Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Kurslarının 15 illik yubileyi və Novruz bayramı münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.
Tədbirdə Hədəf Kurslarının həmtəsisçiləri Şəmil Sadiq və Vüqar Tarquliyev, Hədəf Şirkətlər Qrupunun direktor müavinləri Emin Sadıqov və Elvin Əliyev, Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsafa və digər qonaqlar iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Hədəf Şirkətlər qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq açmışdır. Ş. Sadiq 15 il əvvəlki həyəcanları, Hədəf Kurslarının qurulmasındakı ilk addımları, kursun keçdiyi inkişaf yolu və bu günü haqqında ətraflı məlumat vermişdir. Direktorun sözlərinə görə, bu 15 il ərzində Hədəf Kurslarından 1000-dən çox müəllimin, 10 mindən çox şagirdin yolu keçmişdir. Hədəf Kurslarının məzunları arasında 5 nəfər 700 bal toplayan, 10-larla prezident təqaüdçüsü və respublika birincisi, 100-lərlə 650 baldan çox toplayan şagird olmuşdur. Bu gün Hədəf Kursları məzunları ölkənin qabaqcıl müəssisələrində eyni zamanda Hədəf Şirkətlər Qrupuna daxil olan qurumlarda çalışırlar.
Tədbirdə çıxış edən Hədəf kursları MMC-nin həmtəsisçisi Vüqar Tarquliyev bu xoş mənzərədən məmnunluğunu dilə gətirib, kurs əməkdaşlarını həm 15 illik yubiley, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Hədəf Kurslarının bütün əməkdaşlarına sarsılmaz iradə və fədakar işlərində uğur arzu etdi.
Daha sonra kursun əməkdaşlarının uğurlu fəaliyyətinə görə təltifetmə mərasimi baş tutdu. Hədəf Kursları çalışanları “Metodist müəllim”, “Pedaqoq”, “Müəllimlərin müəllimi” nominasiyaları üzrə diplom, “Sosial müəllim”, “İntizamlı müəllim”, “Fədakar Hədəfçi”, “Pozitiv müəllim”, “Yaradıcı müəllim” nominasiyaları üzrə təşəkkürnamə və Hədəf Şirkətlər Qrupunun ən mötəbər nominasiyası olan “Hədəf” döş nişanı ilə təltif edildilər.
Tədbir musiqiçilərin ifaları və rəqslərlə davam etdi.