Oxu Günü

“OXU GÜNÜ” mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan layihədir. Həyata keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın təbliği, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Layihənin ideya müəllifi və rəhbəri: f.ü.f.d., dosent Şəmil Sadiqov
Layihənin icraçısı: t.ü.f.d. Elvin Əliyev
Layihənin şüarı: GƏLİN BİRGƏ OXUYAQ!
“Oxu Günü” layihəsi kitabın, mütaliənin təbliğinə əsaslanan bir kitab bayramıdır. Bu, açıq havada bir neçə saat müddətində təşkil olunan və insanların kitab ətrafında toplaşmasını, kitablarını paylaşması, kitab hədiyyələri etməsi, müəlliflərlə görüşmək, kitablarını imzalatdırmaq imkanı verən bir mədəni aksiyadır. Ötən illərdə (2015, 2016) təşkil olunan Oxu Günü tədbirlərində bədii-konsert proqramı, məktəblilərin kitaba, təhsilə, mədəniyyətimizə aid səhnəcikləri də təşkil olunmuşdur. “Oxu Günü”ndə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Tədbirə qatılmaq üçün Təşkilat Komitəsinin əsas istəyi hər kəsin gələrkən özü ilə hədiyyə edə biləcəyi bir kitab gətirməsidir. Tədbir boyunca bu kitabları “Oxu Günü”ndəki iştirakçılar bir-birinə qarşılıqlı hədiyyə edirlər. Həmçinin öncədən elan olunmuş saatlarda yazıçıların imza saatları təşkil olunur. Müxtəlif stendlərdə eyni gündə baş tutan imza saatlarında oxucular sevimli yazıçıları ilə görüşmək, əsərləri haqqında -fikirlərini bölüşmə, suallarına cavab almaq imkanı qazanır. “Oxu Günü” tədbiri boyunca təşkil olunan və tədbirin əvvəlindən sonuna qədər davam edən aksiyalardan biri də “Əsgərə Kitab, Əsgərə Məktub”dur. Bu aksiya çərçivəsində yazıçı, oxucu və ümumiyyətlə tədbirdə iştirak edənlər gətirdikləri hədiyyə kitablara əsgərlərimiz üçün ürək sözlərini yazaraq stendə təhvil verir. Bu stenddə toplanan məktublu kitablar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bu işə təhkim olunan əməkdaşına təhvil verilir. Və kitablar Nazirliyin xətti ilə hərbi hissələrimizdəki kitabxanalara göndərilir. Tədbir boyunca təşkil olunan ənənəvi aksiyalardan biri də cəmiyyətin yaxşı tanıdığı simaların növbə ilə seçdiyi kitabdan kiçik bir parçanı iştirakçılar üçün qiraət etməsidir. Bununla hər kəs bir daha bir-birini kitab oxumağa, mütaliəyə səsləmiş olur. “Oxu Günü”ndə təşkil olunan daha bir aksiya – 5-10 dəqiqə müddətində hər kəsin özü ilə gətirdiyi kitabı səsli oxumasıdır. Bu maraqlı aksiya kitabların, yazıçıların və ədəbiyyat, kitab ətrafında həmrəylik göstərən bütün insanların dostlaşmasına, birliyinə işarədir. “Oxu Günü”nün vacib əhəmiyyət kəsb edən tərəflərindən biri tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların stendləri ilə iştirak etməsi, yeni işıq üzü görmüş kitablarını sərgiləməsidir. Nəşriyyatlarla yanaşı müxtəlif kitab və ədəbiyyat klubları, habelə müəlliflərin fərdi stendlərini nümayiş etdirməsi üçün “Oxu Günü” təşkilat komitəsi tərəfindən stendlər ayrılır. “Oxu Günü” həm də bir xeyriyyə aksiyasıdır. Keçirilmiş tədbirdə uşaq evləri, aztəminatlı ailələr üçün nəzərdə tutulan stendə hədiyyə olunan kitablar layihənin təşkilatçıları tərəfindən toplanaraq ünvanlarına çatdırılır. “Oxu Günü” kitab, ədəbiyyat, Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti, musiqi, habelə təhsili ilə bağlı bütün yaradıcılıq nümunələrinin, onların müəlliflərinin təbliği üçün hər il yeni ideyaları layihəyə birləşdirməklə il-ildən daha geniş, insanlarımızın daha çox marağına səbəb olacaq bir “KİTAB BAYRAMI”nı hədəfləyir. “

Layihə haqqında bütün görüntüləri linkdən izləyə bilərsiniz : https://www.facebook.com/oxugunu/?fref=ts