Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Tanınmış yazarın yeni detektiv romanı nəşr olundu

Tanınmış yazarın yeni detektiv romanı nəşr olundu

 “Sonuncu hədiyyə”də bir qətlin açılması 20 il əvvəlki hadisəyə də işıq salır

 Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çağdaş ədəbiyyatı layihəsi çərçivəsində Müşfiq XANın “Sonuncu hədiyyə” adlı yeni detektiv romanı işıq üzü görmüşdür.  Qeyd edək ki, bu, “Tənha canavar”, “Ünvansız sevgi” və “Ümidlərin izi ilə” əsərlərindən sonra müəllifin sayca dördüncü romanıdır.

Roman barədə danışan müəllif bildirib: “İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına arxayınlıqla “Sonuncu hədiyyə” adlı növbəti romanımı təqdim edirəm. Açılmayan qətl cinayətləri üzrə baş müstəntiq – Sato ləqəbli Saday Oğuzla son dərəcə qarışıq qətlin cinayət sirrinin açılmasına oxucular da şahidlik edəcək”.

Romanda hadisələr bir-birini sevən iki gəncin qəfildən yoxa çıxması ilə başlayır. Qızın yandırılmış meyitinin tapılması cinayətin dəhşətli qətl hadisəsi olduğunu ortaya çıxarır. Qatilin axtarışlarının səylə davam etdirilməsi xəfiyyənin iyirmi il əvvəl baş vermiş daha bir hadisənin üstünü açmasına səbəb olur. Qızın ailəsinin bu hadisədən xəbərsiz halda illərlə yaşamışdır. Hadisənin qızın qətli ilə əlaqədar olduğunu aşkara çıxaran xəfiyyə qatili ələ keçirmək üçün onun hər addımını izləmək qərarına gəlir.

Detektivsevərlərin stolüstü kitablarından birinə çevriləcək bu kitabı nəfəs dərmədən oxumağa çalışacaqsınız. Bəs əsl qatil kimdir? Bunu isə ən sonda biləcəksiniz…

Roman detektiv həvəskarları üçün maraqlı olacaq.

Kitabın redaktoru yazar Cəlil Cavanşir, dizayneri Teymur Fərzidir.

 Hədəf Nəşrləri mətbuat xidməti

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx