Hədəf Şirkətlər Qrupunda müəllimlərin sertifikasiya imtahanı uğurla keçirildi!
6 aprel 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupu tərəfindən 2024/2025-ci tədris ili üzrə Peşəkar Kvalifikasiya və Pedaqoji Dəyişikliklərə əsaslanan Sertifikasiya (PKPD) imtahanı uğurla təşkil olundu. İmtahan Hədəf Şirkətlər Qrupunda çalışan müəllimlərin bilik və bacarıqlarının ölçülməsi, eləcə də peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyırdı.
İmtahanda Hədəf Kursları və Hədəf STEAM Liseyinin pedaqoji heyəti iştirak etdi. Sertifikasiya prosesi həm Azərbaycan, həm də rus bölmələri üzrə aparıldı. Ümumilikdə 26 fənn üzrə – 16 Azərbaycan və 10 rus bölməsi üzrə – suallar təqdim olundu.
İmtahan sualları iki əsas istiqaməti əhatə etdi: fənn bilikləri və metodika. Bununla yanaşı, müəllimlərə Hədəf konsepti üzrə də suallar təqdim olundu. Bu yanaşma, Hədəfin təhsil müəssisələrində tətbiq edilən tədris modelinə müəllimlərin nə dərəcədə inteqrasiya olunduğunu qiymətləndirməyə xidmət etdi. Suallar Sınaq İmtahanı Mərkəzi tərəfindən peşəkar şəkildə hazırlanaraq iştirakçılara təqdim olundu.
Hədəf Şirkətlər Qrupu təhsilin keyfiyyətini artırmaq, pedaqoji kadrların peşəkar inkişafını təmin etmək və təhsil sistemində innovativ yanaşmaları təşviq etmək məqsədilə bu cür qiymətləndirmə və inkişaf tədbirlərini davamlı şəkildə həyata keçirməyi qarşısına məqsəd qoymuşdur.
Gələcək dövrlərdə də sertifikasiya imtahanları, diaqnostik qiymətləndirmələr və peşəkar inkişaf təlimlərinin keçirilməsi nəzərdə tutulur. Hədəf Şirkətlər Qrupu olaraq inanırıq ki, güclü təhsil – güclü müəllimlə başlayır.