Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Fənlərin Dostluğu Olimpiadası

Okt 21, 2024
Fənlərin Dostluğu Olimpiadası

Fənlərin Dostluğu Olimpiadası

Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir, bütün fənn kurikulumlarında inteqrativ yanaşma əsas təşkil edir. Bu yanaşmanın təbliğini şagirdlər arasında genişləndirmək məqsədilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Fənlərin Dostluğu Olimpidasını (FDO) təsis etdik.

Məqsəd
Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi: iştirakçıların intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, bacarıqlı və istedadlı məktəblilərə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək, ümumtəhsil məktəblərində təhsil alan uşaqlarda yaradıcılıq qabiliyyətini, mədəniyyətini üzə çıxarmaq, məktəblilərdə tədris fənlərinin öyrədilməsində analitik düşüncə tərzini aşılamaqdan ibarətdir.

Məzmunu
Fənlərin Dostluğu Olimpiadasında suallar inteqrativ formada hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. 2 fənli, 3 fənli, 4 fənli və 5 fənli olmaqla tərtib edilən suallar çətinlik dərəcəsinə görə qiymətləndiriləcək.

8 dekabr 2024-cü il tarixində baş tutacaq Fənlərin Dostluğu Olimpiadasının builki buraxılışı Bakı, Naxçıvan, Sumqayıt və Xırdalan şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin II – X sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

 Olimpiadaya hazırlaşanlar üçün əsas vəsait Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 5-9-cu siniflər üçün Azərbaycan dili, ədəbiyyat, ingilis dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix dərslikləri və məktəb kurikulumlarıdır. Sual nümunələri ilə tio.edu.az saytından tanış ola bilərsiniz.

Olimpiadanın təşkilatçısı Hədəf Nəşrləri, dəstəkçiləri Sınaq İmtahan Mərkəzi, Medika Hospital, EduHek, SinKod, Hədəf Global, Robotzade və “Kitabevim.az” mağazası, “Senet.az” portalı və “Ustad” dərgisidir.