Hədəf Kurslarında 4-cü Türk Dünyası Sənədli Film Festivalı filmləri nümayiş olundu

 

4-cü Türk Dünyası Sənədli Film Festivalının yaradıcı kollektivi və sədri Menderes Demir, Xalq artisti, kinorejissor Oktay Mirqasımov, jurnalist İlqar İlkin Hədəf STEM Liseyini ziyarət ediblər. Onlar liseyin “Sağlam təhsil” otaqlarını, Kimya, Fizika, Biologiya laboratoriyalarını, milli üslubda hazırlanmış Ədəbiyyat otağını və STEM otaqlarını gəziblər. Bununla yanaşı qonaqlar “İnteraktiv muzey”lə də tanış olublar.

Qonaqlar daha sonra Hədəf STEM Liseyinin direktoru Şəmil Sadiqlə görüşərək, lisey haqqındakı fikirlərini bölüşüblər. Oktay Mirqasımov Hədəf STEM Liseyinin konsepsiyasının 5 əsas elementini özündə birləşdirən həyat ağacı ilə yaxından maraqlanıb.

Menderes Demir isə öz növbəsində liseydə STEM-lə yanaşı incəsənətə də xüsusi yer verilməsini yüksək qiymətləndirib.

Lisey turu başa çatdıqdan sonra qonaqlar Hədəf Kurslarının Əcəmi filialında keçirilən film nümayişində iştirak ediblər. Nümayişdə 4-cü Türk Dünyası Sənədli Film Festivalında fərqlənən filmlər – Azərbaycanlı rejissor Emil Alinin “Adam” və Türk rejissor Özgür Mercanın “Torosların Susmayan Türküleri” sənədli filimləri kursun şagird və müəllim heyətinə təqdim edilib.

Nümayişdən sonra Şəmil Sadiq çıxış edərək, festival və filmlər barəsində öz fikirlərini bölüşüb: “İlk olaraq onu qeyd etmək istərdim ki, Türk dünyası üçün bu film festivalı böyük əhəmiyyət kəsb edir. Bu festival sayəsində türk dövlətləri bir-biri ilə daha yaxından tanış olur, incəsənət sahəsindəki əlaqələri genişlənir. Bu mənada başda sədr Menderes Demir bəy olmaqla, Ənənəvi Türk Dünyası Sənədli Film Festivalının bütün kollektivinə belə gözəl bir iş ərsəyə gətirdikləri üçün dərin təşəkkürlərimi çatdırıram”.

Daha sonra çıxış edən Menderes Demir festival haqqında izləyicilərə geniş məlumat verib: “Festivalın əsas məqsədi bütün Türk coğrafiyasında sənədli film çəkən rejissorları dəstəkləmək, sənədli film növünün inkişaf etdirilməsinə kömək etmək, fərqli və yüksək keyfiyyətli filmlərin bir hövzədə toplanmasını təmin etməkdən ibarətdir. Bununla yanası bu vasitə ilə Türk dünyasından film xadimlərinin toplaşacağı, bir-birilərini tanıyacağı platforma yaratmaq istəyirik”.

Menderes Demirdən sonra çıxış üçün söz kinorejissor Oktay Mirqasımova verildi. O, festivalın istər gənc istedadların üzə çıxarılmasında, istərsə də, müxtəlif ölkələrdəki rejisorların ortaq layihələr yaratmağında böyük xidmətlər göstərdiyini bildirdi: “Düşünürəm ki, sənədli filmlərin inkişafı nöqteyi-nəzərdən bu festivalın əvəzsiz rolu var. Bu festival sayəsində ortaq mədəniyyəti olan müxtəlif ölkələrdəki Türk kino xadimləri burada görüşə, ortaq layihələr həyata keçirə bilərlər”.

Sonda “Adam” sənədli filminin rejissoru Emil Ali çıxış edərək, filmi barəsində tədbir iştirakçılarının suallarını cavablandırıbı. O, bu filmin ərsəyə gəlməsi prosesini barəsində məlumat verib.

Tədbirin sonunda xatirə şəkli çəkilib. Qonaqlara Hədəf STEM Liseyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019-cu ilin Nəsimi İli” elan edilməsinə əsasən hazırlatdıqları “Nəsimi” heykəlini hədiyyə edilib.

Bununla yanaşı şagirdlərə 4-cü Türk Dünyası Sənədli Film Festivalının kataloqları təqdim olunub.