Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Millət vəkili Mehriban Vəliyeva “Hədəf STARS Campus”da “Təhsildə dəyərlər” mövzusunda çıxış edib.

Apr 10, 2026
Millət vəkili Mehriban Vəliyeva “Hədəf STARS Campus”da “Təhsildə dəyərlər” mövzusunda çıxış edib.

Aprelin 9-da Milli Məclisin deputatı, parlamentin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Hədəf STARS Campus”un qonağı olub.

Görüş zamanı Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, yazıçı-publisist Şəmil Sadiq liseyin fəaliyyəti, tətbiq olunan müasir təhsil modelləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, Hədəf Liseylərində şagirdlərin tənqidi düşünmə bacarıqlarının inkişafı, innovativ yanaşmaların tətbiqi və milli-mənəvi dəyərlərə əsaslanan təhsil mühitinin formalaşdırılması əsas prioritetlərdən biridir. Şəmil Sadiq həmçinin STEAM yanaşmasının tədrisdə geniş tətbiq olunduğunu, şagirdlərin praktiki bilik və bacarıqlarının inkişafı üçün müxtəlif laboratoriya və layihə əsaslı fəaliyyətlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra qonağa liseydə fəaliyyət göstərən Kamil İnteraktiv Elm Muzeyi, “Turan çadırı” və Hədəf STARS STEAM Mərkəzi, fənn laboratoriyaları, yaradıcılıq emalatxanaları təqdim olunub, burada şagirdlərin elmi-texnoloji yaradıcılığını və milli-mədəni irsi bir araya gətirən layihələr barədə məlumat verilib.

Liseyin müəllimləri ilə səmimi görüş keçirən millət vəkili Mehriban Vəliyeva onlara “Təhsildə dəyərlər” mövzusunda təlim keçib. O bildirib ki, müasir dövrdə təhsil yalnız bilik ötürməkdən ibarət deyil, eyni zamanda şagirdlərdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və sağlam vətəndaş mövqeyinin formalaşdırılmasını da əhatə etməlidir. Deputat müəllimlərin bu prosesdə xüsusi rol oynadığını vurğulayaraq onların cəmiyyətin mənəvi inkişafında mühüm missiya daşıdıqlarını qeyd edib.

Mehriban Vəliyeva ölkədə ardıcıl olaraq həyata keçirilən təhsil islahatları barədə də müəllimlərə məlumat verib və yaxın günlərdə Hədəf STEAM Liseyində Hüseyn Cavidin “İblis” əsəri əsasında açıq dərs keçəcəyini,  öz təcrübəsini liseyin bir qrup müəllimi ilə bölüşmək istiqamətində təlimlər təşkil edəcəyini bildirib.

Sonda qonağa miniatür kitab dəsti hədiyyə olunub.