MOTİVASİYANIN YARADILMASINDA FƏAL TƏLİM ÜSULLARININ SPESİFİK XÜSUSİYYƏTLƏRİ

11148992_350058428526157_273831383_n

Elvin Paşayev

Kurikulum proqramı müasir dövrün ən aktual problemlərindən biri hesab olunur. Çünki dərslərin keçirilməsi artıq bu proqram əsasında təyin edilir. Ölkəmizdə bir çox inkişafla, yəni planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidlə bağlı olan yeniliklər və s. əlaqədar olaraq bu proqram meydana gəlmişdir. Kurikulum proqramının özəlliklərindən biri də budur ki, dərs zamanı bütün şagirdlər diqqət mərkəzindədirlər. İstər zəif şagirdlər, istərsə də istedadlı şagirdlər yaradıcı fəaliyyət göstərməyə başladılar. Eləcə də inteqrasiya prosesi fənlər arasında yüksək səviyyəyə çatdı.

Fəal təlim üsulları yaxud interaktiv iş üsulları adı ilə tanınan bu üsullar kurikulum proqramının və müasir dərs modelinin əsas özəyini təşkil edir. İnteraktiv sözünün mənası ingilis dilində qarşılıqlı əlaqə, fəaliyyət göstərmək kimi mənaları ifadə edir.

Fəal təlim üsullarının xüsusiyyətlərinə və eləcə də onlara verilən bir sıra tələblərə keçməzdən öncə onun tarixini və əsas cəhətlərini göz önünə gətirək. Bu təlimin qarşısında duran prinsiplər qədim vaxtlardan məlum olsa da, (Sokrat, Demokrit, Platon, Seneka, İbn Sina və s.) onun sistemli elmi – tədqiqatı, əsasən XX əsrin əvvəllərindən başlanmışdır. Fəal təlim anlayışına bəzən interaktiv təlim metodları da deyilir. İnteraktiv sözü qarşılıqlı fəaliyyətə əsaslanan olduğundan, bəzən problemli təlim termini də işlədilir. Problemli təlimin öyrənilməsinə A.Matyuşkin , T.Kudryavtsev, M.Maxmutov, C.Dyui və digər alimlər töhfə vermişlər. Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin meхаnizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

Motivasiyanın yaradılmasında bu təlim üsullarının rolu xüsusi əhəmiyyətə malikdir. Adətən, kurikulum sistemi ilə qurulan dərs modellərində motivasiya yaradılarkən, fəal təlim üsullarından istifadə olunur. Belə ki, bu iş üsullarından istifadə etməklə müəllim , bir növ mövzunun adını, həmçinin, demək istədiyi fikri şagirdlərin diqqətinə çatdırmaq üçün lövhədə mövzuya uyğun şəkildə fəal təlim üsullarından istənilən birinin şəklini çəkir və şagirdlərdən tələb olunan cavabı istəyir. Beləliklə də, motivasiya bu üsulların əsasında təşkil edilmiş olur.

“İnteraktiv təlim metodları və üsullarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə, məşğələdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini nəzərə çarpan dərəcədə gücləndirir.

Elə bir müasir dərs modeli olmasın ki, orada bu iş üsullarından istifadə edilməsin. Çünki bu təlim üsulları dərsdə şagirdlərin idrak marağını gücləndirir, onları yeni axtarışlara sövq edir. “Burada müəllimin istiqaməti ilə şagirdin sərbəst araşdırmaq, öyrənmək fəaliyyəti nəzərdə tutulur”.

Prof. Aydın Paşayevin fikrinə görə, interaktiv təlim metodlarından istifadə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin qarşısında mühüm problemlər qoyur. Bu problemin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimin bu sahədə öz qarşısında problemlərin məsuliyyətini dərk etməsindən, elmi və metodik bacarıq və qabiliyyətindən asılıdır.

İnteraktiv metodlar anlayışının məzmununun ən üstün cəhəti – təlim fəaliyyəti zamanı şagirdlərin təfəkküründə real ziddiyyətlərin həll olunması zəmnində öyrənməyə real marağın meydana çıxmasıdır. Real ziddiyyətlərin doğurduğu hislər intellektual ehtiyatların səfərbər olunmasını təmin edir, öyrənmə fəaliyyətini stimullaşdırır, diqqəti uzun müddət bir şey üzərində saxlamağa ehtiyac yaradır.

Fəal təlim üsulları üzərində öz dərsini quran hər bir müəllim əvvəlcədən bu problem ətrafında evdə xüsusi bir şəkildə hazırlaşmalı, şagirdlər qarşısında sinifdə dərsini necə aparacağı barədə düşünməlidir. Zahirən bu məsələ asan görünsə də, lakin problemin daxilinə endikdə, həqiqətən, məsuliyyətli bir iş olduğunu anlamaq olur. Bu təlim əsasında qurulan dərsin məsuliyyətini dərk edən hər bir müəllim bu işə ciddi və yaradıcı şəkildə yanaşmalıdır. Müəllim dərsə hazırlaşarkən fikirləşməlidir ki, hansı üş üsullarından, təchizatlardan istifadə edəcək. İş üsullarını elə seçməlidir ki, bunlar şagirdlərin idrak marağını artırsın, onları motivasiyaya sövq etsin, düşündürsün. Ən əsası isə bu iş üsulları şagirdləri yeni axtarışlara aparsın, onlarda tədqiqatçılıq meyillərini gücləndirsin və yeni biliklər əldə etməyə kömək etsin. “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində əsas şərt şagirdlərdə məntiqi təfəkkürün, estetik zövqün, milli əxlaqın və geniş dünyagörüşünün formalaşdırılmasıdır. Buna görə də müəllim dərslərə yaradıcı yanaşmalı, onları mükəmməl formada həyata keçirməyə çalışmalıdır”.

Fəal təlim üsulları çoxdur. Lakin dərs modellərinin qurulmasında və hazırlanmasında bəzilərindən aktiv, bəzilərindən isə passiv şəkildə istifadə edilir. Aktiv istifadə olunan iş üsullarının adlarını ümumi şəkildə qeyd edək: BİBÖ, beyin həmləsi (Əqli hücum), söz assosiasiyaları, venn diaqramı, auksion, ziqzaq, mühazirə, karusel, klaster (şaxələndirmə), anlayışın çıxarılması, “qərarlar ağacı”, problemli vəziyyət, sorğu vərəqələri və müsahibə və s.

Fəal təlimə bir sıra tələblər verilmişdir. Onlar aşağıdakılardır:

– Şagirdlərin aktiv fəaliyyəti;

– Müəllimin şagirdə və şagirdlərin bir-biri ilə əməkdaşlığı;

– Didaktik oyunlardan istifadə olunması;

– Şagirdlərin sinifdə qeyri-ənənəvi yerləşdirilməsi

Digər metodiki ədəbiyatlara da diqqət yetirdikdə fəal təlimin spesifik xüsusiyyətlərini göstərən bir sıra tələblərə də rast gəlinir. Həmin yanaşmaları nəzərdən keçirək. Onlar aşağıdakılardır:

1) Müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idrakı problem situasiyasının yaradılması

2) Problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması

3) Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması

Fəal təlim üsullarının dərsin motivasiya mərhələsində rolu çox böyükdür. Əvvəla, qeyd etmək lazımdır ki, bu təlim üsulları psixoloji mövqeyə malikdir. Belə ki, müəllim tərəfindən problemli vəziyyət yaradılır (iş üsullarıdan istifadə etməklə) və motivasiyaya təhrik edilir. Problemli vəziyyəti bu şəkildə sxemlər formasında   göstərmək olar:

 

shekill

 

Təcrübəli müəllimlərdən olan Xanım Qədimova fəal təlimin üstünlüyündən danışarkən qeyd edir ki, “təlim prosesi uşaqda fəallığı, məntiqi düşünməyi, ətrafdakı şeylərə və hadisələrə tənqidi yanaşmağı, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməlidir”.