11 may 2024-cü il tarixində Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq”yarışının bağlanış və mükafatlandırma mərasimi keçirildi.
Mərasimdə şəhid müəllim Qoşqar Ömərovun həyat və fəaliyyəti, 44 günlük müharibədə göstərdiyi igidlik və rəşadət tamaşaçıların diqqətinə çatdırıldı. Şəhid Qoşqar Ömərovun xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olundu. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Hədəf Kurslarının qurucu-direktoru Şəmil Sadiqə söz verildi. Şəmil Sadiq də Qoşqar müəllim haqqında xatirələrini bölüşəndən sonra onun xatirəsinin əbədiləşdirmək üçün hər il təşkil olunan “Qoşqar – Riyaziyyat və Məntiq” yarışı haqqında məlumat verdi.
Sonra bu yarışın keçirilməsində öz dəstəyini əsirgəməyən Naxçıvan MR Təhsil Nazirliyinə təşəkkür edərək Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşına söz verdi.
Bu layihə haqqında məlumat vermək üçün “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının Təşkilat Komitəsinin sədri dosent Elvin Əliyev kürsüyə dəvət olundu.
Yarışın əsasnaməsinə uyğun olaraq hər sinif üzrə ilk 5 yerin qalibləri diplom, Fəxri Fərman, medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Mükafatlandırma mərasimində qalib şagirdlərin valideynləri, Vətən müharibəsi iştirakçılarının ailələri, təhsil işçiləri qonaq qismində iştirak etdilər.
Sonda xatirə şəkli çəkdirildi.