Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Beynəlxalq Qadınlar Gününüz Mübarək!

Beynəlxalq Qadınlar Gününüz Mübarək!

Bütün xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Mən bir qadına aşiqəm…

Onun sədaqətinə, onun mətanətinə, onun mərhəmətinə heyranam, ona vurğunam. O elə bir qadındır ki, bütün dünyanı, kişili-qadınlı heyrətə gətirir öz vəfası ilə. 
O elə bir qadındır ki, Qanturalının (Dədə Qorqud Dastanı) dili ilə desək, mən durmamış o durur, mən vurmamış o vurur, mən varmamış vararar, mən düşmən başını kəsməmiş o kəsər.
O elə bir qadındır ki, Dəli Domrulun qadını kimi, atanın-ananın görə bilmədiyi işi- canını belə ərinə qurban verə bilər.
O elə bir qadındır ki, Qazan Xanın arvadı, Uruzun anası Burla Xatun kimi Ərinin, oğlunun köməyinə çatmaq üçün at minər, silah qurşanar.
O elə bir qadındır ki, yer gələndə erkəyini-həyat yoldaşını seçmək üçün Banunuçiçək kimi at qovar, ox atar, qurşaq tutar.
O elə bir qadındır ki, Əhməd Cavadın Şükriyyəsi kimi yer gələndə, nəinki can yoldaşının eşqinə bütün var-dövlətini, hətta Sovet imperiyasının “Cavad təxəllüsündən vaz keç, sən və övladların rahat yaşayın” fikrinə “Mən Cavaddan ötrü atamı, anamı, var dövlətimi atdım, deyirsiz indi bu küçüklərə görə ondan vaz keçim? Bu mümkün deyil!” Deməyi bacarar.
O elə bir qadındır ki, İki türk dövlətini Sara Xatun kimi sülhə gətirər, barışı sağlar.
O elə bir qadındır ki, Heç vaxt qara örtük altında ay üzünü gizlətməz, həqiqətin üzünə dik baxar, iradəsinin gücündən şübhə etməz, Gök Tanrısına sığınar!
O elə bir qadındır ki, Şah İsmayılın qadını kimi onu meydanda tək buraxmaz!
O elə bir qadındır ki, namus və qeyrətini atası, qardaşı, əri üçün deyil, şəxsən özü üçün qoruyar!
O elə bir qadındır ki, heç vaxt şərq qadını kimi, əzilməyi, alçaldılmağı, qovulmağı qəbul etməz, istəniləməyn yerdən öz arzusu ilə gedər, Qisasını Tomris kimi alar.
O bir qadındır ki, Elinin adət və ənənəsinə Şirin kmi hörmət edər, baş əyər,özü böyük bir güc olmasına baxmayaraq!
O elə bir qadındır ki, Turan xanım kimi atasının (Hüseyn Cavi din) ruhuna daima sadiq qalar, öz xoşbəxtliyini haqqa qruban verə bilər!
O elə bir qadındır ki, Selma ana kimi qanın əleyhinə olaraq, humanizm və barış üçün oğlunun qatilini gizlətməyi bacarar!
O elə bir qadındır ki, öz oğlunu vətən yolunda qurban deyib alnına xına yaxa bilər!
O elə bir qadındır ki, qardaş qırğınının qarşısını almaq üçün öz yaylığını ayaqlar altına atar və bunu dayandıra bilər!
O elə bir qadındır ki, onun haqqı Tanrı haqqına bərabər tutular!
O mənim qıyıq qartal baxışlı xalqımın övladıdır! O gözəldir, o safdır, o həyat dolu şən baxışlıdır, o əsrarəngizdir, o ətəklərini dalğalar yuyan qayalar kimi məğrur, ən zəif yad nəfəs üçün lalə kimi zərifdir.
Mən ona aşiqəm! Mən ona sevdalıyam! Mən ona tutqunam! 
O bir Türk qadınıdır!

Müəllif: Şəmil Sadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx