“Future of Learning” Forumu: Təhsildə Yenilik və Beynəlxalq Təcrübə Mübadiləsi
21 iyun 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində “Future of Learning” forumu uğurla baş tutdu. Forum Azərbaycan Dillər Universiteti, Hədəf Liseyi – STARS Campus-u, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, Hi Languages, e-School və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə keçirildi.
Forumda 350-dən çox iştirakçı yer aldı. Təhsil sahəsində baş verən qlobal dəyişikliklər fonunda təşkil olunan bu tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platforma rolunu oynadı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Himnimizin musiqisini Hədəf Liseyinin balabilgəsi İnci Sadıqzadə ifa etdi. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və EDUCO Qrupun rəhbəri Ercüment Özayan salamlama nitqi ilə çıxış etdilər.
Forumun əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək vermək idi. İkidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş təcrübə mübadiləsi aparıldı.
Forumun əsas hədəf auditoriyası ingilis dilində dərs deyən müəllimlər olsa da, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər də fəal iştirak etdilər.
Forum çərçivəsində çıxış edən spikerlər arasında təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Francesco Banchini , Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov Ed.M., Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, Hədəf Stars Campus-un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, Azərbaycan Dillər Universitetinin baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə və IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer aldı.
Forum zamanı “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition” və “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” kimi aktual mövzularda təqdimatlar dinlənildi.
Forum çərçivəsində təlim və təqdimatlar ingilis dilində aparılmış.
Forum çərçivəsində dəyərli spikerlərin və iştirakçıların adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olundu. Bu mənəvi təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olundu və onlara Qarabağla bağlı xatirə kitabı hədiyyə edildi.
Forum iştirakçılarına Hədəf Nəşrləri və Sinkod tərəfindən ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olundu. Bununla yanaşı, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, həmçinin Qazaxıstan və Qırğızıstandan onlayn formada qoşulan pedaqoji heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə forumun onlayn iştirak imkanı onlara hədiyyə olaraq təqdim edildi. Bu təşəbbüs, təhsildə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və bu təcrübələri praktikada tətbiq etmək istəyənlər üçün mühüm bir platforma oldu.