Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Oxu Günü -3 keçirildi!

Oxu Günü -3 keçirildi!

Aprelin 29-da Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” adlı tədbir keçirilib. “Oxu günü” yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq məqsədi daşıyır.
Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Xalq yazıçısı Çingiz Abdullayev, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıqov çıxış edərək, layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”nə tanınmış ədiblər, ictimai və siyasi xadimlər, millət vəkili Qənirə Paşayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı İlqar Fəhmi, Varis Yolçuyev, şair Qulu Ağsəs, yazıçı Müşfiq XAN və başqaları qatılıblar.
Tədbirin əsas özəlliklərindən biri ədiblərin oxucularla görüşü oldu. “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıqov, “XAN” nəşriyyatının direktoru Müşfiq XAN, Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı Varis Yolçuyev və digər ədiblər iştirakçılarla görüşüb, onlara imzalı kitablarını hədiyyə ediblər.
Tədbir çərçivəsində, həmçinin paytaxtda fəaliyyət göstərən kitabxana və nəşriyyatların bədii-elmi kitabları da sərgilənib. Xüsusən, iştirakçılar “Hədəf Nəşrləri”nə məxsus müxtəlif nəşr nümunələrini pulsuz əldə ediblər.
“Oxu Günü”ndə, eyni zamanda paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri çıxış ediblər. Onlar bədii əsərlərdən ibarət pantomim tamaşaları, kitablarla bağlı müxtəlif səhnəciklər, “fləşmob” və digər təqdimatlar təşkil ediblər.

oxu-3 oxu-2
18156505_1059581677519447_5512341164364657571_o18155829_1059576684186613_2523471009265726751_o
18192625_1661858557162203_1124436857498395795_o

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx