Öyrənmə prosesində stress və ona qarşı tədbirlər

Stress nədir? Necə yaranır?
Stressin təməlində qorxu dayanır. Qorxu isə bütün canlılarda özünü qoruma instikti ilə əlaqədardır. İnsan özünə qarşı yönəlmiş təhlükə hiss edəndə beynin amiqdala adlı “qorxu mərkəzi” aktivləşir, sürətli qərar verməsi üçün onun geniş düşünmə qabiliyyəti itir və orqanizm don-vur-qaç rejiminə keçir. Bu cür şəraitdə insan təhlükənin miqyasından asılı olaraq ya yerində donmalı, ya hücum etməli, ya da qaçmalıdır. Lakin fiziki təhlükə ilə yanaşı insana xas olan hörmətdən düşmə, rüsvay olma kimi psixoloji təhlükələr də mövcuddur və biz bu cür təhlükələri hiss edən də beynimiz özünü qoruma rejiminə keçir.
Heyvanlardan fərqli olaraq, insan öz fikirləri ilə təhlükələrin dərəcəsini artıra, hətta əslində reallıqda olmayan təhlükələr yarada bilər. Məsələn, biz özümüzü başaqalarından yüksək hesab edəndə, özümüz haqqında şişidilmiş fikirlər yaratmağa çalışanda zəif cəhətlərimizin meydana çıxması bizim üçün təhlükəyə çevrilə bilər. Bu bizim fikrimizdə yaratdığımız süni təhlükə olsa da, beynimiz bunu real təhlükə kimi qəbul edir və stressə səbəb olur.
Xroniki stress və təhsil prosesi.
Davamlı stress altında olan orqanizmdə kortizol adlı stress hormonu artır və bunun nəticəsində emosialar yüksəlir, öyrənmə, məntiqi və yaradıcı düşünmə qabiliyyəti itir. Buna görə də aşağı qiymət almaq, sinif yoldaşlarından dala qalmaq və valideyn sevgisini itirmək qorxusu yaşayan uşaqlar özünü qoruma rejiminə keçir, bu isə zehni daralmaya səbəb olur. Bu vaxt geniş düşünmə qabiliyyəti itdiyi üçün uşaqlar ən qısa yolu – əzbərçiliyi seçirlər. Əzbərçilik isə uşaqda lazımi motor qabiliyyətləri və öyrənməyə xas zövq duyğusunu inkişaf etdirmir, onun yerinə beyni yükləyir və gərgin saxlayır. Bir çox uşaq davamlı zehni gərginliyə tab gətirmir və bir növ təslim olaraq dərslərdən uzaqlaşır.
Stressin ilkin səbəbi uşağın hansısa fənn və ya mövzuları çətin və ya ləng başa düşməsidir. Düzgün yanaşma və nisbətən çox çalışmaqla bu problemi həll etmək mümkündür. Lakin aşağıdakı faktorlar stressin güclənməsinə və xroniki vəziyyət almasına səbəb olur.
1. Qeyri-sağlam ailə mühiti.
· Valideynlər uşağın problemi ilə maraqlanmayanda və yalnız yüksək qiymət tələb edəndə təhsil maraqlı məşğuliyyət olmaqdan çıxır və arxasında cəza və mükafat mexanizmi olan bir vəzifəyə çevrilir.
2. Müəllimlərin formalizmi və uşaqlara fərdi yanaşma göstərməməsi.
· Müəllimlər uşaqlara fərdi yanaşma göstərməyəndə, geri qalan uşaqlara dəstək verməyəndə və qiymətləndirmədən stimul yox, cəza kimi istifadə edəndə nisbətən zəif uşaqlarda inamsızlıq artır. Bu vaxt onlar laqeydlik və üsyankarlıq kimi müdafiə mexanizmləri formalaşdırırlar.
3. Ali məktəbə qəbul ola bilməmə və gələcək qorxusu.
· “Oxumasan heç nəyə nail olmayacaqsan”, “İnsanların yanında hörmətin olmayacaq” kimi neqativ motivasiya formaları uşaqlarda stressi artırır. Onlar daim ən pis həyat senarisini fikrirlərində canlandırır və hər dəfə dərsdə çətinlik çəkəndə ən pis senarinin yaxınlaşdığını düşünürlər.
4. Yoldaşlarının yanında rüsvay olma qorxusu.
· Uşaqlar arasında sağlam münasibət qurulmayanda onlar öz zəif cəhətlərinin üzə çıxmasını istəmirlər. Çünki yoldaşlarının onları ələ salmasından qorxurlar. Belə olduqda onlar ya içinə qapanır, ya laqeydlik göstərir, ya da yoldaşlarından üstün olduqları keyfiyyətlərini qabardırlar (məsələn, koridorda akrobatik hərəkətlər, kompüter oyunları və s.).
Xroniki stress yaşayan uşaq dərsi başa düşməkdə çətinlik çəkən kimi bu vəziyyəti öz qorxuları ilə əlaqələndirir. Orqanizmdə kortizol yüksəlir və geniş düşünmə qabiliyyəti itir. Bununla da uşağın mövzunu dərindən öyrənməsi imkansızlaşır və əzbərçilikdən başqa yolu qalmır.
Bəs xroniki stressə qarşı hansı tədbirləri görmək olar?
1. Stressin əlamətlərini müşahidə edin. İlk olaraq özünüzdə stressin əlamətlərini müşahidə etmək lazımdır. Çünki nəzarəti ələ almaq üçün əvvəlcə vəziyyətin fərqində olmalısınız.
a) Stressin fiziki əlamətləri:
· Baş ağrısı
· Qarın ağrısı və ya həzm problemi
· Gec və/yaxud narahat yatma
· İştahın azalması və ya anormal artması
· Bədənin bəzi yerlərində titrəmə və ya tutulma
· Əlin tərləməsi
· Ürək döyüntüsü və s.
b) Stressin psixoloji əlamətləri:
· Yodaşlarınızdan uzaqlaşma, içinə qapanma
· Özündən tez çıxma və dözümsüzlük
· Tez-tez dərsdən qaçma və ya dərsə gəlməmə cəhtləri
· Yerli-yersiz kövrəlmə və ağlama
· Narahatlıq və neqativ fikirlər və s.
2. Stress yaradan fikirlərin səbəb-nəticə əlaqəsini müəyyən edin.
a) Stress yaradan fikirləri müəyyən edin (Məsələn, AŞAĞI QİYMƏT ALSAM VƏ YA DANIŞANDA HƏYƏCANLANSAM RÜSVAY OLACAM),
b) Səbəblərini anlamağa çalışın (Məsələn: MƏN ÖZÜMÜN ONLARDAN YÜKSƏK OLDUĞUMU DÜŞÜNÜRƏM. BUNUN BELƏ OLMADIĞI AYDINLAŞSA MƏYUS OLACAĞAM).
c) Onları müsbət fikirlərlə əvəz edin (Məsələn: HƏR KƏSİN ZƏİF CƏHƏTİ OLA BİLƏR. MƏNİM DƏ OLMASI NORMALDIR.) və
d) Pozitiv düşünün (Məsələn: HƏR ŞEY ÖZ ƏLİMDƏDİR. BU DƏRSƏ DAHA ÇOX DİQQƏT AYIRACAĞAM VƏ SƏVİYYƏMİ QALDIRACAĞAM).
Psixoloq Vilyam Ceymsin sözü ilə desək, stressə qarşı ən yaxşı silah bizim bir fikri başqası ilə əvəz etmək bacarığımızdır.
3. Qorxularınızı və çətinliklərinizi paylaşın. Qorxularınızı və çətinliklərinizi müəllimləriniz, vallideynlərinizlə paylaşın, lazım gələrsə məktəb psixoloquna müraciət edin. Qorxularınızı etiraf etdikcə onların sizin üzərinizdəki təsiri azalır.
4. Zəif cəhətlərinizin üzərində işləyin və yardım istəyin. Xarakterinizdəki (TƏNBƏLLİK) və öyrənmə qabiliyyətinizdəki (Məsələn, DİQQƏTSİZLİK, MƏNTİQİ ƏLAQƏ QURMADA ÇƏTİNLİKLƏR) zəif cəhətləri etiraf edin və onların üzərində işləyin. Yardım istəyin.
5. Dərslərə planlı yanaşın. Dərsləri qrafiklə oxuyun. Geri qaldığınız fənnlərə daha çox vaxt sərf edin.
6. Vaxtında yatın və sağlam qidalanın.
7. İdman və meditasiya ilə məşğul olun. Müntəzəm olaraq idman, nəfəs hərəkətləri və meditasiya ilə məşğul olun.
Qısa müddətli stress.
Xroniki stress problemi olmayan şagird və tələbələr də tədris prosesində müəyyən stress keçirdə bilərlər. Məsələn, dərslərin çoxluğu, vaxt azlığı və ya imtahan kimi faktorlar yüksək təlaşa səbəb ola bilər. Bu hal da zehni daralma və ya “tunel” effektinin meydana çıxmasına səbəb olur. “Tunel effekti” yaşayan insan oxuduğu və ya gördüyünün yalnız məhdud hissəsini qavrayır.
Almaniyada keçirilən bir ekperimentdə bir məktəbli uşağı tomoqrafiya aparatına qoşublar və onun kompüter oyununda maksimum sürətlə avtomobili finişə çatdırmasını istəyiblər. Bu vaxt uşaq yarışa maksimum diqqətlə yanaşsa da beyninin cüzi bir hissəsində aktivlik müşahidə edilib. Bundan sonra oyunu avtomatik sürücü rejiminə keçirdib, uşaqdan sadəcə sürücünün yanındakı sərinişin kimi yarışı müşahidə etməsini istəyiblər. Bu vaxt tomoqrafiya aparatında uşağın beyninin geniş bir hissəsində aktivləşmə müşahidə edilib. Uşaq maşını finişə çatdırmaq təlaşı hiss etməyəndə beyni daha rahat olub və avtomobilin keçdiyi yerlərin və yolda qarşısına çıxan predmetlərin bir çoxunu yadında saxlayıb. Yəni insan bir işi görərkən təlaş hiss etdikdə zehni daralma yaranır, yalnız o işi başa çatdırmağa çalışır və gördüyü məlumatın çox hissəsi diqqətindən yan keçir.
Siz qısa müddət ərzində çoxlu məlumat mənimsəməli olduqda oxuduqlarınızı geniş təhlil etmir, misal və məsələlərin müxtəlif variantlarını nəzərə almır, materialları ən bəsit şəkildə yadda saxlamağa çalışırsınız.
Digər tərəfdən imtahanda bəzi suallara çox vaxt sərf edəndə o biri suallar üçün az vaxt qalması da sizdə təlaş yarada bilər. Dərs və ya imtahan vaxtı güclü təlaş və zehni daralma hiss etdiyinizdə nəfəs hərəkətləri ilə xoşbəxtlik hormonlarınızı artırıb özünüzü pozitiv vəziyyətə qaytara bilərsiniz. Bunun üçün sizə iki nümunə təqdim edirik.
Çalışma 1.
a. Bir dəfə dərindən nəfəs alıb sonra nəfəsi yavaş-yavaş buraxın.
b. İndi burnunuzun sağ dəliyini bağlayıb sol dəliyindən dərin və yumşaq nəfəs alın.
c. Sonra sol tərəfi bağlayıb nəfəsi sağdan yavaşca buraxın.
d. İndi sağdan dərin nəfəs alıb soldan yavaşca buraxın.
e. Bu hərəkəti 3-5 dəqiqə davam etdirin.
Çalışma 2.
Sadəcə burnunuzdan dərin və yumşaq nəfəs alın, sonra nəfəsinizi yavaş-yavaş (3-5 saniyə) ağzınızdan buraxın. Hərəkəti 3-5 dəqiqə davam etdirin.
Bir müddət sonra beyniniz özünü qoruma rejimindən çıxıb öyrənmə rejiminə qayıdacaq və siz dərsə rahat davam edə biləcəksiniz.
(c) Dövlət İmtahan Mərkəzi