Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Olimpiada keçiriləcəkdir

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il XI buraxılışı düzənlənən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

05 dekabr 2021-cı il tarixində baş tutacaq “Fənlərin Dostluğu Olimpiadası”nın builki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində və Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında təşkil olunacaqdır. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.

“Fənlərin Dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Olimpiada Azərbaycan Texniki Universiteti,  Hədəf STEAM Liseyi və  Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaqdır.

Olimpiadanın dəstəkçiləri Modika Hospital, Eduhek, SinKod, Hədəf Global, Robotzade  və Kitabevim.az kitab mağazaları şəbəkəsidir.

Layihənin informasiya dəstəkçiləri: azedu.az, Ustad dərgisi, senet.az portalıdır.