Buradasınız: Ana səhifə - Ümumi - Tanınmış akademik övladına “5” yazmağımı istədi

Tanınmış akademik övladına “5” yazmağımı istədi

Kərəm kişidir, yoxsa arvad?
Hər dəfə dərs keçəndə, valideynlərlə görüşəndə qiymətləndirmə ilə əlaqədar bir xeyli ideyalar yaranır və bunları da yazıya köçürmək üçün kompyuterin qarşısına keçəndə reallıqlar və faktlar o qədər sərt hücum edir ki, başımı itirib yazını da yarımçıq qoyuram. Amma bu dəfə iş yoldaşlarımdan birinə məişət zəminində verdiyim suala aldığım cavab bu məqaləni yazmağıma səbəb oldu.
Artıq 7 ildir ki, orta məktəb təhsilində kurikulum islahatı həyata keçirilir, amma müəllimlərimiz və valideynlərimiz bu layihəni bilmərrə yaxına buraxmaq və qəbul etmək istəmirlər ki, istəmirlər. Hətta iş o yerə çatıb ki, müəllimlərin təkmilləşmə kurslarında apardığım seminarda müəllimlərdən biri dedi ki, yeni nazirimiz gəldi, yəqin kurikulumu yığışdırarlar. Bunu o zaman dedi ki, mən bir doxsan dəqiqə bu müəllimlərə kurikulum layihəsinin nəzəri məsələlərini kənara qoyub vətəndaşyönümlü təhsilin mahiyyətindən danışmışdım. Elə dərsdə yadıma bir əhvalat düşmüşdü. Orada deyə bilməsəm də, indi yazmağı vacib bilirəm. Bizim kənddə İbad adlı idman müəllimimiz vardı. (İndi rəhmətə gedib. Allah rəhmət eləsin.)
Bu rəhmətlik kişi rayon üzrə 60 metrlik qaçış yarışına çıxmaq üçün bizi iki ay hazırlaşdırmışdı. Hər şey hazır idi. Yarış günü bizə son tövsiylərini verəndə komandamızdakı qızlardan biri dedi ki, İbad müəllim, mən qaçıb birinci gəlsəm, o finiş xəttini keçim, ya üstündə durum? Rəhmətlik, yaman əsəbiləşdi. Amma yumoru güclü olan müəllim bir məsəl çəkdi. Dedi ay qızım, elə bil, mən neçə saatdır sənə deyirəm ki, Kərəm əslini belə sevdi, belə əzablar çəkdi, belə evləndi, bel toy günü oldu, belə alışıb-yandı, indi sən mənə deyirsən ki, bu Kərəm kişidir, yoxsa arvad? Vallah, müəllimin verdiyi sual bundan o tərəfə keçmir. 7 ildir ki, bütün təhsil aləmi bu layihədən, layihənin mahiyyətindən danışır, amma hələ də bəzi müəllimlərimiz bu haqda primitiv formada da olsa, məlumata sahib deyillər.
Hamı elə bilir ki, bu kurikulum layihəsi əsasında dərs keçirildikdə bizim şagirdlər ya elm deyilən bir şey öyrənməyəcək, ya da kurikulum gəlibsə, təhsildə hər şey həll ediləcək.
Həm müəllimlərimiz, həm də valideynlərimiz sanki orta məktəbin sonuncu sinfində bir alim övlad görmək və ya yetişdirmək uğrunda mübarizə aparırlar.  Hələ də başa düşmürük ki, çağdaş dünyamızın orta məktəbdən gözləntisi tamam başqa mətləbdir. Axı orta statistik bir vətəndaş üçün elmin dərinliklərinə bu qədər varılmasının heç bir dəxli yoxdur. Axı alqoritmin, qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlənin nəzəri əsaslarının hansısa ana və ya atanın bir ailə başçısı, yaxşı insan olmasına heç bir dəxli yoxdur.
Nə vaxta qədər orta məktəbdən bu qədər ağır bir iş tələb edəcəyik. BDU-dakı müəllimlərim məndən inciməsin, amma mən universitetə hazırlaşanda Azərbaycan dilinin qrammatikasını öyrəndiyim qədər BDU-nun 4 kursunda öyrənmədim. Daha doğrusu, hazırlıqda o qədər dərinləməsinə keçmişdik ki, universitet təhsilinə ehtiyac qalmırdı. Eləcə də indiki qəbul qaydaları o səviyyədədir ki, bir filoloq, bir tarixçi, bir fizik bunların nəzəri məsələlərini yaxşı bir abituriyent səviyyəsində bilmir. Bu da valideynlərimizi orta məktəbdən uzaqlaşdırmağa, məktəbdən əlini üzməyə gətirib çıxarır və beləcə rəqəm sevdası yaranır.
Dünya universitetləri haqqında kiçik araşdırma etsək, görərik ki, onlar heç bir halda universitetə dərin elmi bilik əsasında tələbə qəbul etmirlər. Sadəcə, mükəmməl dil bilgisi və məntiqi təfəkkürün yerində olması Oksfordda, ODTÜ də oxumaq üçün yetərlidir. Prinsip belədir ki, bir insanın məntiqi təfəkkürünün normal olması, anlama və anlatma qabiliyyətini ifadə etmək üçün dil bilgisinin normal olması yetir ki, onu həkim də edəsən, tarixçi də, mühəndis də.  Məgər biz bu yolu seçə bilmərik? Əlbəttə ki, mümkündür və gərəkli olan da elə budur. Amma bu yolu seçmək və addımlamaq üçün hökmən Azərbaycan insanının şüurunda inqilab edilməlidir. Bu inqilab olmadıqca insanımız oxumağı da başqa cür dərk edəcək, qiymətləndirməni də…
Məncə, bir Azərbaycan ziyalısı övladına elm-bilik yox, rəqəm istədiyi müddətcə bu inqilab baş verməyəcək. Dəfələrlə professor, akademik olan valideynlərim məndən övladına, nəvəsinə sadəcə, “5” rəqəmi yazmağı istəyib və müxtəlif yollarla buna nail olmağa çalışıblar. Xalqının aynası olan bu cür ziyalının xarakteri Azərbaycan cəmiyyətinin xarakteridir.
Qiymətləndirmə anlayışı bizimlə dünya insanları arasında tamam fərqli şəkildə başa düşülür. Azərbaycan təhsilində qiymət dedikdə sadəcə jurnala yazılan rəqəm nəzərdə tutulur. Təhsil səviyyəsi yüksək olan ölkələrdə həyata keçirilən, bizdə isə yeni təhsil sistemi adlandırılan sistemdə isə sadəcə şagirdin əldə etdiyi bilik və bacarığın ölçü vahididir. Nə şagird müəlliminə qiymətə görə hörmət etmək məcburiyyətindədir, nə də müəllim şagirdini qiymətlə qorxudacaq səviyyədə.
Bu ölçü vahidi isə şagirdlərin bilik və bacarıqlarının bir-birindən fərqlənməyinə və imkanlarının ölçülməsinə xidmət edir. Kurikulum sənədindəki nəticəyönümlü  təlimdə  qeyd edilir ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
- şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);
- təlim prosesində qərarların qəbulu;
- şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.
Məncə təhsilə və qiymətləndirməyə bu cür yanaşmanı həyata keçirmək üçün müəllimlərdən yox, birbaşa valideynlərdən başlamaq lazımdır. Çünki valideyn yeni sistemi anlamadığı və dərk etmədiyi təqdirdə müəllimin sinifdəki çabaları yersizdir. Çin təhsilində uşağın nəticələrinin aşağı olmasında ilk günahkarı valideyndir. Hətta övladı məktəbdə aşağı nəticə gösətərən valideynə müəyyən cəzalar da tətbiq edilir.
Bir rus, türk, avropalı məktəblisinə ünvanlayacağın sualın cavabını nə qədər dolğun eşidə bilərsənsə, bir azərbaycanlı məktəbilisindən bir o qədər natamam cavab eşidərsən. Çünki o çərçivələr, şablonlar içində övladlarımız daima boğulur,  bunun da səbəbi həmişə biz müəllimlər və biz valideynlər oluruq. 2007-2008-ci illərdə dünyanın 30-dan çox ölkəsində keçirilən müsabiqələrdən birində azərbaycanlı uşaqlarının yazılarını yoxlayan komissiyanın üzvü idim. Qiymətləndirməyə başlamadan öncə bizə keçirilən seminarın əsas fikri o oldu ki, bir uşağın verdiyi düzgün cavaba yox, onu necə əsaslandırıldığına “əla” qiymət yazılmalıdır. Təəssüflər olsun ki, həmin müsabiqədə Azərbaycan məktəbliləri sonuncu yerdə qərarlaşdı. Amma riyaziyyat üzrə ilk üçlükdə yer aldılar. Bu da o deməkdir ki, azərbaycanlı şagirdin məntiqi güclüdür, sadəcə, bunu duyub dəyərləndirmək lazımdır. Nə qədər ki, azərbaycanlı valideyn məktəbdəki təhsilin qarşılığını bir kağız parçasında görəcək, oxumaq deyəndə sadəcə həyati bacarıqları yox, elmi biliyi nəzərdə tutacaq, nə qədər ki, Azərbaycan müəllimi sinifdə tərif, qayda əzbərlətdirərək faktologiya soruşacaqsa, o vaxta kimi əsil vətəndaş və insan olmaqda qüsurlu olacağıq.
5-ci sinif şagirdlərinə lüğətdən istifadə qaydalarını öyrətmək üçün onları kitabxanaya aparmışdım. Tapşırıq da bu olmuşdu ki, hər kəs verilən vaxt ərzində müəyyən sözlərin ingiliscə tərcüməsini, düzgün yazılışını müəyyənləşdirsin. Tapşırığı verdiyim andan bizim təsəvvürümüzdə formalaşdırdığımız yaxşı oxuyan şagirdlər kitabxananı alt-üst etdilər. Kitabların içində bir növ itib-batdılar. İki “oxumayan” damğasını vurduğum şagird isə bir kənara çəkilib telefonla oynadılar. Elə bil tapşırıq bunlara verilməmişdi. Sonda isə o iki “oxumayan” uşaq düzgün nəticəni hamıdan tez təqdim etdilər. Səbəb isə onların telefonla internetə daxil olub tərcümə lüğətinə baxmaları və bu tərcümə lüğətindən də istifadə edərək düzgün yazılışlarını tapmaları idi.
Bizim orta məktəb şagirdindən istəyəcəyimiz bu olmalıdır. Yoxsa ki, riyazi düsturları mükəmməl bilib büdcəsini idarə edə bilməmək, anatomiyadakı kəlllə sümüklərinin adını əzbər bilib burnunun qanının kəsilməsi üçün ilkin tibbi yardım etməyi bilməmək, fizikanın təriflərini əzbərləyib, evdəki bir lampanı dəyişə bilməmək, tarixi faktları ardıcıllıqla sadalayıb, kim olduğunu bilməmək, Nizaminin, Füzulinin doğum tarixini, ölüm tarixini, əsərlərinin yazılma tarixini bilib mənəviyyatdan və insanlıqdan uzaq olmaq, konstitusiyanın bəndlərini tutuquşu kimi əzbərləyib, pozulmuş haqqını tələb edə bilməmək, vasitəli, vasitəsiz nitqin qaydalarını, sxemlərini əzbərləyib fikrini əsaslandırmaq üçün kimdənsə bir sitat gətirə bilməmək, romantikanın nəzəriyyəsini öyrənib sevməyi, sevilməyi bacarmamaq, insan və cəmiyyət dərsində “5” alıb, insanla heyvana olan münasibəti fərqləndirməyi bacarmamaq şəxsiyyət olmaq deyil. Sadəcə ruhsuz, cansız, şüursuz bir robotdur.
Bu gün dünyada bilikli olmağın yox, biliyi tətbiq etməyin, nümayiş etdirməyin təntənəli qələbəsi hökm sürür.
P.S. İş yoldaşıma verdiyim sual belə idi: uşaq necədir, oxuya bilir barı? Cavab da bu olmuşdu: Əşşi oxuyanların barmağı bala batıb, o da oxusun?
Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx