Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

Şəmil Sadiq Kuala Lumpurdə keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisində iştirak edib

Sen 20, 2025
Şəmil Sadiq Kuala Lumpurdə keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisində iştirak edib

Şəmil Sadiq Kuala Lumpurdə keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisində iştirak edib

17–19 sentyabr tarixlərində Kuala Lumpur Konqres Mərkəzində keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisi bu il də “AI Cities: Shaping Our Digital Future” (“Süni intellekt şəhərləri: Rəqəmsal gələcəyimizi formalaşdırmaq”) şüarı ilə dünyanın müxtəlif ölkələrindən texnologiya mütəxəssislərini, startapları, dövlət nümayəndələrini və investorları bir araya gətirdi. Tədbirdə Hədəf Şirkətlər Qrupunu təmsil edən təhsil texnoloqu və iş adamı Şəmil Sadiq də iştirak edərək təqdim olunan yeniliklərlə tanış olub.

Qeyd edək ki, “Smart City Expo Kuala Lumpur” Barselonada keçirilən beynəlxalq “Smart City Expo World Congress” platformasının Asiya versiyası sayılır və regionda şəhərsalma, dayanıqlılıq, rəqəmsal transformasiya və süni intellekt tətbiqlərinə dair ən nüfuzlu tədbirlərdən biridir. Bu il sərgidə:

  • Tesla, Huawei, Western Robot, Malaysia Digital Economy Corporation (MDEC), ASEAN Smart City Network kimi tanınmış şirkətlər stendlərlə çıxış etdilər;
  • Startap zonasında gənc ixtiraçılar və innovativ layihələr nümayiş etdirildi;
  • “Live Theatre” səhnəsində süni intellektin şəhər idarəçiliyində rolu, robot texnologiyaları, yaşıl enerji və “ağıllı nəqliyyat” mövzularında müzakirələr aparıldı.

Sərgidə ziyarətçilərin diqqətini ən çox cəlb edən ekspozisiyalar arasında müxtəlif növ robotlar yer aldı:

  • Tesla Optimus humanoid robotu,
  • Western Robot şirkətinin ikiayaqlı servisiya robotları,
  • Neft və qaz kəmərlərini yoxlaya bilən robot itlər,
  • Həmçinin “Sophia” kimi insana bənzər humanoid robotlar interaktiv təqdimatlar nümayiş etdirdilər.

Robotların sərgi iştirakçıları ilə foto çəkdirməsi, suallara cavab verməsi və bəzi hallarda səhnədə çıxış etməsi tədbirə rəng qatdı.

Şəmil Sadiq sərgidə həm innovativ texnologiyalarla yaxından tanış olub, həm də onların təhsil sahəsində tətbiqi ilə bağlı müzakirələr aparıb. O, xüsusilə süni intellektin məktəb idarəetməsi, dərs prosesinin avtomatlaşdırılması və şagirdlərin yaradıcı bacarıqlarının inkişafında rolu barədə maraqlı fikir mübadilələri aparıb.

Bu cür beynəlxalq tədbirlər təhsil liderləri üçün yeni texnologiyaları öyrənmək, beynəlxalq şəbəkələr qurmaq və Azərbaycanda tətbiq edilə biləcək innovativ həlləri araşdırmaq baxımından mühüm platforma hesab olunur.