Hədəf Kurslarında “Zəfər” çempionatının final mərhələsi keçirilmişdir.

1 iyun 2021-ci il tarixində Hədəf Kurslarında “Zəfər” intellektual oyunun filiallar arası mübarizəsinin final mərhələsi keçirilmişdir. Oyunun filiallar daxili mərhələsinə 2021-ci il mart ayından start verilmişdir. Hədəf Liseyinin Nəsimi filialında baş tutan final oyununda filial daxili seçmələrdə qalib gəlmiş 8 komanda iştirak etmişdir.  Oyunda Difai (Yasamal filialı), Suqovuşan (Nizami filialı), Laçın (Əcəmi filialı), Cəbrayıl (Azadlıq filialı), Suqovuşan (Xırdalan filialı), Harop (Əhmədli filialı), Xarı bülbül (Qara Qarayev filialı), Polad Həşimov (Sumqayıt filialı) komandaları yarışmışdır.

Tədbiri giriş sözü ilə Hədəf Kursları MMC-nin Layihələr və Xarici Əlaqələr Departamentinin rəhbəri t.ü.f.d. Elvin Əliyev açmışdır. O, öz nitqində finala çıxan bütün iştirakçıları təbrik etmişdir. “Bu gün 1 iyun həm də uşaqların hüquqlarının beynəlxalq müdafiəsi günüdür. 1-ci və 2-ci Qarabağ müharibəsində yüzlərlə günahsız uşağımız erməni vəhşiləri tərəfindən qətlə yetirilimişdir. Biz bu tədbirlə həm də həmin günahsız körpələrimizi yad edirik. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük şücaət göstərərək bizə Böyük  Zəfəri yaşatmışdır. Bu Zəfərə gedən yolda əməyi keçən hər kəsə öz minnətdarlığımızı bildirir, Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik. Biz də Hədəf Kursları olaraq bildiririk ki, ənənəmizə sadiq qalaraq növbəti tədris ilindən də Kursumuzun filliallarında təhsil almaq istəyən şəhid övladları 100 faiz , qazi övladları isə 50 faiz güzəştlə ali məktəblərə hazırlaşa bilərlər. Bu günkü yarışda qalib olacaq komandanı isə yeni salınan Zəfər yolu ilə Şuşa şəhərinə gəzintiyə aparacağımızın sözünü veririk” deyə natiq çıxışını tamamlamışdır. Elvin Əliyevin nitqindən sonra şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasından sonra yarışa start verilmişdir. Tədbirin aparıcısı  Azadlıq filialının müdir müavini Ceyhun Əliyev bilik yarışında 10 sual səsləndirmişdir. Təqdim olunan suallar həm dünya görüşü həm də Vətən müharibəmizlə əlaqəli tərtib edilmişdir.  Suallardan bir neçəsi musiqili sual olmuşdur.

Filiallar arası mübarizədə Əcəmi filialının 10-cu sinif şagirdlərindən ibarət “Laçın” komandası qalib gəlmişdir. Yarışın sonunda iştirakçılar kitablar, sertifikatlar və hədiyyələr, 1-ci, 2-ci və 3-cü yeri tutan komanda üzvləri medallarla, qalib komanda üzvləri isə, diplom, kubok, kitablarla təltif olunmuşdur.