“Hədəf Kursları” MMC-nin rəsmi bəyanatı

Hörmətli təhsil ictimaiyyəti və dəyərli valideynlər!

Nəzərinizə çatdırmaq istəyirik ki, 12 may 2008-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış (Azərbaycan RespublikasıVergilər Nazirliyi, qeydiyyat № Vöen:1700869861) “Hədəf Kursları” MMC 13 ildir ki, Azərbaycan təhsilinə  bir çox yeniliklər gətirməklə öz töhfəsini vermişdir. Bu illər ərzində “Hədəf Kursları” sırasında yüzlərlə gənc müəllim yetişmiş, minlərlə abituriyent ali məktəbə daxil olaraq, tələbə adını qazanmışdır. Fəaliyyət göstərdiyi müddətdə “Hədəf Kursları” cəmiyyətdə öz yolu, dəst-xətti, yenilikçiliyi, etibarlılığı olan və öz yoluna, adına sadiq bir qurum kimi tanınmışdır. Minlərlə üzvü olan “Hədəf” ailəsi olaraq, Biz  bundan sonra da öz fəaliyyətimizdə dürüstlüyümüzü və keyfiyyətli iş üslubumuzu davam etdirəcəyik.

“Hədəf Kursları” MMC olaraq bəyan edirik ki, Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən başqa Respublikamızın heç bir şəhər və rayonunda “Hədəf Kursları”nın filialı, nümayəndəliyi və təmsilçiliyi fəaliyyət göstərmir. Şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, “Hədəf” adından və loqotipindən istifadə edərək müxtəlif rayonlarda və sosial şəbəkələrdə səhifələr, qruplar və profillər açıb insanları aldadırlar. “Hədəf Kursları” MMC-nın filialı, nümayəndəliyi və təmsilçiliyi adı altında fəaliyyət göstərən saxta kurs və təhsil müəssisələri, çox təəssüf ki, hələ də var. Bəzi özəl tədris müəssisələri isə “Hədəf” adına yaxın olan adlar seçir, öz firma nişanlarını və loqotiplərini “Hədəf Kursları” MMC-nin loqotipinə və adına bənzədərək insanlarda çaşqınlıq yaradır, bununla da “Hədəf Kursları” MMC-nin ölkə təhsilində qazandığı güvən və etibara ciddi zərbə vururlar.

“Hədəf” adından istifadə edən və ya ona yaxın ad seçmiş kurslara və təhsil müəssələrinə xatırlatmaq istəyirik ki, “HƏDƏF” adının patent və əmtəə nişanı “Hədəf Kursları” MMC-yə məxsusdur.  Başqalarının bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər. Aşağıda adı çəkilən kurslara və təhsil müəssisələrinə tövsiyə edirik ki, adlarını dəyişsinlər. Əks təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti qurumlara müraciət ediləcək:

  1. “Hədəfim Tədris Mərkəzi”-Zərdab rayonunda
  2. “Hədəf-Oxu Kursları”- Gəncə şəhərində

“Hədəfçi”, “Hədəflə” və digər Hədəf adına bənzər adla fəaliyyət göstərən kurs və tədris müəssisələrinin “Hədəf Kursları” MMC-yə heç bir aidliyinin olmadığını bildiririk. Müxtəlif rayonlarımızda fəaliyyət göstərən yalançı “Hədəf” kurslarının fəaliyyətinə görə “Hədəf Kursları” MMC heç bir məsuliyyyət daşımır.

“Hədəf Kursları” MMC olaraq, insanlarımızdan xahiş edirik ki, bu tip hadisələrlə qarşılaşdıqları zaman diqqətli  olsunlar. “Hədəf Kursları” MMC-nin filial, nümayəndəlik və təmsilçilikləri haqqında dəqiq məlumatı www.hedef.edu.az saytından əldə edə bilərlər.

Hədəf Kursları MMC,

Layihələr və İctimaiyyətlə Əlaqələr Departamenti