Hədəf Kurslarında müəllimlərin 11-ci Pedaqoji iclası keçirildi

Yüksək nəticə göstərən abituriyentlər, müəllimlər və filial müdirləri mükafatlandırıldı

Hədəf Kurslarında müəllimlərin 11-ci Pedaqoji iclası keçirilib.

Bakı Biznes Universitetində baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin Tədris İşləri prorektoru, dosent Sabir Əmirxanov açıb. O, BBU haqqında qısa məlumat verdikdən sonra builki təhsil uğurlarından bəhs edib. Daha sonra Sabir Əmirxanov Hədəf Kurslarına fəaliyyətlərində uğurlar arzu edib. Onun təqdimatında tədbir iştirakçıları Bakı Biznes Universiteti haqqında tanıtım çarxı ilə tanış olublar.

Daha sonra söz çıxış üçün Hədəf Kurslarının baş direktoru f.ü.f.d., dos. Şəmil Sadiqə verilib. O, Hədəf Kurslarının il ərzində qazandığı uğurlar barəsində müəllim heyətinə ümumi məlumat verib: “Çox sevindirici haldır ki, artıq Respublika birinciləri Hədəf Kurslarının şagirdləri arasından çıxır. Bu il də iki filialımızın – Sumqayıt və Azadlıq filiallarının şagirdləri iki qrup üzrə Respublika Birincisi adını qazanıblar. Builki uğurlarımız bununla yekunlaşmır. Hədəf Kurslarının abituriyent hazırlığı üzrə uğur faizi 2018-2019-cu tədris ili üçün  93 % olub. Bu uğur göstəricimiz Magistratura hazırlığı üzrə 80, Müəllimlərin İşə Qəbulu hazırlığı üzrə isə 100 % olub. MİQ hazırlığı yeni sahə olmasına baxmayaraq, kursumuzun builki nəticəsi işimizin keyfiyyət göstəricisinin yüksək olmasına bir işarədir. Bütün bunlar siz müəllimlərin sayəsində olur. Bu kürsüdən hər birinizə təşəkkürümü çatdırıram”.

Daha sonra şagirdləri qəbul imtahanında maksimum nəticə göstərən müəllimlərin mükafatlandırılması üçün Hədəf Kurslarının icraçı direktoru Emin Sadiqov, Təhsil və Elm Departamentinin direktoru Elxan Nəcəfov, Sosial işlər və Layihələr üzrə direktor Elvin Əliyev kürsüyə dəvət olunublar.

Onlar “İlin müəllimi” nominasiyası üzrə seçilən müəllimlərə sertifikat və pul mükafatı təqdim ediblər.

Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev çıxış üçün kürsüyə dəvət edilib. O, da öz növbəsində yeni başlayan müəllim kollektivinə öz tövsiyələrini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib: “Azərbaycan yəqin ki, təhsilə önəm verən ölkələr arasında ilk sıralardadır. Həqitətən də, bizim ölkədə oxumağa böyük maraq var. Bu maraq həmçinin müəllimlərin qarşısında böyük tələbkarlıq da yaradır. Builki uğurlarımız onu göstərir ki, Hədəf Kurslarının kollektivi bu məsuliyyətli işin öhdəsindən tam gələ biliblər. Hər birinizə təşəkkürümü bildirirəm”.

Vüqar Tarquliyevin çıxışından sonra II ixtsas qrupu üzrə Respbulika Birincisi Toğrul Hacızadə və III ixtsas qrupu üzrə Respublika Birincisi Sərxan Həsənov səhnəyə dəvət olunublar.

Onlar Hədəf Kurslarının rəhbərliyi tərəfindən 500 azn pul mükafatı və diplomla təltif ediliblər. Bununla yanaşı Respublika Birincilərinin təhsil aldıqları Azadlıq və Sumqayıt filialları da “İlin filialı” adına layiq görülüblər.

Sərxan Həsənov çıxış üçün söz alaraq, Hədəf Kurslarının müəllim kollektivinə öz təşəkkürlərini çatdırıb: “Mən builki qəbul imtahanında 692,5 bal yığaraq, III ixtisas qrupu üzrə Respublika Birincisi oldum. Bu bal mənə imkan verdi ki, ADA Universitetində Hüqquşünaslıq fakültəsinə daxil olum. Bu uğurumdan dolayı bütün Hədəf  kollektivinə və müəllim heyətinə öz dərin təşəkkürlərimi bildirirəm”.