Buradasınız: Ana səhifə - Ümumi - Fərqimiz budur

Fərqimiz budur

-Ay qızım, elə yoooox. Elə olmaz ee. Sən elə deməlisən ki, elə bil Xocalı sənin ölmüş bir əzizindir. Onu haraylayırsan, öldüyünü bilə-bilə onu haraylayırsan. Bax belə: Xocalım, aay Xocalııım. Yanğını, dərdini, kədərini göstərirsən. İçdən gəlsin. Özünü Xocalı hadisələrinin şahidi kimi təsəvvür elə. Orda qırılanları, dərisi soyulanları, anasız qalmış balaları, balasız qalmış anaları təsəvvür elə. Hə, bir də pavtor, bir də getdik… Siz də bir az sakit olub, qulaq asın. Siz də belə etsəniz, daha sözüm yoxdur. Nə hırnayırsınız? Sən niyə dişlərini ağardırsan? Olmaz, uşaqlar, olmaz. Mən yaxşı bilirəm, məşq zamanı adam gülər də, əylənər də. Amma indi biz ağır bir faciə üçün tədbir hazırlayırıq. Siz gərək bunu yaşayasınız, bu şəkilləri görəndə ürəyiniz ağrısın, nifrətiniz böyüsün, damarlarınızdakı qanınız coşsun. Alnınızın düyünü açılmasın. Hə getdik… görün məni nə qədər danışdırırsınız?! Qızım, sən yenidən de görüm…
-Kocalım, ay..
-Kocalım yox, Xocalım!
-Xocalım, ay Xocalım!
-Hə, deyəsən, düzəlir. Roma, sən bilirsən də, bu şeir səslənəndə sən qoboy musiqisini fonda səsləndirəcəksən. Oldu?
-Yakşi..
-Sənə olar. Yakşi? Rejissor Azərbaycan dilini yaxşı bilməyən, əslən Belarusiyadan olan oğlana onun dili ilə cavabı özündə olan “yakşi” sualını verdi.
Rejissor əldən-ayaqdan gedirdi. 3-4 şeiri bu uşaqlara əzbərlətdirincə lap dəridən-qabıqdan çıxırdı. Hətta azərbaycanlı uşaqlardan birinin “Xocalı faciəsi neçənci ildə olub?” sualına görə dəliyə döndü. Uşaqlara bir neçə tapşırıq verəndən sonra bizim yanımıza gəlib siqaret istədi. Azərbaycandan kənarda təmənnasız olaraq bu işi boynuna götürmüş rejissor yaman gərgin görünürdü. Hamımız kimi o da millətimizin problemlərindən ağızdolusu danışırdı. Dostları arasında “Laməkan” ləqəbi ilə tanınan bu rejissor tədbirin yaxşı olması üçün hər şeyi edirdi. Ona bu ləqəbi Nəsimiyə olan sevgisinə və azad düşüncə tərzinə görə vermişdilər. Bu ləqəb onun özünün də xoşuna gəlirdi. Dili bilməyən azərbaycanlı uşaqlara nəyin bahasına olursa olsun bu faciəni dərk etdirməyə çalışırdı. Uşaqların bu münasibətini yanğı ilə danışan rejissora bilmirəm, təsəlli üçünmü, yoxsa dəstək üçünmü dayı adı ilə tanıdığım iş adamı bir hadisə danışdı.
-Ay Laməkan, sən nə görmüsən hələ?! Bunlar Azərbaycandan kənarda bu işə girişiblərsə, sağ ol de. Keçən il kəndə gedəndə bütün qohum uşaqlarını yığdım bir yerə ki, himni oxutdurum onlara. Qərifçilikdə adam vətən üçün daha çox od tutuf yanır axı. Mən bizim uşaqların da himnimizi bildiyini göstərmək üçün, həm də bunu özümə fəxr hesab etdiyimdən istəyirdim ki, qohumlar mənim ölkədən kənarda da olsa, uşaqları vətənpərvər böyütdüyümü görsünlər. İnanırsız, bizim uşaqlar himni elə oxudular ki, adamın gözləri yaşardı. Qohumların uşaqlarından fərqli olaraq mənimkilər sağ əlini ürəklərinin başına qoyub, sərt baxışlarla, uca səslə oxudular. Həm də sözləri unutmadan, düzgün oxudular. Bilirsiz, birdən anam nə dedi? Gözünün yaşını silə-silə dedi ki, yazıq balalar, qərifçilikdə qalmaqdan himni də əzbərləyiblər. Arvad elə kövrəldi ki, gəl görəsən! Bax biz belə millətik. Sən nə qoyub, nə axtarırsan?
Rejissor başını yelləyib işinin başına keçdi. Bir neçə tapşırıq da verib uşaqları yola saldı. Uşaqlar yığışınca biz də onları gözlədik. Məşqlər həmin ölkənin mədəniyyət mərkəzlərindən birində keçirilirdi. Uşaqlar çıxandan sonra rejissor da şərfini boynuna dolayıb çıxmağa hazırlaşırdı ki, içəriyə balaca-balaca uşaqlar girdilər. Onlardan sarışın və şən siması olan balaca qız bizim rejissora yaxınlaşıb rus dilində: “əmi, siz ermənisiniz?”- sualını verdi. Biz gülməmək üçün özümüzü çətinliklə də olsa, saxlamışdıq. Bu sualın verilmə səbəbi kimi Laməkanın burnunun yekəliyini bildik. Bu Laməkanın Xudayar bəy kimi yekə burnu vardı. Amma xislətcə, ondan tamamilə fərqlənirdi. Lakin düşüncə tərzinə görə C.Məmmədquluzadəyə bənzəyən bu rejissor özünü toplayıb, sındırmadan, gülümsəyərək dedi: -Yox, əzizim, mən azərbaycanlıyam. Bunu deyəndən sonra uşağın başını sığallayıb, gülərək bizim yanımıza gəldi. Sifətindən oxunurdu ki, elə bil bu gün zaman məni öldürməyə and içib, demək istəyir. Siz allah, uşağın sualına baxdız? Allahın altında bu uşaq yox, bir dığa olardı. Ona bir kəllə vurub başa salardım ki, erməni necə olur. Hayıf… Siqareti icazəsiz olaraq dayının əlindəki qutudan çıxarıb yandırdı. Məşqlərdə çox danışmağı sevən Laməkan, adətən, az amma saz danışardı. Fikirləşirdim ki, bu hadisə ilə də bağlı bir aforizm deyəcək. Buna əmin olaraq, sanki hamımız ondan səslənəcək həmin ifadəni gözləyirdik ki, birdən bayaqkı qızcığaz arxadan onun pencəyini dartmağa başladı. Ona tərəf döndüyü zaman o məsum, şən uşaq mimikasını əksinə dəyişərək hikkəli şəkildə durduğunu gördük.
Qız dedi: -Bilirsən, siz bizim düşmənimizsiniz! Sizin babalarınız bizim günahsız baba, nənələrimizi öldürüb. Anam deyib ki, heç vaxt sənin türk dostun ola bilməz. Onlar həmişə bizə düşmən olacaqlar.
Biz hamımız sözün əsl mənasında donub qalmışdıq. Laməkanın nə deyəcəyi isə daha maraqlı idi. Qız isə sözlərini deyib küsəyən uşaqlara xas olan baxışla ona baxırdı. Laməkan yerə çömbəlib qıza səhv dediyini başa salmağa çalışdı. Sonda isə dedi ki, bala, get evinizdən soruş ki, Xocalıdakı azərbaycanlıları kim öldürüb? Ordakı uşaqlara kim işgəncə verib? Onlar sənə hökmən deyəcəklər ki, ermənilər. Uşaq buna şübhə ilə etiraz etdi. “Sizə inanmıram”,-dedi. Laməkan təmkinli olmağa çalışaraq bir daha dedi: Gör heç mən adam öldürənə oxşayıram? Heç bizim babalarımız da günahsız adamları öldürməyiblər. Böyüyəndə özün araşdırıb görəcəksən. Əgər internetə girə bilirsənsə, “Google”də Xocalı yazıb axtarış versən hər şeyi görərsən. Bu söhbət elə bil qıza maraqlı gəlmişdi. Sakitcə Laməkanı dinləyirdi. Elə bu vaxt onun rus müəlliməsi bizə yaxınlaşdı. Gülümsəyərk rejissordan nəsə bir problem olub-olmadığını soruşdu. Rejissor isə onların mədəniyyətini tanıyan adamlar kimi heç bir problem olmadığını dedi və yenə uşağın başını sığalladı. Müəllimə uşağın əlindən tutaraq apardı. Artıq biz də yola düşürdük. Amma uşaq da bizim kimi bir az getdikdən sonra dönüb arxasınca baxdı. Gözlərimiz toqquşdu… Biz erməni uşağındakı bu nifrətə təəccübləndiyimiz halda, erməni uşağı da Laməkanın düz və ya səhv dediyinə inanmaq istəyridi.

Şəmil Sadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx