Сакин Кочаев/ Бакиханов 13a Наш адрес
09:00 - 18:00 Рабочие часы

Hədəf Kursları Nizami filialında şəhid müəllim Qoşqar Ömərovun anım mərasimi keçirildi.

Фев 09, 2023
Hədəf Kursları Nizami filialında şəhid müəllim Qoşqar Ömərovun anım mərasimi keçirildi.

Hədəf Kursları Nizami filialında şəhid müəllim Qoşqar Ömərovun anım mərasimi keçirildi.

2023-cü il fevralın 9-da Hədəf Kursları Nizami filialında 44 günlük Vətən müharibəsinin şəhidi, riyaziyyat müəllimi Ömərov Qoşqar Səxavət oğlunun anım mərasimi keçirilmişdir. Tədbirdə Hədəf Şirkətlər Qrupunun baş direktor müavini Elvin Əliyev, şəhidimizin atası Səxavət Ömərov, filial müdirləri, şəhidimizin döyüş və peşə yoldaşları, həmçinin müəllimlər və şagirdlər də iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Hədəf Kursları Nizami filialının müdiri Kamil Orucov qonaqları salamlayaraq Qoşqar müəllimin əziz xatirəsinin hər zaman onu tanıyan insanların və bütün Azərbaycan xalqının qəlbində daim yaşayacağına əminliyini ifadə etdi. Şəhidimizlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Daha sonra söz alan Hədəf Şirkətlər Qrupunun baş direktor müavini Elvin Əliyev həm Qoşqar müəllimlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, həm də şirkətimizin 44 günlük Vətən müharibəsi dönəmində cəbhəyə yardım kampaniyalarının fəal təşkilatçısı olduğunu qonaqların diqqətinə çatdırdı. Söz alan şəhidimizin döyüş yoldaşı, Nizami filialının Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfüqar Novruzov şəhidimizlə birgə keçdiyi döyüş yolu haqqında qonaqlara məlumat verdi. Qoşqar müəllimin nə qədər cəsur və qorxmaz bir əsgər olduğunu, vətəni uğrunda bir an belə tərəddüd etmədən canından keçdiyini dilə gətirən Zülfüqar müəllim şəhidimizin bu mənada ən ülvi sözlərə layiq olduğunu bildirdi. Tədbirdə iştirak edən şagirdlərdən şəhidimizin öz şagirdi Sevinc Hacıyeva söz alaraq Qoşqar müəllimin qəhrəman bir əsgər olması ilə yanaşı, həm də şagirdlərini sevən və daim onların uğurlarına sevinən, şagirdlərinin gələcəyini və inkişafını özünə dərd edən bir müəllim olduğundan söhbət açdı.
Sonda söz alan şəhidimizin atası Səxavət müəllim anım mərasiminin təşkil olunmasına görə Hədəf şirkətlər qrupunun rəhbərliyi və heyətinə təşəkkür etdi və bir valideyn kimi Qoşqar müəllimlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbir daha sonra Nizami filialının şagird və müəllimlərinin ifasında ədəbi-bədii hissə ilə davam etdirildi.