Tədris ilinin yekunlarına həsr olunmuş illik iclas keçirildi

Avqustun 31-də Hədəf Kurslarının 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş illik pedaqoji iclası keçirilib. Odlar Yurdu Universitetində keçirilən tədbirdə Hədəf Kurslarının idarə heyəti və müəllim kollektivi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İclası çıxış sözü ilə İnsan Resurslarının müdiri Nərmin İsayeva açıb. O, yeni tədris ilində müəllimlərə uğurlar arzu edib.  Daha sonra İcraçı Direktoru Emin Sadiqov kürsüyə gələrək, Hədəf konsepti, kursun gələcək planları barəsində məlumat verib: “İlk olaraq yeni tədris ilində hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, keçən ilki uğurlarımız bu il də davam edəcək, üstəlik qarşımıza qoyduğumuz yeni hədəflərə çata biləcəyik. Sizin də bildiyiniz kimi bizim ən böyük uğurumuz şagirdlərimizin universitetə qəbul faizinin yüksək olmağı ilə yanaşı, onları dövlətimizə, millətimizə layiqli vətəndaş kimi yetişdirməkdir. Burada məhz sizin üzərinizə böyük işlər düşür. Məhz buna görə də üzərimizə düşən bu şərəfli iş bizi daha da məsuliyyətli olmağa sövq edir”.

O, nitqini bitirdikdən sonra sözü Təhsil və Tədris işləri üzrə direktor Elxan Nəcəfova verib. Elxan Nəcəfov da öz növbəsində tədbir iştirakçılarını salamlayıb və kursun yeni təhsil ilinə hazırlığı barəsində çıxış edib: “Bizim uğurlarımızın arxasında peşəmizə məsuliyyətlə həyata keçirməyimiz dayanır. Təsadüfi deyil ki, Hədəf Kursları bu il abituriyent hazırlığı sahəsində 91 faizlik nəticə göstərib. Artıq “Hədəf” brendi insanlarda inam və etibar ehtiva edir. Hətta kursumuzdan kənardakı müəllimlər belə hər il bizim tədris proqramımızı açıqlamağımızı gözləyir. Bu mənada insanlara kömək etmək məqsədi ilə tədris proqramımızı Hedef.edu.az saytında yayımlamışıq ki, hər kəs üçün əlçatan olsun”.

Sonda Sosial layihələr və xarici əlaqələr üzrə direktor Elvin Əliyev il ərzində görülən layihələr barəsində tədbir iştirakçılarını məlumatlandırıb: “Hədəf Kursları il boyu dövlətçiliyimizin inkişafı, şagirdlərimizin ölkəmizə layiqli övlad kimi yetişməsi üçün çalışıb, bununla bağlı müxtəlif tədbirlər həyata keçirib. Bu il də şagirdlərimizin psixoloji durumlarının sabit qalması, onların imtahanlara daha rahat hazırlanması üçün müxtəlif tədbirlər planlaşdırırıq”.

Tədbir il boyu fərqlənən və imtahanda şagirdləri yüksək bal yığan müəllimlərin mükafatlandırma mərasimi ilə yekunlaşıb.

 

Teqlər