Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları 1300 müəllim arasında imtahan keçirdi

Hədəf Kursları 1300 müəllim arasında imtahan keçirdi

Yüksək nəticə yığanlar Hədəf Kurslarında dərs demək imkanı qazanacaq

İyun ayının 16-da Hədəf Kursları 2013/2014 tədris ili üçün müəllimlərin işə qəbul imtahanını keçirib

Hədəf Kurslarının mətbuat xidmətindən verilən məlumata görə, qeydiyyat hedef.edu.az saytının “vakansiya” bölməsində elektron formada həyata keçirilib və iyunun 10-a qədər 1500-dən çox CV qəbul edilib. İmtahan Azərbaycan və rus bölməsinin müəllimləri ilə birgə aparılıb.

İmtahandan əvvəlki günlərdə Hədəf Kurslarının mətbuat xidməti kursun rəsmi sayt və sosial şəbəkə ünvanlarında işə qəbul imtahanında iştirak etmək istəyən müəllimlərin ən çox soruşduğu sualları cavablandırıb, onlara imtahana daha hazırlıqlı gəlmələri üçün yardımçı olan məlumatlar verib.

İyunun 16-da saat 10:00-da start götürən imtahan 2 növbədə olmaqla Azərbaycan Universitetində keçirilib. Hədəf Kurslarında dərs demək üçün, bu imtahana Azərbaycan və rus bölmələrindən olmaqla 1200 nəfər qatılıb. Hər iki bölmənin müəllimləri üçün eyni imtahan qaydaları tətbiq edilib.

Hər fənn üzrə ayrıca imtahan kitabçası hazırlanıb imtahan iştirakçılarına təqdim olunub. İmtahan müddəti fənlərə görə 30-60 dəqiqə arasında dəyişib. Sualların sayı isə ən az 25, ən çox 50 sual olub.

İmtahan nəticələri bir həftə ərzində hedef.edu.az saytında açıqlanacaq. Və yüksək nəticə göstərən 100-ə yaxın müəllimin Hədəf Kurslarında işlə təmin olunması gözlənilir.

Qeyd edək ki, Hədəf Kurslarının hazırkı müəllimləri arasında da attestasiya imtahanı keçirilib və 100-dən çox müəllimin qatıldığı bu imtahan Hədəf Kurslarının Xırdalan filialının binasında baş tutub. Filial direktorları və fənn rəhbərləri attestasiya imtahanından azad olublar.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx