Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - TQDK 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair materialları dərc edib

TQDK 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair materialları dərc edib

948d86b5b75116c8e0f55772f2cbf93aTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədr Məleykə Abbaszadənin bilavasitə rəhbərliyi ilə 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb. Təhlilin yekunları “Abituriyent” jurnalının ənənəvi – 12-ci sayında dərc edilərək təhsil ictimaiyyətinin istifadəsinə verilir.

Fevralın 11-də «Kempinski Hotel-Badamdar» mehmanxanasında “Abituriyent” jurnalının 12-ci sayının təqdimatı keçirilib.
Tədbirdə TQDK-nın, Təhsil Nazirliyinin, müxtəlif dövlət orqanlarının, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının və KİV-in nümayəndələri iştirak etmişlər.
Komissiya tərəfindən aparılan araşdırmanın tərkib hissələri kimi “Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlili”, “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, Neft-qaz ixtisasları statistikada”, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”, “Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili” və “2012-2014-cü illərdə ümumtəhsil fənləri üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri” adlı kitabçalar nəşr edilib. Bunlarla bərabər, ölkəmizin hər bir rayonunun məzunlarının qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar da hazırlanıb. Bu kitabçalar yaxın vaxtlarda pulsuz olaraq təhsil şöbələrinə paylanacaqdır.
Beləliklə, TQDK tərəfindən ali və orta ixtisas təhsilinin müxtəlif səviyyələrinə, o cümlədən magistratura və rezidentura səviyyələrinə qəbul imtahanlarının, həmçinin ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılmışdır.
Bu təhlil təhsilin müxtəlif pillələrində mövcud vəziyyət haqqında məlumatlar əldə etmək və çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq üçün əvəzsiz mənbədir.

“Abituriyent” jurnalının 12-ci sayında aşağıdakı təhlili materiallar əksini tapıb:

  • Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu
  • Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul
  • Rezidenturaya qəbul
  • Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
  • Buraxılış imtahanları
  • Əlavələr
  • Monitorinq imtahanları
  • Qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlərin fəaliyyəti
  • “Tələbə-məzun ” Dövlət elektron məlumat sistemi
  • “Şagird-məzun” elektron məlumat sistemi və onun ümumtəhsil müəssisələrində    şagirdlərin biliyinin yekun qiymətləndirilməsi prosesində tətbiqi
  • Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi
  • TQDK-nın ictimaiyyətin istifadəsinə verilən nəşrləri
  • TQDK 2014-cü ildə: görülmüş işlərin, tədbirlərin və yeniliklərin xronologiyası
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu
Bu bölmədə tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri – ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilmişdir. Bundan başqa, xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu və bölgələr üzrə 2014-cü il məzunlarının qəbul imtahanlarındakı nəticələri də təqdim olunmuşdur.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul 
Ali təhsilin növbəti səviyyəsinə qəbulun nəticələrinin təhlilinə həsr olunmuş bu bölmədə ərizə qəbulunun aparılması qaydaları, qəbul imtahanının mərhələləri, imtahan fənlərinin tərkibi, ali məktəblər və ixtisaslaşmalar üzrə qəbul planları, daxil olan ərizələrin sayı, müsabiqə vəziyyəti, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazananların sayı haqqında məlumat verilmiş, qəbul proqramları, təhsilalma formaları, dövlət və ödənişli təhsil formaları və ali təhsil müəssisələri üzrə qəbulun nəticələri araşdırılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.

Rezidenturaya qəbul
Bu bölmədə istiqamətlər üzrə imtahan aparılan fənlərin (baza və ixtisas fənləri) təsnifatı, baza ali tibb təhsilinin istiqamətləri üzrə qəbul planı, namizədlərin ərizələrinin paylanması, müsabiqə vəziyyəti, imtahanın ikinci mərhələsinə buraxılanların sayı, ümumilikdə müsabiqədə iştirak etmək hüququ qazanan namizədlərin sayı, namizədlərin imtahanda topladıqları balların paylanma diaqramı, təhsil istiqamətləri üzrə qəbul olanların sayı, elm, təhsil müəssisələri və klinikalar üzrə rezidenturaya qəbul olan namizədlərin sayı və orta bal göstəriciləri, fənlər üzrə elmi-metodiki təhlil və tövsiyələr verilmişdir.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 
Burada ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul planları və ərizələrin sayı, müsabiqə vəziyyəti, imtahanların nəticələrinə dair təhlili materiallar təqdim olunmuşdur. Eyni zamanda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri, həmin imtahanlardan müvəffəqiyyət qazanmış gənclərin sayı, kolleclərin ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslarına qəbul olan abituriyentlərin sayı haqqında məlumatlar təqdim olunmuşdur.

Buraxılış imtahanları 
Bu bölmədə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə tarixləri, imtahanların təşkili ilə əlaqədar görülmüş tədbirlər, orta ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin imtahandakı ümumi və fənlər üzrə ayrılıqda nəticələrinin təhlili, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə buraxılış imtahanı nəticələrinin müqayisəli təhlili və s. statistik məlumatlar verilmişdir.

Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili
Bu bölmədə sahə üzrə mövcud olan beynəlxalq təcrübə, beynəlxalq qiymətləndirmə proqramları, kurikulum, monitorinq imtahanlarında Azərbaycan dili, rus dili və riyaziyyat fənləri üzrə istifadə olunmuş tapşırıqların alt standartlar üzrə nümunələrlə elmi-metodiki təhlili, şagirdlərin monitorinq imtahanlarında fənlər üzrə nəticələri, müvəffəqiy¬yətləri və çətinlikləri, mövcud çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və təkliflər və sair zəruri məlumatlar öz əksini tapmışdır.

Qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlərin fəaliyyəti
İmtahanların təşkili və idarə edilməsi prosesində mühüm rolu olan amillərdən biri zal nəzarətçilərinin işinin səmərəli qurulmasıdır. Çünki zal nəzarətçisi imtahan zalında cavab kartlarının və sual kitabçalarının paylanmasına və yığılmasına görə məsuliyyət daşıyan, imtahan verənlərin imtahanda davranış qaydalarına riayət edib-etməməsinə birbaşa nəzarət edən şəxsdir. Bu bölmədəki materialda həmin prosesə cəlb olunan şəxslərin seçimi, təyinatı, fəaliyyətinin qiymətləndirilməsi, nəzarətçi bazasının formalaşdırılması, zənginləşdirilməsi, habelə qayda pozuntularına yol verilmə halları barədə məlumatlar təqdim olunmuşdur.

“Tələbə-məzun” Dövlət elektron məlumat sistemi
Bu bölmədə təqdim olunmuş materialda tələbə-məzun məlumat bazasından və bu bazaya məlumatların daxil edilməsi, dəyişdirilməsi, təhlükəsizliyinin təmin edilməsi, axtarışların aparılması və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi barədə məlumat verilir, onun yaradılmasından keçən müddət ərzində sistemə daxil edilmiş məlumatların statistikası təqdim olunur.

“Şagird-məzun” elektron məlumat sistemi və onun ümumtəhsil müəssisələrində   şagirdlərin biliyinin yekun qiymətləndirilməsi prosesində tətbiqi

Bu bölmədə sistemə daxil edilməli olan məlumatlar, buraxılış imtahanlarında iştirak etmək hüququ olan və olmayan şəxslər, 2013/2014-cü tədris ilində ölkə üzrə təhsil sənədinin alınması ilə bağlı statistik məlumatlar, məlumat bazasında axtarış aparılması qaydaları və s. zəruri məlumatlar öz əksini tapmışdır.

Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi
Bu başlıq altındakı materialda 2012-ci ildən indiyədək TQDK tərəfindən dərslik və dərs vəsaitlərinin monitorinqi istiqamətində görülmüş işlərdən bəhs olunur. Vurğulanır ki, bu işlərin icrası üçün Komissiyada müvafiq struktur bölmə yaradılmış, bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, dərsliklərin açıq müzakirəsini aparmaq üçün fənlər üzrə elmi-metodiki seminarlar təşkil olunmuş, müzakirələr nəticəsində təsdiq edilmiş meyarlar üzrə yekun rəylər hazırlanaraq, Təhsil nazirliyinin müvafiq şöbəsinə təqdim olunmuş, həmçinin Komissiyanın internet saytında yerləşdirilmişdir. Materialda həmçinin TQDK-nın və Təhsil nazirliyinin birlikdə yaratdığı Təhsil portalının cari və perspektiv fəaliyyətindən bəhs olunur.

TQDK 2014-cü ildə: Görülmüş işlərin, tədbirlərin və yeniliklərin xronologiyası
Bu ənənəvi rubrikada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cari ildəki fəaliyyətinin xronologiyasını təqdim edir. Burada Komissiyanın 2014-cü ildə gördüyü əsas işlər, tədbirlər, əldə etdiyi mühüm nailiyyətlər faktların xronoloji düzümü ilə əks etdirilib.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx