“Ümidlərin izi ilə” romanının təqdimatı keçirildi

“Ümidlərin izi ilə” romanının təqdimatı keçirildi

   22 fevralda Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında Xocalı faciəsi qurbanlarının xatirəsinə ithaf edilən “Ümidlərin izi ilə” kriminal-detektiv romanın təqdimat mərasimi keçirildi. Qeyd edək ki, kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq və detektiv yazıçı, “İlin ən yaxşı detektiv romanı” mükafatının qalibi Müşfiq XAN`dır. Təqdimat mərasimində 20-dən çox telekanal və KİV jurnalistləri iştirak etdi.

Tədbiri giriş sözü ilə teleaparıcı Elçin Əlibəyli açdı.  Əvvəlcə “Ümidlərin izi ilə” romanı üçün Teymur Fərzinin hazırladığı videotəqdimat nümayiş etdirildi. Daha sonra kitabın həmmüəlliflərindən Şəmil Sadiq belə bir romanın yazılmasının vacibliyindən danışdı. Əsər haqqında ətraflı məlumat verən həmmüəllif kitabın tezliklə Azərbaycan oxucularının marağına səbəb olacağını vurğuladı. Romanın yazılması zamanı əsir və girovlarla görüşlərdən söz açan Ş.Sadiq kitabın ərsəyə gəlməsində dəstəyi olan bütün təşkilatlara, insanlara və dostlara minnətdarlığını bildirdi.

Tədbirin aparıcı E.Əlibəyli də həmmüəllifin fikirlərinə qatılaraq belə bir romanın bugünkü dövr üçün çox vacib olduğunu qeyd etdi. Özünün də kitabın ilk oxucularından olduğunu deyən Elçin bəy qısa bir zamanda bu romanın Azərbaycan insanının stolüstü kitabına çevriləcəyinə əminliyini vurğuladı.

Daha sonra söz tədbirin digər iştirakçılarına verildi. Qeyd edək ki, kitabın rəssamı Vaqif Ucataydır. Romanın səhifələrində yer alan Xocalı faciəsinə aid rəsmlərin çəkilmə tarixcəsindən danışan rəssam bunların hər birinin şahid ifadələri əsasında yaradıldığını dedi. Müəlliflərə öz təşəkkürünü bildirən V.Ucatay belə bir romanda onun çəkdiyi rəsmlərin də yerləşdirilməsindən qürur hissi keçirdiyini bildirdi. Həmçinin tədbir müddətində rəssamın Xocalı faciəsi ilə bağlı çəkdiyi 69 rəsm əsəri fotoslayd ilə nümayiş etdirildi.

Kitabın redaktorlarından Elxan Nəcəfov və Arif Əsədov da çıxış etdilər. E.Nəcəfov qısa vaxt ərzində əsəri iki dəfə oxuduğunu bildirdi. Belə bir kitabın ilk oxucularından olmaqdan qürur hissi keçirdiyini söylədi. Əsərdəki Qüdrətov, Gülcahan, Qədim kişi və digər obrazlar haqqında ətraflı məlumat verən Elxan Nəcəfov romanı qələmə almaqla müəlliflərin qarşılarına qoyduqları məqsədlərinə çatdıqlarını hesab etdi.

Digər redaktor Arif Əsədov da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında bu romanın mühüm yer tutacağını vurğuladı. O, əsərin canlı şahid ifadələri və arxiv materialları əsasında qələmə alınmasının üstünlüklərindən söz açdı.

Təqdimat mərasimində canlı şahid və müəlliflər tərəfindən əsərdə prototipi yaradılan Qədim kişi də 48 günlük Xocalı əsirliyi həyatından, acı xatirələrdən danışdı. Həmçinin Xocalı İcra hakimiyyətindən dəvət olunan nümayəndələr də belə bir kitabı qələmə alıb geniş ictimaiyyətə təqdim etdiklərinə görə müəlliflərə minnətdarlığını bildirdi.

Tədbirdə yanınmış yazıçı-publisist Aydın Xan Əbilov da çıxış etdi. İki gün müddətində romanı böyük maraqlı oxuduğunu bildirən çıxışçı öz növbəsində yazıçı qələm yoldaşlarına təşəkkürünü bildirdi. Aydın müəllim qeyd etdi ki, 2012-ci ildə – Xocalı faciəsininin 20-ci il dönümündə işıq üzü görən bu kitab vaxt gələcək, 30-40 il sonra vacib bir tarixi roman kimi yenə də oxunacaq.

Daha sonra Millət vəkili, Azərbaycanın Xalq Yazıçısı Aqil Abbas romanla bağlı öz fikirlərini bildirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin rusların 366-cı motoatıcı alayı ilə birləşərək Xocalıda əliyalın əhaliyə qarşı törətdikləri vəhşilikləri bir ziyalı olaraq pisləyən yazıçı Qarabağ, Xocalı mövzusunda daha çox əsərlərin, filmlərin hazırlanmasının vacibliyini bildirdi.

Tədbirin çıxışçılarından olan şair-yazıçı Əkbər Qoşalı da hamı kimi müəlliflərə təşəkkürü bildirərək sözə başladı.  Həm zabit və həm də bir şair, yazıçı, vətən oğlu kimi müəlliflərin məhz Xocalı mövzusuna müraciət etmələrindən qürurlandığını bildirdi.

Detektiv-yazıçı Elxan Elatlı tədbir zamanı nümayiş olunan Xocalı faciəsi mövzusunda olan rəsmlərdən çox təsirləndiyini qeyd edərək qısa danışacağını bildirdi. Müəlliflərə uğurlar arzu edən yazıçı qələmə aldıqları “Ümidlərin izi ilə” romanının tezliklə bütün Azərbaycan oxucuları tərəfindən rəğbətlə qarşılanacağına əmin olduğunu bildirdi.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bu romanın gələcəkdə daha böyük tirajlarla çap olunmasının və müxtəlif dillərə tərcümə edilməsinin vacibliyini vurğuladı. Roman əsasında film çəkilişinin də təqdirəlayiq olduğunu bildirən Esmira xanım da öz növbəsində kitabın işıq üzü görməsində əməyi keçən bütün insanlara öz təşəkkürünü bildirdi.

Tədbirdə qonaqlardan gənc rejissor Rəfiqə Əziz də çıxış etdi. Romanın ilk oxucularından olduğunu deyən Rəfiqə xanım “Ümidlərin izi ilə” romanı əsasında ssenari hazırladığını və qısametrajlı film çəkilməsi üçün rejissor dostlarına təqdim etdiyini bildirdi.

Sonda tədbir iştirakçıları müəlliflərə suallar və təkliflərlə müraciət etdilər. Əsas təkliflər romanın müxtəlif xarici dillərə tərcüməsi, əsasında film çəkilişi və audio versiyasının hazırlanması ilə bağlı oldu.

Tədbirin bağlanması romanın həmmüəllifi – detektiv yazıçı Müşfiq XANın tədbir iştirakçılarının suallarını cavablandırması və əsərin yazıldığı yaxın 9 aylıq keçmişə nəzər salması ilə baş tutdu. Müşfiq XAN bildirdi ki, roman Hədəf Nəşrlərində çap edilmişdir və birinci nəşrindən əlda olunan vəsaitlə Xocalıdan olan məcburi köçkün ailələrinə yardım olunacaqdır. Qısa vaxt ərzində kitabdan artıq Ukrayna və Fransaya göndərildiyini deyən həmmüəllif qarşıdakı günlərdə bu baxımdan daha geniş işlər görəcəklərini xəbər verdi. Romanın xarici dillərə tərcüməsi haqqında düşündüklərini bildirən M.XAN həmçinin, əsər əsasında qısametrajlı filmin çəkilməsinə hazırlıq getdiyini təsdiqlədi.

Sonda bütün qonaqlara təşəkkürlərini bildirən müəlliflər tədbir iştirakçılarını çay süfrəsinə dəvət etdilər.

Hədəf Nəşrlərinin Mətbuat Xidməti

Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır.

H.Cavid

ÜMİDLƏRİN İZİ İLƏ

kriminal-detektiv roman

    1991-ci il… Sentyabr… Tələbəlik…

   Hələ ki dəniz sakit ləpələnir, zəncirini qırmış fırtınalar nəyisə gözləyirdi. Çoxları kimi Ramil də, canı qədər sevdiyi Aytəkin də onları gözləyən bədbəxtlikdən xəbərsiz halda günlər ötüşdükcə bir-birinə daha da bağlanırdılar.

   1992-ci il… Fevral… Xocalı…

Həmin gün fırtınalar daha tərəddüd etmədi. Sanki bu dəfə də tamam başqa bir fitvaya uyub həmişəlik susmaqdan qorxmuşdular.

   2011-ci il… Fevral… Bakı…

   Deyəsən, bütün acılar geridə qalmışdı axı?! Amma yox… İyirmi il müddətində dama-dama yaranan sakitlik gölü yenidən öz təmkinini pozacaqdı. Amma bu dəfə yalnız Ramil üçün. İndi onu da, məxfi şöbənin təcrübəli əməliyyatçısı mayor Qüdrətovu da uzun illərin sakitliyindən sonra yenidən ərşəyə çıxmış təlatümün baxışları altında sirli təhqiqat qarabaqara izləyirdi…

   Qüdrətov son bir neçə ayda apardığı gərgin təhqiqatın nəticəsi olaraq ermənilər tərəfindən Bakıya göndəriləcək gizli casusun izinə düşsə də, bunu hamıdan gizli saxlayır. Onun fikrincə həmin adamın paytaxta gəlməsi, Aytəkinin Xocalıda girov düşməsi və digər qaranlıq mətləblərin bütün açarları iyirmi il əvvəl baş vermiş bu hadisəyə düyünlənmişdi. İndi onun yeganə məqsədi həmin şəxsi aşkara çıxarıb ifşa etməkdir… 

Kitabın birinci nəşrindən əldə olunan vəsaitlə Xocalıdan olan məcburi köçkün ailələrinə yardım olunacaqdır.

  Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım – Xocalı facisədir. İki müəllifin  ürək döyüntüləri ilə yazdığı bu roman iki müxtəlif süjetlə inkişaf etdirilib: Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hislərini, keçirdiyi acı günləri əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları. Məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov  2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurulması üçün  məxfi bir sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstünü açır.