“Azərbaycan Universitetləri tanıtımı-2” adlı layihə həyata keçiriləcəkdir

23 iyun 2018-ci il tarixdə Hədəf Liseyi sərgi zalında Hədəf Kursları və Hedef Globalın təşkilatçılığı ilə  Azərbaycan Universitetlərinin sərgisi keçiriləcəkdir.

Layihəni  keçirməkdə məqsəd  Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaqdır.

Hər tədris ilinin sonunda abituriyentlər universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəb abituriyentlərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblər,  xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır.  Layihəni həyata keçirməkdə əsas məqsədimiz abituriyentlərlə universitet nümayəndələrinin görüşünü təşkil etməkdir. Həmin görüş zamanı ali məktəblərin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat verəcək,  abituriyentlər onları maraqlandıran sualların cavabını ala biləcəklər.

İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlana biləcəklər.

Bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, bütün Azərbaycan Universitetlərinin iştirakı ilə təşkil olunan  tanıtım sərgisi hələki ölkəmizdə keçirilməyib. “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə  ilk hesab edə bilərik. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsini  xarici ölkələrdə  də təşkil etmək planlaşdırılır.