hansı bir saytdakı videosunun altında intellektual cavab yazmaqdansa, onu təhqiramiz söyüşlərlə söyürsə, sosial şəbəkələrdəki müzakirələrdə yersiz və ədəbdən kənar ifadələrlə çıxış edirsə, özünün haqlı olduğunu sübut edə bilmirsə, onda biz Azərbaycan dilini niyə öyrədirik? Axı unutmamalıyıq ki, Azərbaycan dili dərsliklərinin üstündə Azərbaycan dilinin qrammatikası yazılmayıb.
Qrammatikanı əzbər bilib, düzgün və səlis danışa bilmirsə, tarixi faktları əzbərləyib, millətinin hüqunu müdafiə edə bilmirsə, biologiyadan beş alıb, bir dostunun qolu çıxdığı zaman ona ilk tibbi yardım göstərməyi bacarmırsa, fizikanın düsturlarını, təriflərini bilib, bir məftili bir-birinə bağlaya bilmirsə, riyazi düsturu bilib, ailə büdcəsini öyrənmirsə, bütün şair və yazıçılarımızın həyat və yaradıcılığını öyrənən, amma yeri gəldikdə ədəbi nümunədən misal gətirərək fikrini sübut edə bilməyən bu insan ölkəyə necə yaxşı vətəndaş olacaq? Məncə, olmaz. Olsa-olsa vətənin daşı ola bilər.
Dərslərimin birində bir müəllim Azərbaycan dili dərsliyini tənqid edərək deyir: Dərslikdə bir mətndə yazılıb ki, “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının qabağında bitər” atalar sözünün mənşəyi belədir: “İlanın zəhləsi yarbuzdan gedər, o da gəlib yuvasın qabağında bitər”. Əslində “yarpız” yox, “yarbuz” olmalıdır. Çünki quraqlıqda yaşayan ilanla, sulu yerdə bitən yarpız arasında heç bir əlaqə yoxdur. “Yarbuz” bir heyvan, “bitmək” isə “dikilmək” mənasındadır. Bunu əlində əsas tutan “müəllim ” deyir ki, bəyəm indi biz bundan sonra uşaqlara deyəcəyik ki, atalar sözünü belə deyin? Bu nə biabırçılıqdı? Müəllimə “su kiçiyin, yol böyüyün” yox, “suç kiçiyin, yol ulunun” olmalıdır deyib fikrimi izah etmək istəyirəm ki, sözümü kəsib deyir: onda bunu televiziyadan elan eləsinlər, qoy hamı bilsin də. Yoxsa ki uşaqların başını niyə xarab edirik?
Bunu deyən müəllim yeni təlim metodunun nə olduğunu hardan biləcək, yeni dünyanın dəyişdiyini qəbul etmək istəməyən müəllim, məncə, gələcəyi quracaq gəncliyə heç nə öyrədə bilməz. Dövlətin bu qədər vəsait ayırıb vətəndaşını çağdaş tələblərlə ayaqlaşdırmaq istəyini dərk etməyən, onu boş şey kimi qələmə verən, məncə, müəllim ola bilməz və buna iddia etməsinə də haqqı yoxdur. Şahidi olduğum valideyn iclaslarının birində müəllim yeni dərsliyi əlinə alıb: “Əziz valideynlər, bu ildən dərslərimiz kurikulumdur, nədir, bilmirəm, onunla keçiriləcək. Məndən soruşsanız, bu, boş şeydir. İndi bizə deyirlər ki, gündəlik yığışılacaq.
Bəs mən bu qiymətləri hara yazım? Siz istəmirsinizmi, uşaqlarınız savadlı olsun? Sizə nə var, mən onlara istədiyim kimi öyrədəcəm, direktordan gizlincə gündəliklərinizə də qiymət yazacağam. Yox, əgər istəmirsinizsə, mən onlar dediyi kimi edim?”
Müəllimin dövlətin dəstəklədiyi layihəni bu cür təqdim etməsindən sonra müəllimə ilahi qüvvə kimi baxan, yeni təlimin nə istədiyini bilməyən valideynlər isə cavab verir: “Yox, ay müəllim, siz necə istəyirsiniz, elə də edin”. Kurikulumdan xəbəri olan bir valideyn də əl qaldırıb, yeni təlimin tələblərindən birinin “müəllim hər həftə valideynə qiymət əvəzinə, hesabat verməli olduğunu” demək istəyəndə müəllim: “Bax görürsünüz? Ta özünüz bilərsiniz deyir”.
Bu dəm bütün valideynlər kurikulumdan xəbəri olan valideynə tərəf dönüb: “Köhnə hamama təzə tas qoymayın”- deyirlər. Amma düşünmürlər ki, bütün hamam dəyişibsə, “kombisi”, “caqquzisi” olan hamama köhnə tas yaramaz. Beləcə, valideynin gözündə dövlət də, millət də, təhsil də bir köpüklük olub gedir. Müəllim getdiyi və ya adını yazdırıb müxtəlif yollarla yayındığı yeni kursların, o kurslara dövlətin çəkdiyi xərcin haqqını tapdalayır, “caqquzisi” olan bir hamamda köhnə tasla çimir. Bu lap İbrahimxəlil Kimyagərin “ay camaat, istəyirsizin ki, misləriniz qızıla dönsün, onda ağlınızdan meymun keçirməyin” fikrinə oxşayır.
Kurikulumun yaxşı bir şey olduğunu birtəhər inandırdıqda, müəllimlərin son sözü belə olur: “Müəllimə verilən əmək haqqı ilə, istənilən tələblər ayaqlaşmır”. Düzdür, bu haqlı sözün cavabını verə bilmirəm. Amma mənim düşüncəmə görə, müəllimin dərsinin keyfiyyəti veriləcək məbləğlə heç vaxt dəyişməməlidir. Əgər müəllimsənsə, bu adı şərəflə daşı, fədakarlığını maddiyyata görə hesablama. Çünki sənin yetişdirdiyin əsl vətəndaş, sözün əsl mənasında adam, gələcəkdə nəinki sənə, bütün millətinə qiyməti ölçülə bilməyəcək başucalığı gətirə bilər.
Gələcəyə vətəndaş kimi yetişdirmək istədiyimiz balalarımız düşünməli, düşündürməli, yer gələndə haqqa inanmalı, haqqı inandırmağı bacarmalı, həyatda ayaq üstə durmağın düzgün yollarını anlamalı, böyüyə, kiçiyə hörmət etməyi dərk etməlidir. Əziz müəllimlər, hamımız qəbul edərik ki, vicdanlı, əqidəli, şərəfli, əxlaqlı insanların heç birini məktəbdə öyrədilən nə qrammatika, ədəbiyyat tarixi, nə də ədəbiyyat nəzəriyyəsi yetişdirib. Onları yetişdirən həyat məktəbidir, el tərbiyəsidir, ağıllı böyüyün məsləhətidir, oxuduğu bədii əsərlərin, eşitdiyi şifahi xalq ədəbi nümunələrinin ideyasından çıxardığı nəticədir. Bəzən bir-birimizə təhqir kimi səsləndirdiyimiz “çoban” peşəsinin nümayəndələri bir akademikdən daha yararlı, ağıllı, bacarıqlı, əxlaqlı adamlar kimi bəşəriyyətdə mövqe tuta bilərlər.
Kurikulum olmadan da, cəmiyyətə yaralı insanlar yetişdirmək mümkündür. Bu cür əlləri öpüləsi müəllimlərimiz az olmayıb və indi də az deyil. Amma bu tip müəllimlərin sayı müəllim ordusuna baxdıqda çox azdır. Yeni təlim metodlarını öyrənib onun yaxşı tərəflərini əldə əsas tutmaq pis bir şey deyil. Sadəcə, bir az zəhmət çəkmiş olacağıq. Şagirdi elə böyütməliyik ki, məktəbdə paltarımızın ətəyinin toza batdığını görüb onu təmizləməyi müəllimə deməkdən həya edən şagirdlər, müəllimin qiymət zopasından qorxaraq yalan danışan, içində çırpınan həqiqəti deməkdən çəkinən, müəllimin xoşuna gəlmək üçün vətən mövzusunda yazılacaq inşanı hardansa köçürüb təhvil verən şagirdlər, iki alıb sinifdə qalmaq qorxusundan məktəbdən yayınıb bara, tinlərə, oyun zallarına yığışan, müəllimə və məktəbə nifrətlə böyüyən şagirdlər, sifətin tərifini bilib əlaməti keyfiyyətdən ayıra bilməyən şagirdlər, “Mənim tanrım gözəllikdir, sevgidir” misrasını dinə təhqir hesab edib şeiri öyrənməkdən vaz keçən şagirdlər, oxumaqdan kor olan, yazısında heç bir səhvə yol verməyən şagirdlər dönüb səmimiyyətlə üstümüzü təmizləməyə cəhd edən dostlarımız, həqiqəti deyib haqqını tələb edən insan, ürəyindən keçən arzusunu çəkinmədən dilə gətirib xarakterini açan, insanları sevməyi və özünü sevdirməyi, ağı qaradan seçməyi bacaran, təbiətdəki gözəllikləri görüb tanrının qayəsinin sevgi olduğunu dərk edən açıqfikirli, intellektli, cəmiyyətlə sıx təmasda olan, özünə qapılmayan bir şəxsiyyət olsunlar.
Bu yazının hər hansı bir proqramın, layihənin, dərsliyin ideallaşdırmasına xidmət etdiyinə, ümid edirəm ki, heç kim inanmaz. Əlbəttə ki, dərsliklərimiz də, proqramlarımız da qüsurdan və xətadan xali deyillər. Aparılan müzakirələr, yanaşmalar pozitiv olarsa, əldə olanlardan daha yaxşılarına sahib ola bilərik. Ən azından bu il tenderdən keçməyən dərslik müəlliflərindən biri də mənəm. Amma bugünkü sinfin nə istədiyini bilib, o tələblərə cavab vermək istəməyən və bu yolda zərrə qədər də iş görməyən, hər şeyə birtərəfli baxan bəzi müəllimlərimiz bu haqda düşünməlidirlər.
Bunun adını kurikulum yox, nə qoyursunuz qoyun. Amma bugünkü dünya başqa şey istəyir. Seyrə balonlarla çıxan camaat sadəcə zəkanın hesabına əldə edib bu mərtəbəni. Biz hələ də hər şeyə qulp qoyur, istiqamətdən yayınırıq. Necə ki, biz Quranı oxuyub hələ də ağladığımızda, onu oxuyan “kafir” ordakı elmi fikri əsas tutaraq elmi ixtiralar edir, eləcə də müəllimlərimizin bir qismi Yusif Sərracı bəyənməyən kütlə kimidir. Düzgün vətəndaş yetişdirib heç olmasa övladlarının gələcək taleyinə yardım etmək istəmirlər.
İ.Kant:  ,,Məndən hazır düşüncələri deyil, düşünməyi öyrənəcəksiniz”
B.Məmmədov: Mənə oxuduğum kitabların  ən gözəlinin  hansı olduğunu soruşsanız,  ”müəllimim” deyərdim.
M.Fon:  ”Təhsil-öyrənilənlərin hamısı unudulduqdan sonra yadda qalanlardır”
f.ü.f.d., dos. Şəmil Sadiq
Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx