“Hədəfin bilgəsi” nominasiyasının təqdimatı keçirilib!

26 Yanvar 2018-ci il tarixində “Hədəf” kurslarının 20 yanvar filialında kursların hər ay təşkil etdiyi Sınaq İmtahanlarında “Filial birincisi” və “Ümumi kursun birincisi” olan abituriyentlərin qiymətləndirmə və təltifetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Hədəf” Kurslarının direktoru Şəmil Sadiq bildirib ki, kursun ən çox bal toplayan şagirdlərinə bundan sonra müəyyən imtiyazlar təqdim ediləcək.

“Birinci biz onlara simvolik papaq təqdim etməklə “Bilgə” statusu verəcəyik. Sonra əlbəttə ki, pul mükafatı və müəyyən imtiyazlar təqdim ediləcək.

Bu qiymətləndirmə məsələsini bir ad altında ümumiləşdirib vahid konsepsiyaya salmaq çoxdankı arzularımızdan idi. Bildiyiniz kimi, Türk tarixində elə, biliyə, mədəni tərəqqiyə ən çox qiymət verən tarixi sima İltəriş kağanın oğlu Bilgə kağandır. “Bilgə” sözü “bilikli” sözünün sinonimidir. Ulu babalarının döyüşçülük sənətində yüksək ad çıxarmasına baxmayaraq, Bilgə kağan mədəni tərəqqi yolunu seçərək öz xalqını elə, biliyə səsləyib. Türkün tarixini yazıya alıb. Bu məsələ məşhur Orxon-Yenisey abidələrində də anılır. Ona görə də biz kursumuzun sınaq imtahanlarında ən çox bal toplayan şagirdlərinə simvolik olaraq Bilgə statusu vermək qərarına gəldik. Bunun üçün nəzərdə tutduğumuz papaq quruluş olaraq Bilgə kağanın papağına bənzədilib. Üzərində əbədədilik, ölməzlik simvolu olan naxışlar, azadlıq rəmzi Simurq quşunun rəsmi təsvir edilib.

Hər ay təşkil olunacaq bu mərasimə adı da qədim Türklərdən götürmüşük. Qədimlərdə elin, obanın hansısa bir problemi olanda oba bəyləri bir yerə toplanıb tədbirlər görərmişlər. Bu tədbirlə TOY adlanırmış. TOYda həmişə əsasən bəylər, istisna hallarda xatunlar iştirak edərmiş. Burada elin istənilən dərdi törəni pozmadan həll edilirmiş. Biz də nəzərdə tutduğumuz bu aylıq toplantımızı TOY adlandırdıq. Bu, həm də kurs daxilində aylıq uğur hesabatımız anlamına gəlir, yüksək nəticə göstərən şagirdlərimizi dərhal tanımağa, onları qiymətləndirməyə nail oluruq. Eyni zamanda, TOYda şagirdlərimizin istənilən problemi qabaqtmaq haqları olacaq ki, bununla da problemi yerində həll etmək şansımız yaranacaq.

TOYda ən çox bal toplayan şagird  “Hədəfin bilgəsi” elan ediləcək və simvolik papağı bir aylıq öz kursuna aparmaqla yanaşı, pul mükafatı da alacaq. Bu pulu necə xərcləyəcəyinə də özü qərar verəcək.”

Ardınca “Hədəf Bilgəsi” layihəsinin koordinatoru Qumral Məmmədova nominasiyanın əsasnaməsini oxudu. Əsasnamənin tam mətni ilə buradan tanış ola bilərsiniz. əsasnamə

Sonra tədbirdə kursun elmi-tədris işləri üzrə departament direktoru Elxan Nəcəfov çıxış edərək layihəni bəyəndiyini və şagirdlər üçün əvəzsiz stimul verəcəyinə inandığını bildirdi.
Daha sonra qısa çıxışlar edən “Hədəf” kursları Sumqayıt filialının müdiri Vüsal Heybətov, “Hədəf Multimedia”nın sosial-media mütəxəssisi Aygün Rəcəbova, “Hədəf” MMC direktorunun baş köməkçisi Elmin Yaqubbəyli şagirdlərə daha da yüksək nəticə göstərməyi, bununla da “Hədəf Bilgəsi” papağını hər ay öz filialına aparmaq üçün çalışmalarını arzuladı.

Ardınca sonuncu Sınaq İmtahanında 600 baldan yuxarı nəticə göstərən kursun şagirdləri təqdim olundu. Beləliklə, Xırdalan Filialından 5, Neftçilər Filialından 4, Azadlıq Filialından 4, Sumqayıt Filialından 5, Əhmədli Filialından 4, 20 yanvar Filialından 4 və Nizami Filialından 4 şagird özünü təqdim edərək topladığı balı səsləndirdi. Beləliklə, keçən imtahanda ən yüksək balı toplayan Xırdalan Filialından Elnarə Balakişiyeva və Sumqayıt Filialından Nicat İsmayılzadə “Hədəfin Bilgəsi” oldu. Hər şagird 100 manat pul mükafatı qazandı. Sonda Bilgələr bu pulu TOYun ixtiyarına buraxanda, TOYun qərarı həmin pulla bədii kitablar alaraq qocalar evinə bağışlamaq oldu.