Buradasınız: Ana səhifə - BƏDİİ LÖVHƏ - TƏZƏ MÜƏLLİMİN SƏRGÜZƏŞTLƏRİ SİLSİLƏSİNDƏN/ Professor rəqəm istəyir

TƏZƏ MÜƏLLİMİN SƏRGÜZƏŞTLƏRİ SİLSİLƏSİNDƏN/ Professor rəqəm istəyir

Siz bu dediklərimi görüb elə bilməyin ki, bu cəmiyyəti pozan təkcə bəzi müəllimlərdi, yox, vallah, elə cəmiyyətin özü də düz yolun yolşusu deyil. Bir də ki, müəllim də bu cəmiyyətin nümayəndəsidir. Allah nazirimizin köməyi olsun, bu yaxınlarda belə bir fərman verdi ki, aşağı siniflərdə sinifdən-sinfə keçmək üçün aparılan imtahanlar ləğv edilsin. Allah onun ata-babasına rəhmət eləsin, elə bil, lap mənim ürəyimdən oldu. Düzdür, imtahanların ləğv olunmasına görə bir az xərcə düşdüm, amma ümumi mənafeyimiz üçün çox böyük işdir. Xərcə düşməyimin də səbəbi o idi ki, il başlayanda uşaqlar məndən imtahanın olub-olmamasını soruşanda naqafil dilimdən belə bir söz çıxdı ki, uşaqlar, əgər imtahan olmasa, mən sizə qonaqlıq verəcəyəm, indi də uşaqlar üstümə düşüb ki, müəllim bəs qonaqlıq nə oldu? Düzü, mən də qonaqlığı borclu qalmışam, amma yüz faiz verəcəm. Nə is, bu imtahanın, rüb qiymətlərinin əlindən yanıqlı olmağımın səbəbini sizə danışım.    Əvvəlcə dedim axı, mən məktəbdə hələ təzə-təzə işləyirəm. Yəqin ki, anlayarsınız da biz yaşda olan gənclər bir az çılğın, bir az haqq-ədalət tələb edən, bir az reallığı qəbul etməyən, özlərinin düşündüyü kimi desək, bir az vətəni sevən olurlar. Mən də elələrindənəm. Məktəbdə işlədiyim müddətdə çalışaram ki, uşaqların gözündə mərd, təmiz vicdanlı bir müəllim kimi zirvələri fəth edim. Bəzilərinin dili ilə desək, ac ol, kişi ol prinsipinə uyğun hərəkət edim. Nə isə, bu rüblər gələndə problemlər çoxalırdı. Altıncı sinifdə birinci rübün qiymətlərini yazanda sinif rəhbəri mənə dedi ki, bu iki uşağı nəzərə al ha, bunların babası yüksək vəzifəli şəxslərdən biridir. Mən sinif rəhbərinin sözünə qulaq asmadım, ikisinə də 3 yazdım. (bilikləri bu qiymətə layiq idi) Açığı o zaman mən həm bir az havalı idim, həm də düşündüm ki, vəzifəlidir, lap yaxşı, mən onun nəvələrinə pislik eləmirəm ki. Hələ birinci rübdür, qabaqda 3 rüb var, oxuyarlar, mən də qiymətlərini düzəldərəm. Bunlar hələ 6-cı sinifdə oxuyurlar. Qiymət bunların nəyinə lazım? Bunlara bilik lazımdır. Yazıq sinif rəhbəri çox israr elədi, amma mən dediyimdən dönmədim. Uşaqların qiymətini yuxarı yazmadım. Səhəri eşitdim ki, məni direktor yanına çağırır. Getdim, dedi ki, müəllim bəs sən bizim hörmətli dostumuz . . . müəllimin nəvələrinə niyə aşağı qiymət yazmısan?    Dedim – . . . müəllim, aşağı qiymət yazmamışam, öz qiymətlərini yazmışam, məgər pislik eləmişəm? Uşaqdılar da, bir az məsuliyyət hiss edər, çalışarlar, qiymətləri qalxar.    Direktor dedi: – Cavan oğlan, sən hələ gəncsən, hər şeyi başa düşmürsəm. Mən səndən xahiş edirəm, o qiymətləri 5 et.    Uzun sözün qısası, mən məcbur oldum ki, jurnalda qiyməti dəyişim. Bir az da əsəbi olduğumdan jurnalı qaralqyıb 5 elədim. Buna görə də yazıq sinif rəhbəri jurnalı təzədən düzəltdirdi.    Bu hadisədən xeyli keçdi. II rüb gəldi, açığı bu hadisəni mən tamam unutmuşdum. Elə buna görə də yadımdan çıxdı, uşaqların birinə 4, digərinə isə yenə 3 yazdım. Yazandan sonra yadıma düşdü, amma fərqinə varmadım, yenə öz-özümə dedim, əşşi, o boyda institutun rəhbəridir, ziyalı adamdır, yəqin mənim hərəkətimi başa düşər, amma, deyəsən, yanılmışdım. Bu dəfə direktor yox, xətrini atam qədər istədiyim dostlarımdan biri, nazirliyin yüksək çinli işçisi mənə zəng elədi ki, müəllim, bəs sənə direktor demişdi axı, o uşaqların qiymətini niyə aşagı yazırsan? İstədim ki, vəziyyəti təfsilatı ilə danışım, dedi – Narahat olma, hər şeyi bilirəm, sən də onu bil ki, bir güllə bahar olmaz. Daha mən nə deyim, bu kişini o qədər çox istəyirdim ki, sözündən çıxa bilmədim. Boş rəqəm davası edən professorun nəvələrinə qalan rüblərə səssiz-səmirsiz 5 yazırdım. İndi siz düşünün, bizim ziyalılarımız, düşüncəsiz olaraq rəqəm davası edəndə, savadsız valideyinlərin pul verib qiymət istəmələrini necə pis qəbul edəsən?! P.S. Bu hekayəni 2006-cı ildə yazmışdım. Nəzərinizə çatdırım ki, indi həmin uşaqlar indi tələbədirlər və hələ də qonaqlığı verməmişəm. Professora gəldikdə isə həmin şəxslə indi yaxşı dostluğum var. bu Hekayəni “Qana qan qarışdı” kitabında çap edib ona göndərəndən sonra mənimlə görüşdü və işimi yüksək qiymıtləndrir.

əllif: Şamil Sadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx