Buradasınız: Ana səhifə - Ümumi - Yüz ballıq şagirdlərə təsəlli hekayəsi

Yüz ballıq şagirdlərə təsəlli hekayəsi

Yüz ballıq şagirdlərə təsəlli hekayəsi
Bal problemi
(abituriyentin “şüurüstü” qeydlərindən)
***

Müşfiq XAN

 

“Gəlib” elə bir zəmanədə yaşamalı olmuşuq ki, problemsiz Allah bəndəsinə çox az-az rast gəlirik. Sözsüz ki, bu problemlər öz “həcmlərinə” görə bir-birindən kəskin fərqlənə bilər. Məsələn, anası Qasımın köynəyini yuyub. Onun isə bundan başqa köynəyi yoxdur. Və tərslikdən sabah tezdən bu köynəyi geyinib dərsə getməlidir. Hava rütubətli olduğu üçün köynək qurumaq bilmir ki bilmir! Bu halda Qasım fağırı düşündürən yeganə problem sabah məktəbə köynəksiz necə getməsi məsələsidir. Başqa bir nümunə: Məmmədin problemi daha böyükdür. Yağışdan islanmış şalvarını sobanın yanında qurutmaq ona baha başa gəlib. Xoşbəxtlikdən yaxşı ki, anası vaxtında xəbər tutub. Ev-eşik yanmayıb.Amma Məmmədin şalvarının sağ ayağı yuxarıdan-aşağı, sol ayağı isə aşağıdan-yuxarı elə ütülüb ki, yansaydı ondan min dəfə “abırlı” görünərdi. İndi Məmmədin sabahkı məktəb günü üçün “şalvarsızlıq” problemi azmış kimi anası Məsmə də bir yandan problem çıxarır.

– Ay bala, bu andıra qalmış şalvarı sobanın yanına necə qoymusan ki, yarı yuxarıdan, yarı aşağıdan yanıb?
– Yağış islatdığı hissələri qurudurdum da… – bax bu cavabında Məmməd düşündü ki, anasının problemini həll etdi.
– Ehh… Təkcə ətəkləri ütülsəydi, heç olmasa kəsib yayda dənizə gedəndə geyinərdin…
Deməli, Məmmədin ehtiyatsızlığı birdən-birə iki problem yaratdı.
Qulamhüseynin problemi daha böyükdür. O, sinfə yeni gələn qızın “gözünə girmək” üçün özünün bütün şalvarlarını və köynəklərini çarpayının üstünə düzüb 3 saatdan çoxdur ki, seçim edə bilmir. Halbu ki, Qasıma bir köynək, Məmmədə isə bir şalvar bəxşiş etsə sinif yoldaşlarını problemlərdən xilas edə bilər.

***

“Əjdaha” təfəkkürlü şagirdlərin Qarabağla bağlı “gözəl” bir deyimi var: “Problem Qarabağdır, o da bizlik deyil!”
P.S. Bu fikir sadəcə olaraq “yadıma düşdüyü” üçün yazdım. Amma siz “vaxtınız olanda” bu barədə fikirləşsəniz pis olmaz.
Hə, bizim Azərbaycanımızda oxumuş, tanınmış, rus demişkən “грамотный” adamlar çox olub. Elə ağlımız kəsəndən evdəkilər də bizə başa salıb ki, “a bala oxu adam ol!” İndi mən deməyim, siz danışın… Həqiqətən də məsələ burada qəlizləşir. Lap əməlli-başlı problem yaranır ha! Necə yəni, oxumayanlar adam olmur ki?!
İndi hamı oxuyur, oxuyur, yenə də oxuyur… (bir nəfərin müəlliflik hüquqları demək olar ki, pozuldu) Yəni ki, bu proses çox davam edir. Kimi kitab oxuyur, orta məktəbi bitirib tələbə olur. Sonra yenə oxuyur. Kimi məktəbə getmir dağ-dərədə naxırçılıq edir, amma yenə də öz qoyun-quzularına nəğmə oxumaqdan əl çəkmir. Azərbaycanda intellekt səviyyəsi ən “yüksək” olan şou-biznes əhli isə hətta “çörək pulun” da oxumaqdan çıxarır. Bunların heç birini oxumayanların özləri də ac qalmamaq üçün küçələrdə oturub gəlib-gedənlərə dua oxuyurlar. Yəni ki, oxumaq qaçılmaz “xəstəlikdir”.
Kimisi qohumlarının acığına oxuyur, kimisi qonşuların acığına… Kimisi atasının sözünə görə oxuyur, kimisi anasının xətrinə… Və instituta girmədinsə, ailədə “persona non grata” elan olunursan.

***
Persona non grata (arzuolunmaz şəxs)
“Çıqqılı” bir müqayisə: Ali məktəbə qəbul imtahanında Böyükağa 500 bal toplayıb. Balabəy isə 200 bal. Nəticələr elan olunanda məlum olur ki, Balabəy tələbə oldu. Böyükağa isə ixtisası səhv yazdığına görə “kəsildi”. İndi o, evdəkilərin dansağından canını qurtaracağı günü – oktyabrın 1-i hərbi xidmətə gedəcəyi günü gözləyir. Böyükağa instituta “girə” bilməyəndən sonra atası Şiraslanın “xatirələrinin” üst yazısı:
– Mən bilirdim o gədə “avara olacaq” ! Mən bilirdim məni el-gün içində rüsvayi-cahan edəcək.
P.S. Bu aralar 200 balla instituta “girən” Balabəyin atası Şirbalanın dilində əzbər olan söz isə bu idi: “Mən bilirdim ki, oğlum ən yaxşı instituta qəbul olacaq!”
***
GGG (01.09.2004 – 01.03.2012)
Yazandan sonra tarixə bir daha baxdım. Lap qəribə gəldi!.. Elə bil başdaşına yazılmış doğum və ölüm tarixidir.
P.S. Bəlkə də nə vaxtsa düşünürəm ki, kaş elə belə olaydı…
Məsələ burasındadır ki, həmin tarix “sütül” bir Azərbaycan müəlliminin, yəni ki, mənim pedaqoji stajımdır. Və bəzən “çətin” şagirdlərlə üzləşəndə düşünürəm ki, “kaş mən ümumiyyətlə müəllim olmayaydım… Məni hər yerdə öz adımla – heç bir əlavə müraciət filan olmadan çağıraydılar… Cavan olanda “qaqaş”, bir az yaşlaşandan sonra isə “day-day” deyib müraciət edəydilər… Təki çiyinlərimi belə “ağır yükün” altına verməyəydim…”
Yəqin daha gecdir!.. Və ötən bu illər ərzində mən hələ də “çətin” şagirdlərə özümün ən son “3G” texnologiyamı “öyrədə” bilməmişəm. Hələ də, qəbul etmək istəmirlər ki, birinci il imtahandan kəsilənlərə “Get Gələn il Gələrsən” (GGG və ya 3G) sözləri təsəllidir. Və bu “çətin” şagirdlər də, “bu gün olmasın, sabah olsun!” prinsipi ilə özlərini əziyyətə salmaq istəmirlər. Yəni ki, onlar üçün “bu günün işini sabaha qoymazlar!” aforizmi ən dözülməz sözlərdir…
P.S. “3G texnologiyası”nı öz məqsədləri naminə dəyişən “meqa-çətin” şagirdlər də tapılır. Onlar üçün bu “3G” – “Get, Get, Gözəlim!..” kimi, yəni daha təsəlliedici səslənir…
Bal problemi
Sınaq imtahanlarında birinci dəfə çox zəif nəticə göstərən şagirdin növbəti dəfə “balı” birdən-birə kəlləçarxa qalxır. Bu hadisədən 100% belə nəticə çıxır ki, “adam” (yəni ki, “çətin şagird”) ağzının dadını qaçıraraq “pesok” bala üstünlük verib, yəni ki, kimdənsə köçürüb… Bu “pesok” balı da sözsüz ki, onun “xəstəliyini” (qəbul imtahanı) qətiyyən “müalicə” edə bilməyəcək. Odur ki, az olsa da, “xalis baldan” istifadə etməyi tövsiyyə edirəm. Özünüzü düşünmürsüzsə də, heç olmazsa, “arıların” zəhmətinə qiymət verin!.. Axı, onların “günahı” yoxdur…
“Yüz ballıq şagirdlərə təsəlli” üçün son söz deməyə dilim gəlmədiyi üçün susmaq haqqımdan istifadə edirəm. Deyirlər, bəzən susmaq ən yaxşı təsəllidir. Yəni ki, mən də susaraq sizin “dərdinizə” şərik oluram…
P.S. Praktika göstərdi ki, yüz ballıq şagirdlərə nəinki mənim susmağımın, hətta on iki ballıq zəlzələnin də bir o qədər ciddi əhəmiyyəti olmadı…


Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx