Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Bakı ətrafında ilk kitab yarmarkası keçirildi

Bakı ətrafında ilk kitab yarmarkası keçirildi

Mərdəkan Mədəniyyət Sarayının qarşısında keçirilən kitab sərgisi yüzlərlə sakini özünə çəkdi

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Hədəf Nəşrlərinin birgə həyata keçirdiyi  “Səyyar kitab” layihəsi çərçivəsində ilk sərgi-yarmarka baş tutub.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, mart ayının 10-da Mərdəkan Mədəniyyət Sarayının qarşısında təşkil olunmuş kitab sərgisinə yüzlərlə qəsəbə sakini iştirak edib. Səhər saat 11-dən axşam 18-ə qədər davam edən tədbir sakinlərin kitabçılıq sahəsində olan yeniliklərdən xəbərdar etmək və müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirmək məqsədi daşıyıb. Sərgi yarmarkaya böyük maraq göstərən Mərdəkan sakinləri bu layihəylə bağlı öz fikir və təkliflərini təşkilatçılarla bölüşüblər. Onlar bildiriblər ki, belə tədbirlərin keçirilməsinə çoxdan ehtiyac var idi.

Layihə rəhbəri Müşfiq XAN qeyd edib ki, indiyədək ərzaq yarmarkalarına öyrəşmiş vətəndaşlar üçün kitab-sərgi yarmarkasının keçirilməsi yenidir: “Ona görə də, layihənin əvvəlində insanların diqqəti və marağı az ola bilər, amma  ilk sərginin nəticələrindən razıyıq. Və sərgilərimizdəki kitab çeşidlərinin zənginləşdirilməsi və təbliğat işinin daha da yüksək səviyyədə təşkili ilə bağlı özümüz üçün qeydlər götürmüşük. Növbəti sərgilərdə digər təşkilatlarla da əməkdaşlığa hazırıq”.

[youtube width="600" height="400"]http://www.youtube.com/watch?v=Hgkf1CUxjsk[/youtube]

Layihə hər həftəsonu bir mədəniyyət müəssisəsinin qarşısında keçiriləcək və tələbatın yüksək olduğu yerlərdə sərgilərin müəyyən bir vaxtdan sonra təkrar keçirilməsi də nəzərdə tutulub.

Mindən çox adda müxtəlif kitabların qatıldığı sərgidə öz məhsulları ilə iştirak etmək istəyən şəxslər və ya təşkilatlar “kitabevim.az” saytı vasitəsi ilə əlaqə saxlaya və sərgilər barədə ətraflı məlumat ala bilərlər. Sərgilərin növbəti məntəqələri barədə yaxın günlərdə  məlumat veriləcək.

 Hədəf Nəşrləri mətbuat xidməti

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx