Buradasınız: Ana səhifə - BƏDİİ LÖVHƏ - Təzə müəllimin sərgüzəştləri

Təzə müəllimin sərgüzəştləri

Universiteti bitirdikdən sonra Bakının məşhur məktəblərindən birinə müəllim düzəldim. Əslinə qalsa, heç müəllim olmaq istəmirdim, amma neyləmək olar, şərait belə gətirdi. Bu o demək deyil ha, mən müəllimlik sənətini sevmirdim, sadəcə əsl müəllim ola bilməyəcəyimdən qorxurdum.
Kimi dindirsən deyəcək ki, müəllimlik gözəl sənətdir. Amma indi mən müəllim olduğumdan utanıram. Bilirəm, niyə sulalını verərsiniz, ona görə də mən bunun cavabını vermək istəyirəm. Dostdan-tanışdan, qohum-əqrabadan, yeni tanıdığım insanlardan kimsə işimi soruşanda, mən də deyəndə ki, müəllim işləyirəm, qayıdıb mənə deyirlər:
Yekə kişisən, get özünə sənət tap, bu nə sənətdir seçmisən, qadınlar müəllim olar. Hə, daha de ki, xalqı çapıb talayırsan. Bəsdirin də, uşaqlardan nə qədər pul alırsınız? və s. Hələ müəllim yoldaşlarımı demirəm, məni görən ilk gündən, tanış olan kimi deyirdilər: “Hə, çörəyimizi əlimizdən alanlardan biri də sənsən? ”(mən sonralar öyrəndim ki, bu sözü demələrinin səbəbi o idi ki, axı mən işə düzələndə kiminsə saatını əlindən alıb mənə vermişdilər. Yazıq müəllimlər həmişə təzə müəllim gələndə beləcə qanıqara olurlar.) Bax, görürsünüz? Utanmağımın səbəbi bu idi. Nə isə, siz bunlara fikir verməyin, birtəhər vəziyyətdən çıxaram.
İndi mənim yenicə işə başladığım vaxtlarda başıma gələn hadisələrə qulaq asın, sonra, yəqin ki, mənə haqq qazandırarsınız, amma çox gülməyin bütün bu dediklərimin hamısı ağlamalıdır.

Zərf məsələsi

   Bir ay olardı ki, dərs deyidim. Bir gün sinfin qapısı döyüldü və bir cavan xanım məni çölə çağırdı. Mən də uşaqlara tapşırıq verib çölə çıxdım. Xanım mənə Səfərin anası olduğunu dedi və uşağının necə oxuduğunu soruşdu. Mən də necə var idi dedim. Həqiqətən də uşaq pis oxumurdu. Birdən uşağın anası mənə bir zərf uzatdı, əvvəl, vallah mən bunun nə olduğunu bilmədim. (Təzə işləyirdim axı. ) Dedim: Xanım, bu nədir?
Xanım dedi: -Müəllim, xahiş edirəm, bunu götürün, zəhmət çəkirsiniz, siz dərs deyəndən uşaq dərslərini yaxşı oxumağa başlayıb, mənim də gücüm buna çatır, az olsa da gərək bağışlayasıznız.
Mən bunun nə olduğunu indi başa düşdüm. Təsəvvür edin, mən özümü elə itirmişdim ki, bilmirdim nə edim, götürüm, ya yox. Zərfin bir ucu valideyinin əlində, o biri isə mənim əlimdə idi. İndi yadıma düşür ki, onda mən qulaqlarımın da qızardığını hiss etmişdim. Nə isə necə oldu, bilmədim, amma zərf axırda mənim əlimdə qaldı. Özümü guya ciddiləşdirdim və qadına: -Ayıbdır, birdə belə iş görməyin, axırıncı dəfə olsun, -deyib sinfə girdim. Həmin dərsin necə keçdiyini daha xatılamıram. Beləliklə, özümün də xəbəri olmadan vicdandan, namusdan , ədalətdən, haqdan ağızdolusu danışan ədəbiyyat müəllimi ilk rüşvətini belə aldı. (daha doğrusu verdilər. )
İkinci dərs sinif rəhbəri də mənə yaxınlaşıb stolumun üstünə bir zərf qoydu. Artıq bu zərfin nə olduğunu başa düşmüşdüm, amma mənə hələ də çatmırdı ki, niyə mənə heç nədən pul verirlər. Sinif rəhbəri zərfi elə qoyub çıxdı ki, həm uşaqlar görsün ki, mənə nə isə verdi, həm də mən onu qaytara bilməyim. Mən tənbəllik eləməyib zərfi açıb gördüm ki, bir siyahı, bir də 6 şirvan pul. Siyahıda da aşağıdakılar yazılmışdı:    Ramin – 3000    Əli – 5000    Aysel – 7000    Lalə – 2000    Səmayə – 10, 000    Məhəmməd – 1000    Kəmalə – 12000    Kənan – 4000 və s. (Bu pullar Məmmədin Məmməd olan vaxti idi ha. Birdən elə bilərsiniz indi olub məni avam hesab edərsiniz. )    Bu o demək idi ki, bu uşaqların hərəsi bu qədər pul verib. İnanırsınız ki, bu siyahını oxuyanda dəhşətə gəldim? İmkanlı uşağı Səmayənin 10. 000 manatı ilə kasıb uşağı Məhəmmədin 1000 manatı mənə yaman pis təsir etmişdi. Özümü birtəhər düzəldib sinif rəhbərini axtarmağa getdim. Axtarıb tapdım da. Pulu ona qaytarıb dedim ki, mən istəmirəm, mənə belə şey lazım deyil, dilənçi zad deyiləm. Bir də ki, bunu niyə verirsiniz axı? Sinif rəhbəri dedi ki, . . . Müəllim, bilirsiniz, qabaqdan müəllimlər günü gəlir, uşaqlar da ona görə imkanları nəyə çatır, onu da sizə hədiyyə etmək istəyirlər. Mənə dedilər ki, hədiyyə alaq, mən də fikirləşdim ki, müəllim üçün ən yaxşısı puldur. Özü nə istəsə alar.
Sağ olun, mənə gərək deyil, qaytarın özlərinə, – deyib sinfə tərəf getdim.
Səhər məktəbdə belə bir səs yayıldı ki, bəs filan müəllim yuxarıdan gedir, dünən gəlib, bu gün aza qane olmur.
Bir gün bütün bu olanları ordakı yaxşı müəllimlərdən birinə danışdım. O isə mənə dedi ki, aglın olsun, nə verirlər al, amma sən istəmə. İndi almasan, bir azdan hörmətsiz müəllimlərdən birinə çevriləcəlsən. Pul alan, uşağın qiymətini aşağı salan, canını alan müəllimə daha çox hörmət edirlər.
Mən nə deyəcəyimi, nə edəcəyimi bilmirdim, çünki bu mühit mənə çox qəribə görsənirdi. Çünki sabahlar bu gündən , yəni məktəbdən başlayır axı, bu gün məktəblərimizdə vəziyyət belə olanda, görəsən, gələcək necə olacaq?!

əllif: Şəmil Sadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx