Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - TQDK iyun ayının 2-də və 3-də ilk buraxılış imtahanları keçirəcəkdir

TQDK iyun ayının 2-də və 3-də ilk buraxılış imtahanları keçirəcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir. 

 İlk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində olacaq.

İyunun 2-də saat 11:00-da buraxılış sinifinin XI, iyunun 3-də saat 11:00-da isə IX sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri də imtahan verəcəklər.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini mayın 21-dən etibarən təhsil aldıqları orta məktəbdən əldə edirlər.

 TQDK tərəfindən şagirdlərə pulsuz verilməsi üçün “Yaddaş kitabçası” da təqdim olunmuşdur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

11-ci sinif şagirdləri: 

1. İmtahana buraxılış vərəqəsini

2. şəxsiyyəti təsdiq edən sənədin əslini

a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini

b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

9-cu sinif şagirdləri: 

1. İmtahana buraxılış vərəqəsini

2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnamə)

3. təhsil müəssisəsi tərəfindən verilmiş  və fotoşəkilləri yapışdırılmış  arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkili yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 Məlumat üçün  

İyunun 2-də orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılmışdır.

İmtahan Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqədi rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6,  Suraxanı rayonunda 5,  Xəzər rayonunda 5, Qaradağ rayonunda  4 binada aparılacaqdır.

Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI  sinif şagirdinin (Nərimanov rayonunda 2249, Səbail rayonunda 1340, Yasamal rayonunda 2408, Nəsimi rayonunda 1982, Nizami rayonunda 2384, Binəqədi rayonunda 3112, Sabunçu rayonunda 2439, Xətai rayonunda 3003,  Suraxanı rayonunda 2134, Xəzər rayonunda 1680, Qaradağ rayonunda 1183 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

 İyunun 3-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 68 imtahan mərkəzi ayrılmışdır:

İmtahan Nərimanov rayonunda 6, Səbail rayonunda 4, Yasamal rayonunda 6, Nəsimi rayonunda 5, Nizami rayonunda 5, Binəqədi rayonunda 8, Sabunçu rayonunda  8, Xətai rayonunda 8,  Suraxanı rayonunda 7, Xəzər  rayonunda 6, Qaradağ rayonunda  5 binada aparılacaqdır.

Həmin gün Bakı şəhəri üzrə 34277 nəfər IX  sinif şagirdinin (Nərimanov rayonunda 2640, Səbail rayonunda 1752, Yasamal rayonunda 3147, Nəsimi rayonunda 2701, Nizami rayonunda 2854, Binəqədi rayonunda 4264, Sabunçu rayonunda 4533, Xətai rayonunda 3948,  Suraxanı rayonunda 3246, Xəzər rayonunda 3070, Qaradağ rayonunda 2122 nəfər)  buraxılış imtahanında iştirakı nəzərdə tutulur.   

 Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılmışdır. İyunun 2-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin  rus bölməsi üzrə buraxılış sinfində  təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə  2096 nəfər IX sinif şagirdi imtahan verəcəkdir.

 Buraxılış imtahanının qaydalarına görə: 

 - Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə  keçirilir.  Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

-  Səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul  ayının 8-də buraxılış imtahanı verəcəklər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx