Şəmil Sadiq`in “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” adlı monoqrafiyasının təqdimatı keçirildi

Hüseyn  cavidin  130 illik yubileyi  Bakı  Pedaqoji  Kadrlarin İxtisasartırma  və  Yenidənhazırlanma İnstitutunda qeyd   edildi.

Dekabrın 14-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans və İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Şəmil Sadiqin “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” monoqrafiyasının təqdimatı keçirilmişdir. Öncə konfrans iştirakçıları institutda yaradılmış Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar. Konfransı giriş sözü ilə BPKİYİ-nin rektoru professor Asəf Zamanov açaraq, Cavidin nəinki əsərlərinin, yaşadığı ömrünün də bir mərdlik, vətənpərvərlik məktəbi olduğunu qeyd etdi. O, həmçinin bildirdi ki, Hüseyn Cavidin yratdığı bir-birindən dəyərli, fəlsəfi əsərlər hamı tərəfindən sevilə-sevilə oxunur. Onun “Ana”, “Uçurum”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”, dünya ədəbiyyatının şedevr əsərlərindən olan “İblis” kimi əsərləri dünya ədəbiyyatı xəzinəsində özünə layiqli yer tutmuşdur.

Natiq onu da vurğuladı ki, Hüseyn Cavid həm yaxşı oğul, yaxşı ər, yaxşı ata, vətəninə, millətinə sadiq, haqq yolunda əyilməz və mətin bir vətəndaş, əqidəsinə, amalına xidmət edən kamil bir insan idi. Bütün bunları həmişə yüksək qiymətləndirən, dəyər verən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2012-ci il fevral ayının 16-da Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı da bizə stimul verir, dahi şairi layiqincə yad etməyimizi bir daha şərtləndirir.

Hələ Ümummilli liderimiz Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir dövrdə Cavidə olan ali münasibəti ilə onun dahi bir şəxsiyyət olduğunu göstərmişdir. Çətin bir dövrdə uzaqgörənliklə Cavidin nəşini doğma vətəninə gətizdirən Heydər Əliyev ona ucaldılan məqbərənin bütün işlərində yaxından iştirak etmiş, Cavid ailəsini yenidən bir-birinə qovuşdurmuşdur. Cavid ailəsinin dəfn edildiyi həmin məqbərə hazırda müqəddəs bir ocaq kimi ziyarətgaha çevrilmişdir.

Konfransda Hüseyn Cavid ev muzeyinin direktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavidin ev muzeyi və cavidşünaslıq”, BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri professor Aydın Paşayev “Cavid yaradıcılığında bəzi şəxs adlarının üslubi xüsusiyyətləri”, İnstitutun baş müəllimi Esmira Cəfərovanın “Hüseyn Cavidin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi məsələləri” mövzusunda məruzələri dinlənilmişdir.

Əməkdar artist Eldost Bayram Cavid yaradıcılığından nümunələr təqdim etmişdir. Sonra, dosent Şəmil Sadiqin Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası monoqrafiyasının təqdimat mərasimi olmuş, müəllif “Cavidin qəhrəman konsepsiyası” mövzusunda məruzə etmişdir.

Sonda BPKİYİ-nin baş müəllimi Esmira Cəfərovanın rəhbərliyi ilə ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilmişdir.

BPKİYİ-nin mətbuat xidməti