Buradasınız: Ana səhifə - BƏDİİ LÖVHƏ - XX əsrin sonu XXI əsrin əvvələri idi…

XX əsrin sonu XXI əsrin əvvələri idi…

XX əsrin sonu XXI əstin əvvələri idi. O vaxt mən III kursda oxuyurdum. Sinif yoldaşlarımdan birinin toyu olduğu üçün kəndə getmişdim.Kənddə olduğum 3 gün müddətində başıma çox məzəli bir hadisə gəldi. Belə ki, getdiyim günün axşamçağı qapımızdakı taxtadan düzəldilmiş stolda oturmuşdum ki, qonşu uşaqlardan bir neçəsi yanıma gəlib mənimlə salamlaşdılar. Sonra həmin uşaqlardan biri məndən “kefin necədir”sözünün rus dilində tərcüməsini soruşdu. Dedim, ”kak nastroyeniya”, ”sağ ol” deyib getdilər. Bir az orda oturandan sonra evə-həyətimizə keçib, instituta girməmişdən qabaq öz əllərimlə qulluq edib böyütdüyüm meyvə- tənəyə baxmağa getdim. Bir də gördüm balaca qardaşım tövşüyə-tövşüyə məni çağırır. Nə olduğunu soruşanda mənə dedi: – Qaqaş, qadan alım, ”adın nədir” sözünü mənə rusca öyrədərsən? `Dedim niyə öyrətmirəm? “Kak tebe zavut? ” – “Adın nədir? ”- deməkdir. Bir iki dəfə yanımda təkrarlayandan sonra o da getdi. Elə başa düşərsiz mən rus dilini əla bilirəm ha? Yox, elə bir şey yoxdur. Ümümiyyətlə, bizim camaat rus dilini o qədər də yaxşı bilmir. Mən də Bakıya gələndən sonra yüngülvari öyrənmişəm. Sadəcə, yəqin sizə də maraqlı olar ki, görəsən, bu uşaqlar niyə rus dilini belə həvəslə öyrənirlər? Məni maraq götürdü ki, görəsən, bu nə məsələdir? Amma bundan böyüyü var. Qulaq asın görün sonra nələr oldu. Nə isə gecəni yatdım. Səhər yeməyini yeyəndən sonra yaxın qohumlarımıza baş çəkməyə hazırlaşırdım ki, anam dedi:
- Xalangilə gedirsənsə, mən də gedim? Dedim, hə, onlar yaxındır, birinci onlara gedək, sonra əmimgilə gedərəm. (Xalamgil bizdən 3-4 həyət aralıda idi. ) Yolda qonşularımız məni görüb kef-əhval tutur, salamlaşır, üz-gözümdən öpürdülər. Birdən Ballıbadam xala mənə dedi:
-Oğlum, sən oxumuş adamsan, yəqin ki, rus dilini bilirsən. Mənə kef-əhval tutmaq üçün söz öyrədə bilərsən? Mən ona cavab verməyə hazırlaşırdım ki, o biri arvadlar, hətta anam da “bıy, hə yaxşı yadımıza saldın, ay Badam, gərək biz də bir-iki söz öyrənək, Fatmanisədən ayıbdır. ”Artıq məni təəccüb bürüdü. Dedim, bir dayanın, nə desəniz eləyəcəm, amma məni bir şeydən agah edin. Bu nə məsələdir, kənddə hamı rus dilini öyrənməyə çalışır. Bunun səbəbi nədir? Badam xala dedi: Bıy, başına dönüm, xəbərin yoxdu? Rəhmanın qardaşı Həsən nədi? Axı o, Moskvada evlənmişdi. İndi arvadını da, uşaqlarını da kəndə gətirib. Vallah, babalı deyənlərin boynuna, deyirlər uşaq arvadın oğludur. Yanında gətirib. Adı da Əlidi, amma anası Əlyoşa deyir. Qonağdı da neyləyək, deyirik, uşağın kefin soruşaq.
Dedim, Badam xala, bilmirsən indi uşaq hardadır? Dedi: bayaq uşaqlarla arxın yanında idi. Mən anama dedim ki, sən get xalamgilə, mən də gəlirəm.
Nə isə gedib uşağı tapdım. Yanıma çağırıb uşaqla salamlaşandan sonra dedim: Əlyoşa, sən neçə aydır ki, burdasan? Dedi 2 ay olar. Dedim bəs niyə Azərbaycan dilini öyrənmirsən? Dedi, nəyimə lazımdır ki, hamı mənimlə rus dilində danışır da. Vallah, daha nə deyim, uşaq düzünü deyir də. Əvvəl çox əsəbləşmişdim, amma sonra düşündüm ki, yaxşı ki, uşaq kəndə gəlib. Bizim camaat rus dili öyrənir, yoxsa rus dili onların nəyinə lazım idi?

əllif: ŞamilSadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx