Buradasınız: Ana səhifə - NAİLİYYƏTLƏR - KEYFİYYƏTLİ TƏHSİLİN, NOVATORÇULUĞUN VƏ XEYRİYYƏÇİLİYİN SİMVOLU

KEYFİYYƏTLİ TƏHSİLİN, NOVATORÇULUĞUN VƏ XEYRİYYƏÇİLİYİN SİMVOLU

Artıq beşinci ildir ki, öz fəaliyyətində inamla irəliləyən Hədəf Kursları bu gün həm tədris keyfiyyətinə görə, həm də novatorçuluq xüsusiyyətlərinə görə ictimaiyyət arasında öz rəğbətini qazanmışdır. Bunun üçün ötən qısa zaman kəsiyinə diqqət yetirmək kifayətdir…

Hədəf Kurslarının rəsmi fəaliyyətə başlaması düz üç il əvvəl – 2008-ci ildə təsisçilər f.e.n. Ş.Sadıqov və V.Tarquliyevin rəhbərliyi ilə baş tutdu. İlk tədris ilindən etibarən kursumuz ali məktəblərə abituriyent hazırlığı və  YÖS proqramı üzrə Türkiyə ali məktəblərinə hazırlıqlarla bağlı dərslər təşkil etdi. Dərsləri indiki kimi adı çəkilən istiqamətlər üzrə xüsusi təcrübəsi olan ixtisas müəllimləri aparırdılar. Məhz bunun sayəsində həmin il kursun həm abituriyent, həm də YÖS üzrə qəbul faizləri yüksək oldu. Sonrakı illərdə də bu təcrübənin böyük əhəmiyyəti oldu. Kurs ilk tədris ilində Türkiyənin qabaqcıl özəl tədris müəssisəsi olan “Metropol” şirkəti ilə ikitərəfli müqavilə əsasında Rəsmi təmsilçilik hüququnu aldı. Qısa vaxt ərzində nəinki abituriyent sahəsi, həmçinin YÖS proqramı üzrə kursun dinləyicisi olmaq üçün müraciətlərin sayı on dəfəyə qədər artdı. Təbii ki, ictimaiyyət təhsilmizdə yenicə addımlamağa başlayan bir tədris müəssisəsinin – Hədəf Kurslarının adını hər gün eşitdikcə istər dərslərimizə, istər kitablarımıza, istərsə də müəllim kollektivimizə və bütövlükdə kursumuza qarşı inamı getdikcə daha da çox artırdı. Bu bir fakt idi. Yüksələn isə Hədəf idi! Hamının – bütün Hədəf kollektivinin bir olan hədəfi!

İkinci tədris ilində kurs artıq öz sözünü demişdi. Birinci tədris ilindəki fəaliyyəti daha da yüksək səviyyədə davam etdirən kursumuz bu tədris ilində ali təhsilin magistratura pilləsinə hazırlıq qrupları açdı və elə həmin ildə də bakalavrların yüksək nəticəsi yenidən Hədəfin, hədəfçilərin adının dillərdə əzbər olması üçün əsl zəmin yaratdı. Magistraturaya hazırlıq dərslərində də təcrübəli müəllimlərin tədrisi və zəhməti öz sözünü dedi! Çoxları bu inkişafı əlçatmaz insanların gördüyünü düşünsə də əslində bu sadəcə öz işini bilən və öz zəhmətinə qiymət verməyi bacaran hədəfçi müəllimin gördüyü işdən başqa şey deyildi. Qazanılan uğurlar bu işdən zövq alan insanları bir an belə olsun arxayınlaşdırmırdı. Elə həmin il kursumuz öz fəaliyyətini genişləndirərək Abşeron rayonunda yeni filialını – Xırdalan filialını açdı. Bu cəmi bir ildir fəaliyyətə başlamış müəssisə üçün böyük uğur idi. Ümumiyyətlə kursun ikinci tədris ili çox uğurlu oldu. Kursun şagirdləri və dinləyiciləri üçün yeni kitablar, test topluları və metodik vəsaitlər işıq üzü gördü. Bunların hamısı işgüzar müəllimlərimizin yorulmaz əməyi sayəsində ərsəyə gəldi. Maraqlısı budur ki, bugünkü dövrdə “Hədəf” deyəndə ilk olaraq hamının yadına kursun bir-birindən məzmunlu kitabları düşür. O kitablar ki, istər tərtibat baxımından, istərsə də keyfiyyət baxımından çox məşhurdur.

Üçüncü tədris ilimiz… Həmin il də çox yadda qalan oldu. Elə tədris ilinin başlanğıcında kursumuz daha 2 yeni filialı – Neftçilər və Qəbələ filiallarını istifadəyə
 verdi. Bu dinamik inkişafın ən bariz göstəricilərindən biri idi. İkiillik fəaliyyət müddətində 4 filialın keyfiyyətli fəaliyyətini tənzim etmək təhsilimizdə əsl fədailik idi. Bu tədris ilində kursun bütün filialları elektron sistemə keçdi. Bütün  kitablar yeniləndi. Yeni nəşr layihələr – “Dərsi Qiymətləndirmə Testləri”, “Siniflər üzrə testlər toplusu”, magistraturaya hazırlaşanlar üçün “Məntiq” və “İnformatika” kitabları işıq üzü gördü. Daha bir uğur isə yola saldığımız ilin son ayında baş tutdu. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təsis olunan və ildə bir dəfə keçirilməsi planlaşdırılan “Fənlərin Dostluğu” Olimpiadası təsis olundu. Dekabr ayında olimpiadanın ilk buraxılışı oldu. Bu layihənin məzmunu Hədəf Kurslarının Azərbaycan təhsilinə verdiyi əsl novator ərmağını idi. Belə ki, olimpiada iştirakçılarına ilk dəfə olaraq ayrı-ayrı fənləri birləşdirən inteqrasiya olunmuş test sualları təqdim olundu. Bununla bağlı istər dövlət, istərsə də özəl təhsil müəssisələrimizdən xüsusi təşəkkürlər və müsbət fikirlər aldıq. Doğrudan da, bu layihənin məzmunu təhsilimizdə yeni bir mərhələ idi.

Dördüncü tədris ili! Hədəf ailəsi artıq böyümüşdü. Həmin il yüksək nəticələri, prezident təqaüdçüləri ilə respublikamızın hər bir guşəsinə bir daha səs saldı. 600 balı adlayan şagirdlərimizin sayı 3 dəfə artmış oldu həmin il. Magistraturaya hazırlıq qruplarımız da çox böyük uğura imza atdı! Nəticə 99%! Bu bütövlükdə Hədəf ailəsinin uğuru idi.

Və nəhayət, cari tədris ili! Bakı şəhərində daha bir filialı – Azadlıq filialı fəaliyyətə başladı! Dörd filialın sırasına, beləliklə daha biri əlavə olundu. Bununla bitmədi. İmişli, Saatlı, İsmayıllı, Zərdab, Ağsu, Qusar, Mingəçevir və digər bölgələrdə öz fəaliyyətini inamla davam etdirən; həmçinin yeni qurulan rəsmi təmsilçiliklər.

2012-ci il Hədəf Kurslarının tarixində beynəlxalq müstəvidə daha bir əməkdaşlıqla yadda qaldı. Şimali Kipr Türk Respublikasının Lefke Avropa Universitetinin Azərbaycandakı rəsmi təmsilçilik hüququ Hədəf Kurslarına verildi. Bu 5 illik zəhmətin daha bir töhfəsi idi.

Hədəf Kursları ötən illər ərzində nəinki paytaxtda, həmçinin əyalətlərdə də öz müsbət reytinqini qazana bildi. Fəaliyyətə başladığı gündən bu günə qədər təhsilimizin inkişafı üçün rayonlarımıza da qayğımızı əsirgəmədik. Hər ay rayonlarımızın əksəriyyətində sınaq imtahanları, seminarlar və maarifləndirmə işləri apardıq. Öz fəaliyyətində xeyriyyəçilik ənənələrini uğurla davam etdirən kursumuzda bügünkü  dövrdə yüzlərlə şagird güzəştli və ödənişsiz təhsil almaq imkanına malikdir. Kursumuz vaxtaşırı uşaq evlərinə və valideyn himayəsindən məhrum olan uşaqlar üçün kitab hədiyyələri edir.

Bunların nəticəsi olaraq əminliklə qeyd edə bilərik ki, Hədəf Kursları keyfiyyətli təhsilin, novatorçuluğun və xeyriyyəçiliyin simvoludur. Bunu kursumuzda məşhur olan bir ifadə ilə də demək mümkündür – “Biz sadəcə işimizlə öyünürük!” Fikrimcə buna haqqımız da var.

Bu gün Hədəf Kursları Baş ofisdən, Nizami, Neftçilər, Xırdalan və Qəbələ filiallarından ibarət olan sistem üzrə fəaliyyət göstərir. Kursumuzda abituriyent, magistratura, xarici ölkələrin universitetlərinə, dövlət qulluğuna, liseylərə, texnikumlara, orta sinif şagirdlərinin biliklərinin təkmilləşmə və bu ildən fəaliyyətə başlayan ibtidai siniflərə hazırlıq üzrə dərslər uğurla həyata keçirilir. Bunlardan əlavə xarici dillər və kompyuter üzrə kurslar davam etdirilir.

Kursumuz bu ildən etibarən onlayn sınaq imtahanları keçirməyə başlamışdır (www.sinaqimtahani.com). Bundan başqa elektron jurnal layihəsi də istifadəçilərin ixtiyarına verilmişdir (www.inteqrasiya.az).

Kursumuz müəllim potensialını hər il genişləndirir. Bu nəcib fəaliyyətin nəticəsi olaraq ali təhsilini yenicə başa vurmuş ixtisaslı müəllimlərin kursumuzla təması getdikcə geniş vüsət almışdır. Onlar rəhbərliyin yaratdığı şəraitdən səmərələnərək alimlik dərəcəsi olan və digər təcrübəli müəllimlərin dərslərində praktika toplayaraq əsl pedaqoq kimi yetişirlər. Bununla yanaşı onlar üçün təhsillərinin növbəti mərhələlərini oxumaq üçün əsl zəmin yaranmış olur. Həmçinin məzunlarımız üçün də “Hədəf Karyera Mərkəzi” fəaliyyət göstərir ki, bu da hazırda tələbə olan məzunlarımızın cəmiyyətdə özünəməxsus yer tutmasına və gələcəkdə ixtisaslarına uyğun iş tapmalarında böyük imkanlar yaradır.

Bir sözlə, hədəfçi olmaq təhsilimizdə öndə getmək deməkdir! Hər birinizə təhsilinizdə müvəffəqiyyətlər arzu edirik!

  Hörmətlə,

Müşfiq XAN, Hədəf Kursları İH-nin üzvü

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx