Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

XIII Fənlərin Dostluğu Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

Dek 23, 2023
XIII Fənlərin Dostluğu Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

Dekabrın 22-də Hədəf Globalın təşkilatçılığı ilə XIII Fənlərin Dostluğu Olimpiadasının (FDO – 13) bağlanış və mükafatlandırma mərasimi baş tutub.

hedef.edu.az xəbər verir ki, bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Ardınca bir dəqiqəlik sükutla Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz yad edilib.

Giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, FDO-nun layihə rəhbəri Şəmil Sadiq Fənlərin Dostluğu Olimpiadasının 13 il əvvəl yaranmasından, olimpiada suallarının hazırlanmasında inteqrasiyanın mahiyyətindən, eyni zamanda bunun dünya azərbaycanlılarının birliyinə istinad etdiyindən, bu vaxta qədər qalib olmuş FDO qaliblərinin istər ölkə daxilində, istər ölkə xaricində ciddi uğurlar qazandığından danışıb. Üstəlik Türk İnteqrasiya Olimpiadasının (TİO) may ayında baş tutacağı xəbərini də şagirdlərə verib.

Ardınca baş direktorun elm və təhsil üzrə müavini Nizami Hüseynov lahiyənin məqsədindən, loqonu təşkil edən elementlərin mənasından bəhs edib, eyni zamanda 5 olimpiada sualını və 12 il ərzində qalib olmuş şagirdlərin adlarını qonaqlar üçün bir daha təkrarlayıb.

Tədbirdə Tələbə Təhsil Krediti Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimov, Bakı Dövlət Universitetinin müəllimi, professor Namiq Şıxəliyev, filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhməd, iqtisadçı Qulu İbrahimli, Mingəçevir 7 saylı məktəbin direktoru Anar İsmayılov iştirak ediblər. Təhsil sahəsindəki xidmətlərindən dolayı qonaqlara “Hədəf – 15” döş nişanı hədiyyə edilib.

Görüş çıxışlar və qaliblərin mükafatlandırılma mərasimi ilə davam edib.

Qeyd edək ki, Fənlərin Dostluğu Olimpiadasında Bakı şəhəri və bölgələrimizdən II – X siniflər üzrə 200-dən çox şagird iştirak edib. Hər sinif üzrə 3 nəfər olmaqla 27 qalib müəyyənləşib. Qaliblərə medal, sertifikat və “XAN Nəşriyyatı”na məxsus kitablar hədiyyə edilib. Eyni zamanda bütün siniflər üzrə ən yüksək nəticə göstərən ilk 6 nəfər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Bütün siniflər üzrə ən yüksək nəticəni isə Yasamal rayon 133 saylı məktəbin II sinif şagirdi İşılay Ağasoy (88,125 %) göstərib.

Xatırladaq ki, XIII Fənlərin Dostluğu Olimpiadasının təsisçisi “Hədəf Nəşrləri”, təşkilatçısı Hədəf Global, dəstəkçiləri Sınaq İmtahan Mərkəzi, “XAN Nəşriyyatı”, EduHek, SinKod, Robotzade və “Kitabevim.az” mağazası, informasiya tərəfdaşları isə “Senet.az” portalı və “Ustad” dərgisidir.