Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - TQDK mayın 27-də cari ildə sonuncu sınaq imtahanı keçirəcəkdir

TQDK mayın 27-də cari ildə sonuncu sınaq imtahanı keçirəcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il mayın 27-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 30 şəhərində sınaq imtahanları keçirəcəkdir.

Cari ildə sonuncu olacaq bu sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Qobustan, Mingəçevir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Goranboy, Yevlax, Şəki, Ağcabədi, Göyçay, Kürdəmir, Zərdab, Ağsu, Fizuli, Beyləqan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Lənkəran, Lerik, Quba, Şabran və Siyəzən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 50 binada keçirilir.

Bu imtahanda iştirak etmək üçün 31188 abituriyent qeydiyyatdan keçmişdir.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!

TQDK tərəfindən artıq uzun illərdir ki, sınaq imtahanlari təşkil olunmaqla abituriyentlərə qəbul imtahanları ərəfəsində öz hazırlıq səviyyələrini yoxlamaq imkanı yaradılır. Son illər isə imtahan arealının genişləndirilməsi, bu imtahanların Respublikanın bütün bölgələrini əhatə etməsi nəticəsində regionlarda yaşayan abituriyentlərin də sınaqlarda rahat iştirakı təmin olunur. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərimizin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac yoxdur.

TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx