İnteraktiv Elm Muzeyi açıldı

5 may tarixində Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyinin açılışı olub. Liseyin rəhbərliyindən aldığımız məlumata görə, girişi sərbəst olan açılış mərasimində millət vəkilləri, o cümlədən deputat Ülviyyə Ağayeva, müxtəlif qurumların nümayəndələri, təhsil müəssisələrindən müəllim-şagird heyətləri iştirak edib. Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri tanınmış mühəndis Elçin Abbasov, elmi məsləhətçi Yalçın İslamzadə ziyarətçiləri eksponentlərlə tanış edib, demonstrasiyalar haqqında məlumat verib.

10 may-30 iyun tarixləri arasında muzey ziyarət etmək istəyən hər kəsin üzünə açıq olacaq. Orta məktəb müəllimləri əvvəlcədən qeydiyyatdan keçməklə siniflərini bu tarixlər arasında muzeyə ekskursiyaya gətirə bilərlər. Azərbaycanda alternativi olmayan İnteraktiv Elm Muzeyi ziyarəti şagirdlər üçün unudulmaz təcrübə olacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.

Qeyd edək ki, İnteraktiv Elm Muzeyinin ideya müəllifi, liseyin qurucusu və direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Təhsil müəssisəsində 200 kvadratmetrlik sahədə yerləşən muzeydə dinamik eksponentlərə toxunmaq, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri, qarşılıqlı çevrilmələri müşahidə etmək mümkündür.