Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulu başlanır

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulu başlanır

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edir. Ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.

“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər; 
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qızabituriyentlər; 
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qızabituriyentlər; 
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qızabituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin abituriyentlər ərizələrinin təsdiqini aprelin 7-dən aprelin 30-dək təmin edirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.
 
Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər. 

Qabiliyyət imtahanı
I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qeyd: Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 2-ci sayında təqdim olunub. 

Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~wlxKl

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx