Magistraturaya sənəd qəbulu elan edildi

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 2-dən 12 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Ərizələrini SQK-da təsdiq etdirməli olan bakalavrlar aşağıdakı sənədləri şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

– Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublika­sında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

– ali təhsil haqqında sənədi və ona əlavəni;

– xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri.
Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2018-ci il fevralın 25-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcəkdir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviy­yəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

Qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunmuşdur. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. Eyni zamanda «Magistr» jurnalının bu sayında müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.