Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Bölmə deyil, model! İki dil, bir elm!

Apr 15, 2025
Bölmə deyil, model! İki dil, bir elm!

Azərbaycan təhsilində uzun illərdir ki, bölmə anlayışı dominant düşüncə forması kimi mövcuddur: Azərbaycan bölməsi, rus bölməsi, ingilis bölməsi və s. Əslində isə bu yanaşma çağdaş dünya təhsilinə ziddir. Müasir təhsil sistemlərində “bölmə” yox, “təhsil modeli” anlayışı əsas götürülür. Bu fərq sadəcə söz oyunu deyil, fəlsəfə fərqidir.
Dünya təcrübəsində məktəblər əsasən iki istiqamətdə fəaliyyət göstərir:
• Yerli dövlətin kurikulumu ilə çalışan məktəblər
• Beynəlxalq təhsil proqramları ilə tədris aparan məktəblər
Burada əsas ayırıcı xətt tədris dili yox, təhsil modelinin özü və onun tətbiq üsuludur. Bizdə isə hələ də rus bölməsi, ingilis bölməsi anlayışları ilə yaşayan bir sistem var. Reallıqda isə bu bölmələrdə sadəcə Azərbaycan kurikulumu başqa dildə tədris olunur. Yəni, eyni kitab, eyni yanaşma – sadəcə fərqli dil. Bu isə nə beynəlxalq proqramdır, nə də müasir pedaqoji model.
Maraq doğuran budur ki, Rusiya bu qədər geniş coğrafiyada nüfuza və dilə sahib olmasına baxmayaraq, hələ də dünya miqyasında tanınan beynəlxalq təhsil proqramı ortaya qoya bilməyib. Halbuki rus dilində danışan azı 15 ölkə mövcuddur. Bu, Rusiya üçün həm bir imkan idi, həm də bir məsuliyyət idi. Lakin bunu bacarmadılar.
Təəssüf ki, Türkiyə də eyni yolu gedir – hər ölkədə “türk məktəbi” açır, amma vahid və beynəlxalq miqyasda tanınan bir təhsil proqramı təqdim edə bilmir. Əslində isə bu ölkələrin etməli olduğu beynəlxalq standartlara uyğun, çevik və açıq bir model qurmaqdır, yoxsa sırf dilə əsaslanan bölmələr yaratmaq deyil.

Bəs biz nə etməliyik?
Hədəf STEAM Liseyi olaraq bu məsələlər üzərində uzun müddətdir düşünürük. Yeni filialımızda artıq “bölmə” anlayışını deyil, “beynəlxalq yanaşmalı, bilingual (ikidilli) təhsil modelini” tətbiq edəcəyik.
Burada “bilingual” (ikidilli təhsil) sadəcə iki dili öyrətmək demək deyil – dilin tədrisin vasitəsi kimi istifadə olunmasıdır. Yəni, şagird həm məzmun (content), həm də dil bacarığı (language skills) baxımından inkişaf etdirilir. Bu modelə təhsildə CLIL (Content and Language Integrated Learning) yanaşması da deyilir. Yəni “iki dil, bir elm!”
Yeni dövr – Yeni model: Hədəf STARS Campus!
Hədəf STARS Campus yeni təhsil fəlsəfəsinin daşıyıcısı olacaq. Burada:
• “Azərbaycan bölməsi”, “rus bölməsi”, “ingilis bölməsi” olmayacaq,
• Əvəzində vahid, inteqrativ və beynəlxalq yanaşmalı ikidilli təhsil modeli tətbiq ediləcək,
• Tədris həm Azərbaycan, həm də beynəlxalq kontekstdə məzmun əsaslı olacaq,
• Şagirdlər yalnız dil deyil, dünya ilə rəqabətə hazır düşüncə tərzi qazanacaq.
Bizə ilham verən proqramlar:
1. Cambridge International (CIE) – İngiltərə
2. Edexcel (Pearson Edexcel) – İngiltərə
3. Advanced Placement (AP) – ABŞ
4. American Curriculum – ABŞ
5. French Baccalaureate – Fransa
6. German Abitur – Almaniya
7. Ontario Secondary School Diploma (OSSD) – Kanada
8. Austrian / Swiss Matura – Avstriya və İsveçrə
9. IPC / IMYC – beynəlxalq ibtidai və orta məktəb proqramları
10. IB (International Baccalaureate) – İsveçrə
Bu proqramların hər birində ortaq bir məqam var: təhsil modeli bölməyə deyil, düşüncə sisteminə əsaslanır.
Biz də bu konseptini əsas tutaraq “Hədəf Bilingual Təhsil Modeli”ni tətbiq edirik.
Bölməyə yox, modelə inanırıq.
İki dil, bir elm!