Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - HƏDƏF KURSLARI İLLİK HESABAT VERDİ!

HƏDƏF KURSLARI İLLİK HESABAT VERDİ!

31 avqust tarixində Hədəf Kurslarının illik yekun hesabatına həsr olunmuş pedaqoji iclas keçirildi.

 

Odlar Yurdu Universitetinin akt zalında baş tutan tədbirdə Hədəf Kurslarınn idarə heyəti, rəsmi qonaqlar, kursun müəllim kontingenti iştirak edirdi. Yazıçı-şair Rüstəm Behrudi, şair-tərcüməçi, Azərbaycan Bədii Tərcümə ve Ədəbi Əlaqələr Merkezinin sədri Səlim Babullaoğlu, “Minera” Şirkətlər Qrupunun direktoru Xudu Rzayev, BDU-nin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Hədəf Kurslarınınhəmtəsisçisi Vüqar Tarquliyev, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qonaqlar sırasında idi.

 

Tədbiri giriş sözüylə açan kursun baş direktoru, f.f.d., dos. Şəmil Sadiq qonaqları salamladı və qeyd etdi ki, biz, adətən, bu cür hesabatları lokal iclaslarda açıqlayırdıq, bu dəfə isə ictimaiyyətə açıq təşkil etmək qərarına gəldik. “Əslində, şirkətin 10 illiyinə həsr edəcəyimiz daha təmtəraqlı tədbiri 2018-ci ildə keçirəcəyik. Gələn il həm də Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyidir. Ona görə də tədbirin ikiqat fərəhli keçəcəyini indidən təxmin etmək olar və buna çalışacağıq. Biz həmişə uğurlarımızdan ilhamlanıb inkişaf etmişik və bu yolda burada əyləşən müəllim heyətinin rolu danılmaz dərəcədə böyükdür. Mən hamınıza ayrı-ayrı təşəkkür edir, öz fəallığınızı daha da artırmağınızı arzulayıram”.

 

Tədbirin aparıcısı İnsan Resursları şöbəsinin müdiri Vüsalə Məmmədova sözü Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyevə verdi. Rektor qonaqpərvərliklə hamını salamlayıb qısa nitq söylədi: “Ömrünü təhsilə həsr etmiş insan kimi (auditoruya qarşısında 64 illik təcrübəm var) deyə bilərəm ki, əvvəllər qənaətbəxş olsa da, son zamanlar təhsilə münasibət bir qədər dəyişib. Amma hörmətli prezidentimiz İlham Əliyevin bir sıra qərarları sayəsində təhsilimizin inkişaf strategiyasında son dönəmdə müsbətə doğru dəyişikliklər görürük, bəzi neqativ məsələlər getdikcə öz həllini tapır.

 

Müasir təhsil gərək məktəb-ailə münasibətləri çərçivəsində inkişaf etsin. Kiminsə uğursuzluğunu təkcə məktəbin üstünə atmaq lazım deyil, valideynlər də bu işdə təhsil ocaqları ilə əməkdaşlıq etməlidirlər ki, bəhrəsini görə bilsinlər.

 

Bir cəmiyyətdə təhsilin inkişafı üçün alternativ qurumların fəaliyyət göstərməsini qənaətbəxş hesab edirəm. Bu prosesə töhvə verənlərdən biri dəHədəf Kurslarıdır. Deyirsiniz ki, cəmi 9 illik fəaliyyətimiz var. Elə hal-hazırda rəhbəri olduğum bu universitet də gəncdir, 1995-ci ildən fəaliyyətə başlayıb. Ona görə də çoxillik təcrübəsi olan universitetlərə baxanda, daha çox inkişaf etmək, irəli getməyə cəhd göstərməyin nə olduğunu biz də yaxşı bilirik. Kiçik araşdırmama görə, universitetimizin bir çox tələbəsi sizin kursun abituriyentləridir. Bu mənada sizin kursu yüksək qiymətləndirirəm. Əminəm ki, burada əyləşən əksər müəllimlər artıq peşəkardırlar. Kursun yüksələn xətlə irəliləməsi birbaşa onlardan asılıdır. Bu yolda sizə tükənməz uğurlar arzu edirəm!”.

 

Söz Hədəf Kursunun İcraçı direktoru Emin Sadıqova verildi. Emin Sadıqov 2016-2017-ci tədris ili ərzində kurs daxilindəki nizam-intizam qaydaları, buna əsasən görülən tədbirlər haqqında hesabat verdi. Sonda qeyd etdi ki, bütün bunlardan elə təəssürat yaranmasın ki, bizim işimiz yalnız cərimə və xəbərdarlıq etməkdən ibarətdir, sadəcə kurs daxilində nizam-intizam qaydalarına riayət edəndə işin optimallığı və keyfiyyəti artır.

 

Sonra sözü Hədəf Kurslarının Elm və tədris işləri üzrə direktor müavini Elxan Nəcəfov aldı. Elxan müəllim qürurla qeyd etdi ki, geridə qoyduğumuz ali məktəblərə qəbul imtahanlarında ən yüksək – 700 balı toplayanlardan biri də məhz bizim kursların tələbəsi Jalə Məmmədova oldu. “2016-2017-ci tədris ilinin kurs üzrə ümumi uğur dərəcəsi 82 %-dir. Bu uğura görə məhz özünüzü alqışlamağınızı istərdim, əziz müəllimlər!.. Ötənilki tədris ilində keçirilmiş seminarlar, inanırıq ki, sizin hazırlığınıza müsbət təsir göstərib. Biz isə əminik ki, yeni nəşrlərimiz, yeni tədris planımız veriləcək təhsili gücləndirəcək”.

 

Elxan Nəcəfovun illik uğur hesabatıyla buradan tanış ola bilərsiniz: (LİNK)

 

Daha sonra estafeti alan Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev Odlar Yurdu Universitetinin dekanı Əhməd Vəliyevə xatirə üçün hədiyyə təqdim etdi. Ardınca müəllimlərə üzünü tutaraq “Bütün uğurların baiskarı sizsiniz və inkişafımız yalnız məsuliyyətiniz üzərindən gerçəkləşir” ­dedi.

 

Hədəf Kursunun magistr və müəllim hazırlığı tələbələrinin illik hesabatını isə baş direktorun müşaviri İlahə Həsənova təqdim etdi.

 

Bu hesabatın tam mətnilə buradan tanış ola bilərsiniz: (LİNK)

Keçən tədris ili ərzində kursun və ya ümumilikdə şirkətin öz layihələri, əməkdaşlıq etdiyi projelərlə bağlı hesabatı isə şirkətin Sosial işlər və xarici əlaqələr üzrə direktor müavini, Hədəf Global-ın direktoru Elvin Əliyev təqdim etdi.

 

Sonra 2016-2017-ci tədris ilində fərqlənən müəllim və şagirdlərə mükafatlar təqdim edildi. Əməkdaşlıq üçün Odlar Yurdu Universitetinə təşəkkür edildi və fəxri fərman verildi. “İlin ən yaxşı filial müdiri” nominasiyasında Hədəf Kursları Xırdalan filialının müdiri Allahverdiyev Anar fəxri fərmanla təltif edildi və 1000 AZN məbləğində pulla mükafatlandırıldı.“İlin ən yaxşı müəllimi” nominasiyasında kimya fənn müəllimi Fətəli Hüseynov və Azərbaycan dili və ədəbiyyat müəllimi Mübariz Təhməzov fəxri fərman və pul mükafatı ilə təltif edildi. Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında hər hansı bir fənn üzrə 25 düz cavab yazan şagirdlərin müəllimləri fəxri fərmanla təltif edildi və 50 AZN məbləğində pulla mükafatlandırıldı. 2016-2017-ci tədris ilində Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 2 nəfər ən yüksək nəticə göstərən şagird:

1) Məmmədova Jalə  – 700 bal, I qrup, Azərbaycan bölməsi, Hədəf Kursları Xırdalan filialı

2) Mustafasoy Rəşad – 692 bal, II qrup, Azərbaycan bölməsi, Hədəf Kursları Xırdalan filialı

– hər biri 500 AZN məbləğində pulla mükafatlandırıldı.

 

Hər bir nominasiyanı təqdim etmək üçün tədbirin qonaqları dəvət edildi. Şair Rüstəm Behrudi qaliblərə kursun mükafatlarından əlavə yeni çapdan çıxmış şeirlər toplusunu da hədiyyə etdi və bunları dedi: “Mən son 30 ildə ilk dəfədir iclasda iştirak edirəm, əksərən iclasları sevmirəm, amma bu gün burda olanları görüb xeyli sevindim. Mən Şəmil bəyi söz, ədəbiyyat adamı, alim kimi tanıyırdım, bu qədər əhatəli olan işlərini heç vaxt izləyə bilməmişdim.İndi görürəm ki, bizim illərdir sözlə dediklərimizi Şəmil bəy əməlində, işində edirmiş. Buna görə həm onu, həm də bütün kollektivi təbrik edirəm!”.

 

Növbəti qonaq şair-tərcüməçi, “ATV kitab” layihəsinin rəhbəri, eyni zamanda,övladı Hədəf Kurslarının Nizami filialının şagirdi olan Səlim Babullaoğlu qısa çıxışı ilə yadda qaldı: “Mən bir valideyn kimi bu kursun fəaliyyətindən çox razıyam. Qızım bu kurslara yazılandan həyatında necə dəyişiklik olduğunu görmüşəm. Buna görə sizə minnətdaram!

Həm də Qurban bayramı ərəfəsindəyik. Elə İslamdan da gəldiyi kimi, insan öz biliyi ilə, bildikləriylə insan olub. Arzu edirəm ki, bu biliklərin hədəfi həmişə “Hədəf” olsun. Bayramınız mübarək!”.

 

2016-2017-ci tədris ilində fərqlənən müəllim və şagirdlərə verilən mükafatların siyahısıyla buradan tanış ola bilərsiniz: (LİNK)

 

Sonda kollektivə bəzi tövsiyələr verən və hər kəsin Qurban bayramını təbrik edən Şəmil Sadiq tədbiri bağlı elan etdi.

 

IMG_5699 IMG_5938 IMG_5928 IMG_5907 IMG_5904 IMG_5899 IMG_5892 IMG_5865 IMG_5868 IMG_5879 IMG_5881 IMG_5885 IMG_5888 IMG_5864 IMG_5862 IMG_5859 IMG_5855 IMG_5849 IMG_5839 IMG_5788 IMG_5795 IMG_5807 IMG_5809 IMG_5814 IMG_5828 IMG_5786 IMG_5785 IMG_5779 IMG_5775 IMG_5767 IMG_5757 IMG_5750 IMG_5742 IMG_5735 IMG_5723 IMG_5710 IMG_5707 IMG_5702 IMG_5673 IMG_5672 IMG_5698 IMG_5657 IMG_5655 IMG_5690 IMG_5685 IMG_5652 IMG_5651 IMG_5677 IMG_5649 IMG_5650

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx