Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Hədəf Kursları 250-dən çox abituriyent və valideynlər üçün psixoloji seminar keçirdi

Hədəf Kursları 250-dən çox abituriyent və valideynlər üçün psixoloji seminar keçirdi

Seminarın ən fəal iştirakçısı Şimali Kiprdə ödənişsiz ali təhsil alacaq

 Hədəf Kurslarının təşəbbüsü ilə iyulun 1-dən 3-dək Bakı Ali Neft Məktəbində (BANM) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər və onların valideynləri üçün ödənişsiz psixoloji seminar təşkil olunub.

 Hədəf Kurslarının mətbuat xidmətindən verilən məlumata görə, seminar Bakı Ali Neft Məktəbi, Lefke Avropa Universiteti və Psixoloji Konsultasiya Mərkəzinin (PCC) dəstəyi ilə baş tutub.

 Tədbirdə 250-dən çox abituriyent və valideyn iştirak edib. Seminarın açılış tədbirində çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu tədbir uzun müddət gərgin hazırlıq mərhələsi keçən abituriyentlər və övladlarının həyəcanını bölüşən valideynlər üçün çox vacibdir.

 Hədəf Kurslarının baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq isə vurğulayıb ki, cəmiyyətdə savadlı gənclərin yetişməsi və onların uğurlu karyeraya qədəm qoyması yalnız bilikdən yox, həm də psixoloji hazırlıqdan asılıdır: “Bəzən imtahanlara həddən artıq gərgin hazırlaşan abituriyentlərin imtahan vaxtı çətinə düşdüyünü,  uğursuzluğunu eşidib təəccüblənirik. Hətta imtahandan sonra depressiyaya uğrayan gənclərimiz də olur. Biz çalışmalıyıq ki, bu cür halların qarşısını alaq, həyatda təzə-təzə formalaşmağa başlayan gənclərə ruh yüksəkliyi aşılamalı, pozitiv motivasiya verməliyik”.

 Lefke Avropa Universiteti Türk dili və Ədəbiyyatı bölümü başkanı cənab Nazim Muradovun layihənin vacibliyini vurğulayaraq qeyd edib ki, gənclərin həyatlarındakı yeni mərhələyə uğurla qədəm qoyması üçün psixoloji hazırlıqları da önəm daşıyır və bu məsələdə valideynlər də övladlarına dəstək verməli, onların çox stress yaşamasına imkan verməməlidirlər.

 Üç günlük seminarda PCC-nin mütəxəssisləri psixoloqlar Elnur Rüstəmov, Aygün Ağabalayeva və Ceyran Həsənli “Özünə inam”, “İmtahana necə hazırlaşmalı”,  “Doğru, sürətli və etibarlı qərarlar qəbul etmə bacarığı” və “Valideyn abituriyentə necə dəstək verməlidir” mövzularında çıxış ediblər. Həmçinin LAU-unun dosentləri Nazim Muradov və Nərgiz Bulut, Hədəf Kurslarının psixoloqu Əli İbrahimbəyli də çıxış ediblər. Seminarın sonuncu günü Famil İsayevin “Doğru ixtisas seçimi: ixtisas və siz” mövzusunda maraqlı seminarı olub.

 İnteraktiv formatda və diskussiya şəraitindən keçirilən tədbir çərçivəsində iştirakçılar BANM-in binası və dərs şəraiti ilə də tanış olublar. Tədbirin bağlanma mərasimində sertifikatlar paylanılıb, Hədəf Kurslarının özfəaliyyət qrupunun da iştirakı ilə musiqili proqram təşkil olunub.

 Tədbirdə fəallıq göstərən abituriyentlərdən biri LAU-nun ekspertləri tərəfindən seçilərək, həmin universitetdə pulsuz ali təhsil almaq imkanı qazanacaq. Bu barədə yaxın günlərdə məlumat veriləcək.

 Hədəf Kursları mətbuat xidməti

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx