Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Nizami adına Ədəbiyyat İnstitutunda elmi-tədqiqat müəssisəsinin bir illik fəaliyyəti ilə əlaqədar tədbir keçirilmişdir

Nizami adına Ədəbiyyat İnstitutunda elmi-tədqiqat müəssisəsinin bir illik fəaliyyəti ilə əlaqədar tədbir keçirilmişdir

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda elmi-tədqiqat müəssisəsinin bir illik fəaliyyəti ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi-tədqiqat müəssisəsində  bir il ərzində görülən işlər barədə ətraflı məlumat vermişdir. Azərbaycanda müasir dövrün tələblərindən irəli gələn islahatlar çərçivəsində Akademiyada da 2013-cü ilin ortalarından bəri köklü dəyişikliklərin baş tutduğunu qeyd edən institut rəhbəri bu gün AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bilavasitə təşkilatçılığı ilə həyata keçirilən islahatların artıq böyük səmərə verdiyini xüsusi vurğulamışdır. Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti strukturunun təkmilləşdirilməsi, yeni elmi-tədqiqat institutlarının, elmi təşkilatların yaradılmasını, bəzi elmi qurumların adlarının dəyişdirilərək müasir tələblərə uyğunlaşdırılmasını, yeni şəraitlə səsləşən şöbə və laboratoriyaların fəaliyyətə başlamasını, struktur islahatları zamanı istedadlı mütəxəssislərə, xüsusən də gənclərə diqqət göstərilməsini akademiyanın yeni rəhbərliyi tərəfindən prioritet fəaliyyət istiqamətləri kimi müəyyənləşdirildiyini diqqətə çatdırmışdır.

 İslahatlar və yeniləşmə dövrü kimi səciyyələndirilən son bir ildə Ədəbiyyat İnstitutunda da mühüm irəliləyişlərə nail olunmuşdur. Belə ki, bir neçə yeni şöbə və yardımçı təsisatlar qurulmuş, bir-birindən fərqli tamamilə yeni istiqamətli elmi nəşrlər meydana gəlmiş, institutda nəşr olunan elmi məcmuənin sonuncu nömrəsi bütünlüklə gənc elmi işçilərin məqalələrini əhatə etmişdir ki, bu da akademiya tarixində ilk hadisə kimi əhəmiyyətlidir. Həmçinin institutun 80 illik yubileyi təntənə ilə qeyd edilərək 100-dən çox ədəbiyyatşünas alim və digər mütəxəssislər müxtəlif səviyyələrdə mükafatlandırılmışlar.

Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında beynəlxalq səviyyəli tədbirlər, kütləvi surətdə bir sıra elmi sessiya və konfranslar, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı tarixində böyük ədəbi hadisəyə çevrilmiş “Ədəbi proses-2013” tədbiri keçirilmişdir. Elmi-tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinə uğurlu start verilmişdir ki, nəticədə Türkiyə, Rusiya, Qazaxıstan, Almaniyanın elmi qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.

AMEA Rəyasət Heyəti tərəfindən bu günlərdə verilmiş qərar əsasında institutun yeni strukturunun təsdiq edilməsini xatırladan akademik İsa Həbibbəyli yeni yaradılmış Mətbuat tarixi və informasiya şöbəsinin təqdimatını da keçirmişdir. İnstitut rəhbəri şöbənin müasir dövrdəki elmi-tədqiqat fəaliyyətinin çoxcəhətli istiqamətləri barədə məlumat verdikdən sonra istedadlı alim və publisist Şərəf  Süleymanovanı (Cəlilli) şöbə müdirliyinə təqdim etmişdir. Akademik İsa Həbibbəyli ilkin olaraq “Molla Nəsrəddin” jurnalının cildlərini və institutda son bir ildə nəşr edilmiş elmi nəşr nümunələrini şöbəyə bağışlamış, “Əkinçi”dən başlanan ənənələrin elmi-tədqiqat çərçivəsində araşdırılması işində şöbəyə uğurlar arzulamışdır.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxış edərək institut rəhbərliyinin etimadını doğruldacağına, yeni yaradılan şöbənin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına səy göstərəcəyinə söz vermişdir.

Tədbirdə filologiya üzrə elmlər doktorları – institutun elmi katibi Bədirxan Əhmədov, həmkarlar təşkilatının sədri Asif Rüstəmli və Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd çıxış edərək institutun bir illik fəaliyyətini müzakirə etmişlər.

Sonda tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun yeni yaradılan konfrans zalına baxmışlar. Qeyd edilmişdir ki, burada  son texnologiyadan istifadə olunaraq eyni zamanda altı ölkənin alimləri ilə birgə virtual tədbirlər keçirilməsi üçün yüksək şərait yaradılacaqdır.

 

Ağahüseyn Şükürov

AMEA vitse-prezidentinin köməkçisi

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx