Buradasınız: Ana səhifə - Ümumi - QAPINI DÖYƏN VAR…

QAPINI DÖYƏN VAR…

“Əlidolu” məzunlarımıza həsr edirəm…

Müşfiq XAN

Əslində bu yazını yalnız bir xəbər olaraq da vermək olardı. Çünki elə-belə, balaca bir xəbər deyil. Söhbət məzunlarımızdan birinin – Fənlərin Dostluğu Olimpiadasının 1-ci buraxılışının qalibi, Avropa liseyinin şagirdi Aysel Bayramovanın İngiltərənin Royal Holloway Universitetinin (RHUL) neft mühəndisliyi fakültəsinə qəbul olmasından gedir. Amma düşündüm ki, çoxlarının şablon xəbərləri oxumağa marağı azalıb və elə buna görə də bu kiçik yazını yazmaq qərarına gəldim.

Təhsilimizdə inkişaf var, bunu heç kim dana bilməz. Bununla 5 illik fəaliyyətə malik olan öz müəssəmizdən başlamış, bir çox ali və orta məktəblərə qədər hər yerdə rastlaşmaq olar. Bunun da əsas səbəbkarlarından biri elə istedadlı şagidrlərin özüdür…

Bu gün məktəblilərin, gənclərin və istərsə də yeni məzun olmuş ali məktəb tələbələrinin inkişafı üçün sonsuz geniş inkişaf imkanları vardır. Çoxları bunu görür, bəziləri məhəl qoymur, az bir qismi isə bu şəraitdən səmərələnməyi bacarır. Və məhz bu hissə sonda istedadlılar qrupuna aid edilir. İnternetin, sosial şəbəkələrin və digər resursların genişləndiyi bir dövrdə şagirdlərin bu vasitələrdən düzgün istifadə etməməməsi sözsüz ki, sonda uğursuzluqla, ən yaxşı halda isə nəticəsizliklə yekunlaşır. Bu barədə müəllimin də, şagirdin də, valideynin də özünəməxsus iradları ola bilər. Amma söhbət uğurdan gedirsə, bayaq qeyd etdiyim kimi bu ən başlıcası şagirdin özündən, daha sonra isə onun hansı mühitdə təhsil almasından gedir. Lap elə bizim Aysel kimi…

2010-cu ilin dekabrında Hədəf Kurslarının müstəsna layihələrindən biri olan və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə eyni ərəfədə keçirilən Fənlərin Dostluğu Olimpiadası çoxlarının marağına səbəb oldu. Təbii ki, bəzilərinin qınaq obyektinə də çevrildi. Məncə bu həmişə belə olur. Nəhayət ki, Olimpiada həmin il üçün öz işlərinə yekun vuranda – final mərasimində hamı Hədəfi bir daha “gördü”… Yenə deyirəm, bu elə-belə uğur deyildi… Bu layihənin ideyasını verən Şəmil müəllimin özü belə olimpiadanın möhtəşəm uğurunu ilk vaxtlarda sanki bir yuxu kimi qəbul edirdi. Doğrudur, “bizim” prinsiplərimizdə “əlçatmaz heç nə yoxdur” əsas meyardır, amma yenə də biz bu tədbirdən gözlədiyimizdən bəlkə də 2 dəfə artıq “əlidolu” qayıtdıq. Həmin gün sponsorların olimpiada üçün təklif etdiyi bütün hədiyyələri, özümüzün kitab hədiyyələrimizi – hamısını birər-birər “tanımadığımız” şagirdlərə payladıq. Lap elə “Bizim Cəbiş müəllimdə” Cəbiş müəllimin arvadının “tənəsi” ilə bişirdiyi bütün sabunları əsgərlərlərə payladığı kimi!.. Dodaqbüzənlər də tapıldı, qeybət edənlər də, ay nə bilim “yerlər qabaqcadan satılıb” deyənlər də… Amma o müsabiqədə mükafatlandırılmış şagirdlər, onların valideynləri, müəllimləri və ümumiyyətlə tanıdıqları və bütün vicdanlı insanlar bilirdi ki, bu tədbirdə qalib olan intellektual Azərbaycan şagirdindən başqası deyildir… Və bu gün yüksək uğurla bizim görüşümüzə gələn Aysel də məhz 2 il əvvəl “əlidolu” bildiyimiz şagird idi! Biz bu gün bir daha sevindik, həm də lap çox!!!

Bəzən istedadlar kənarda qalır, üzə çıxmır. Ya imkan, ya şərait, ya da ki, hansısa bir “məmmədqulu” çıxır və buna mane olur. Amma bəzən də istedadlar üzə çıxmaq istəyir, “qapı döyür” amma açılan qapı onları uğura deyil uğursuzluğa və çarəsizliyə aparır…

P.S. Bu gün Şəmil müəllimin otağının qapısı yenə döyüldü. Aysel idi… İki il əvvəlki kimi yenə də “əlidolu” (universitetə qəbul olduğunu təsdiq edən sənədlə) gəlmişdi sağ olsun!

Son söz: Müəllim üçün əsas o deyil ki, kiməsə candərdi “bizim məzunumuzdur” desin… Əsas budur ki, həmin məzun illər keçdikcə yenə də öz uğurlarını, öz sevinclərini sevimli müəllimləri ilə bölüşsün! Lap elə Aysel kimi!..

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx