Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Novruz sevincləri-2012

Novruz sevincləri-2012

18 mart tarixində Xırdalan şəhəri “Emil” şadlıq sarayında Hədəf Kurslarının “Novruz sevincləri” adlı bayram tədbiri keçirildi. Saat 11:30 başlayan bayram tədbiri təxminən altı saat davam etdi.

Tədbirdə Nizami, Neftçilər, Xırdalan və Azadlıq filiallarının müəllim, valideyn və şagird kollektivləri iştirak edirdi. Həmçinin müxtəlif təşkilatlardan və təhsil müəssisələrindən gələn qonaqlar da bayram təbriklərinə qoşulmuşdular. İctimai Televiziyanın “Səda” informasiya proqramının aparıcısı Orxan Cabbarov qonaqları salamlayıb açılış üçün sözü Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev və baş direktor Şəmil Sadiqə verdi. Təsisçilər bütün tədbir iştirakçılarını sevimli bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında müvəffəqiyyətlər, sevincdolu günlər və süfrələrinin bol ruzili olmasını arzu etdilər.Daha sonra bir-birinin ardınca şagird və müəllimlərin hazırladığı maraqlı səhnəciklər, bayram zarafatları, təbriklər, musiqilər səsləndirildi. “Baharın ölkəmizə məktubu” adlı şeirlə çıxış edən Nizami filialının şagirdi Ülkər Muradova bütün müəllimlərini və şagirdləri bayram münasibəti ilə təbrik etdi. Qısa müddətli rəqslərin ardınca Sevinc Nəbizadə  “Azərbaycan Mahnısı” (Neftçilər filialı), Səbuhi – Nüsrət Kəsəmənlidən gözəl bir şeir (Xırdalan filialı), Rəvan özünün yumoristik şeir “Hədəfdə Novruz” (Nizami filialı), “Nənə-bala” yumoristik səhnəciklərik nümayiş olundu.

Filiallar öz bayram səhnəciklərini nümayiş etdirdiyi müddətdə müəllimlərdən və qonaqlardan ibarət münsiflər heyəti formalaşdırıldı. Münsiflər heyəti bildirdi ki, ən maraqlı bayram səhnəcikləri təqdim edən filial sonda diplomla təltif olunacaqdır. Münsiflərin bu qərarından sonra maraqlı səhnəciklər davam etdi.

Elnur Abdurrahmanov “Mirzəhüseyn segahı” (Nizami filialı), “Ruhani” və “Baş sarı tel” saz havalarını Aşıq Aqil Göyçəli ifa etdi. Onu şeirlə Qanun Ümman müşayiət etdi (Neftçilər filialı).

            “Gün gələr” mahnısı Tünzalə Heydərova (Nizami filialı); Leyla, Pərviz və Müzəffər – musiqili səhnəcik “Xırdalan filialında…” (Xırdalan filialı), “Ayağa dur Azərbaycan!” şeir Orxan və Kamal (Nizami filialı); müharibə mövzusunda səhnələşdirilmiş “Palitoloq arvadlar” səhnəciyi (Neftçilər filialı); Evrovision-Con (haxışta) (Azadliq filiali); Akustik gitarada ifa Musa (Nizami filialı); “Evdar kişi” səhnəciyi (Neftçilər filialı); Qanun Ümmanın “Elə bir yol gedirəm ki…” şeiri Sevinc Nəbizadə (Neftçilər filialı); müəllimlərin parodiyası – İbrahim və Riyad (Nizami  filialı); “Arşın mal alan” (Azadliq filialı); “Xalqım” mahnısı “Gənc yurdsevərlər” qrupu – Nərmin və Günelin ifasında (Neftçilər filialı); yumoristik “Xəbərlər” proqramı (Nizami filialı); “TeleHədəf” kanalında “Günün efir efirləri” verlişi (Neftçilər filial); Rus dilində mahnı (Azadliq filiali); HƏDƏF ŞHK (Şən Hazırcavablar Klubu) – parodiyalar, səhnəciklər, xəbərlər, maraqlı nominasiyalar və digər səhnəciklər bütün tədbir iştirakçılarının marağına səbəb oldu.

Daha sonra “Yeni Ulduz” musiqi müsabiqəsinin laureatları bir-birindən gözəl mahnılarla səhnəni paylaşdılar. Tədbir müddətində ən maraqlı hadisələrdən biri direktorların yumurta döyüşü oldu. Ən yadda qalan hissələrdən biri də Hədəf Kurslarının hər tədris ilində bir dəfə təqdim etdiyi “İlin mükafatları-2012” oldu. Kursun ictimai və təhsil həyatında fərqlənən bütün əməkdaşlara növbəti dəfə nominasiyalar təqdim olundu:

İlin adamı – Hikmət Tarquliyev (“Azad Azərbaycan” teleradio şirkətinin kommersiya üzrə vitse-prezidenti)

Hədəfin ən sadiq dostu – Amil Həsənov (Qafqaz Kurslarının təsisçisi), Səbinə Şahruqova, Orxan Cabbarov

Hədəfin regionlarda ən yaxşı təmsilçisi – Əlisalam Həsənov

İlin ən yaxşı fənn rəhbəri – Fətəli Hüseynov

İlin ən intizamlı müəllimi – Gülay Rzayeva, Anar Allahverdiyev, İman Məmmədov

İlin ən ünsiyyətcil müəllimi –  Elxan Zəbiyev

İlin ən fəal müəllimi  – Məhəmməd Xankişiyev, Nigar Səfərova

İlin ən yeniliçki müəllimi – Teymur Fərziyev, Rumiyyə İbrahimova

İlin ən qayğıkeş müəllimi – Arzu Sadıqova, Səiədə Hacıyeva, Samir Xankişiyev

İlin ən yaradıcı müəllimi – Famil İsayev, Qanun Məmmədov

İlin ən sevilən müəllimi – Vüsal Heybətov, Humay Qurbanova, Ofelya Aslanova

Şagirdlərin ən yaxın dostu – Elnur Axundov

İlin ən yaxşı təbliğatçısı – İnarə Sadıqova, Aygül Safiyeva

İlin ən təcrübəli müəllimi – Zəfər Fərhadov

İlin ən tələbkar müəllimi – Vüsalə Tağıyeva

İlin ən fədakar müəllimi – Vüsalə Sadıqova , Məzahim Mustafayev

İlin ən təvazökar müəllimi – Kərimov Samir, Rövşən Qasımov, Ruslan Rzayev

İlin məzunu – Şəbnəm Tağıyeva

Bədii hissənin sonunda münsiflər heyətinin səsvermələri açıqlandı. Beləliklə, “Novruz sevincləri” bayram tədbirində “İlin ən fəal filial” Azadlıq filialı seçildi. Baş director f.ü.f.d., dos. Şəmil Sadiq bu mükafata layiq görüldüklərinə görə Azadlıq filialının bütün müəllim və şagird heyətini təbrik etdi.

Bədii hissədən sonra tədbir maraqlı rəqs nömrələri ilə davam etdi.

 Novruz bayramının tarixi

Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.

Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamül Mülk ”Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Novruz bayramında çərşənbələr

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.

Novruz dünya xalqlarının bayramı kimi

Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda,  Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonusaymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

Novruz Azərbaycanda

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Novruz İranda

İranda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.

Novruz Əfqanıstanda

Əfqanıstanda da yumurta döyüşü olur. Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” – ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.

Novruz Qırğızıstanda

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.

Novruz Tacikistanda

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.

Novruz Özbəkistanda

Özbəkistanda Novruz süfrəsi üçün “nişala” hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.

Yeni gün

Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün bayramı, Bahar bayramı; özb. Navruz, türkm. Nowruz, kürd. Newroz, qaz. Naurız, qırğ. Nooruz, türk.Nevruz, krımtat. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.

Qədim zamanlardan başlayaraq Azərbaycan, İran,Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx